28 İyun 2016 17:53
24 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət idi məzar daşı düzəldilən emalatxanadan reportaj hazırlamaq istəyirdim. Hansı emalatxanaya gedirdimsə, ya aqressiv qarşılayırdılar, ya da məzar daşlarının qiymətini və necə düzəldildiyini deyə bilməyəcəklərini qabaqcadan söyləyib danışmaqdan boyun qaçırırdılar. Nəhayət, Xırdalanda “Abidə” adlı emalatxananın sahibi reportaja razılıq verdi.

Emalatxananın yerində müxtəlif məzar daşları vardı. Divarlara məzar daşına həkk edilən şeirlər yazılmışdı. İlk qarşılaşdığım yazı belə idi:

Baş əyin, atadır burada yatan,
Onun məhəbbəti əzizdir hər an.
Təsəlli tapırıq məzar daşından,
Mehriban ataya övladlarından.

“Mərhumun yaxınları günahı bizdə görürlər”

“Abidə”nin sahibi Elman Baxşıyev deyir ki, 20 ilə yaxındır bu sənətlə məşğuldur: “Ali təhsil almamışam. Ancaq daş üzərində nələrsə çəkməyə uşaq vaxtından həvəs göstərmişəm. 18 yaşımdan müəllim yanına gedib bu işi öyrəndim. 20 ildir emalatxana bu işlə məşğulam. Azərbaycanın müxtəlif bölgələrindən məzar daşına görə müraciət edirlər. Kəndlərdə adi daş sifariş edənlər daha çoxdur. Kənd camaatının imkanı aşağıdır. Hər müştəri çalışır, öz imkanına uyğun məzar daşı sifariş versin. Təbii ki, rəhmətə gedən insanın xatirəsini əbədiləşdirmək üçün daha yaxşı məzar daşı istəyirlər”.

Həmsöhbətimin sözlərinə görə, düzəltdiyi məzar daşlarının sayı-hesabı yoxdur: “Məzar daşına şəkil döymək çox vaxt aparır, çətin prosesdir. Bəzən daşa çəkilən şəkil rəhmətliyə oxşamır. Texnologiya əsri olsa da, vəfat edən insanın normal şəkili tapılmır ki, versinlər, rəssam onu layiqli işləsin. Səliqəsiz bir şəkil tapıb verirlər, məzar daşına köçürəndə də oxşamır. Mərhumun yaxınları günahını bizdə görürlər. Nə edək? Ölü yiyəsini narazı sala bilmərik ki... Şəkli daşdan silib təzədən çəkirik”.

Məzar daşı hazırlanarkən əvvəlcə şəkil böyüdülür. Altına qara kağız qoyularaq daşın üzərinə iz salınır. Sonra həmin izlər tabaşirlə ağardılır.

8-9 minə manatlıq məzar daşları

Emalatxanada bir şəkili döymək 80-90 manata başa gəlir. Elman Baxşıyev deyir ki, məzar daşının da qiymətləri fərqlidir: “Şəkilləri daş üzərinə döymək müxtəlif müddətə vaxt aparır. Elə şəkil var, 1 həftəyə, eləsi var 2-3 aya daşa döyülür. Məzar daşı üzərinə yazı yazmaq da asan deyil. Ad-soyad yazmaq 30-40 manata başa gəlir.

Daşlar yerli də olur, xaricidən də gətirilir. Yerli daşların keyfiyyəti o qədər də yaxşı deyil. Uzağı 1000 manatadır. Xaricidən gələnlər isə 2000 manatacandır. Hərdən müştəri ilə problem yaşayırıq. Daşların hamısı eyni olmur. Ukraynadan gətirilən daşlar döyüləndə tam ağarmır. Bəzən müştərilər buna dodaq büzürlər. İnsanların 50 faizi yerli, 50 faizi xarici məzar daşlarına üstünlük verirlər. 8-9 min manata başa gələn məzar daşları da olur ki, onu çox nadir hallarda sifariş edirlər. Adi məzar daşlarının qiyməti 300 manatdan başlayır”.

“Gərək daşı elə düzəldəm ki, adıma layiq olsun”

Elman Baxışıyev deyir ki, gördüyü iş çətin olsa da, həvəslə işləyir: “Həmişə düşünürəm ki, emalatxanaya gələn hər kəs mənim gördüyüm işi barmaqla göstərməldir. Onun üçün işimi maraqla, həvəslə yerinə yetirirəm. Elə məzar daşı olur, üzərində 4 ay çalışıram. İşə başlayanda həmişə özümə ilk sözüm o olur ki, gərək daşı elə düzəldəm, adıma layiq olsun. Məzar daşlarına həkk etdiyim bütün əl işlərim mənim üçün maraqlıdır”.

Bir məzar daşının hazırlanmasına 10 nəfərin əmək sərf elədiyini bildirən emalatxana sahibi əlavə edir ki, hər adamın öz işi var: “Daşların çəkisi 200 kiloqramdan 1 tona kimi olur. İlk əvvəl daş yonulur, üzlük vurulur, rəssam işini bitirir, sonda yazılar yazılır. Bundan başqa, daşın müştəriyə çatdırılması işini görənlər də var”.

Azərbaycanlılar məzar daşlarının hündür olmasını istəyirlər. Həmsöhbətim deyir ki, insanların borca girib qranitdən məzar daşı düzəltdirməsindənsə adi daşa üstünlük verə bilərlər: “Çox vaxt daşlara həkk edilən şeirləri özümüz yazırıq. Yalnız Kəlbəcər, Laçın camaatı bizdən şeir istəmir, həmişə özləri yazıb gətirirlər.

Bəziləri isə şablon yazı istəyirlər. Bizim millətin toyu, yası şablondur deyə məzar daşındakı sözlər də elə olur. Elələri də var, məzar daşının formasını qeyri-adi istəyir, onu da düzəldirik. Əsas müştərinin razı qalmasıdır”.

Elman Baxşıyevin sözlərinə görə, bu sənətin digərlərindən fərqi odur ki, bura gələn dərdini götürüb gəlir: “Mənim 38 yaşım var, kənardan baxan mənə 38 yox, 50 yaş verir. Anası, atası, balası ölən hamı bura gəlir. Məzar daşını görəndə ağlayıb dərdlərini danışırlar. Əzizini itirən insanlarla işləmək çətindir”.

“Mən sənətşünasam”

Emalatxananın rəssamı Rəşad Cəlilov deyir ki, 14 ildir məzar daşlarının üzərinə şəkil döyür: “Universitet təhsilim var, sənətşünaslıq fakültəsini oxumuşam. Əvvəllər, təzə başlayanda mənə məzar daşının üzərinə şəkil döyməyə icazə vermirdilər ki, korlayaram. Zamanla daşların üzərinə şəkil döyməyi öyrəndim. Əvvəl-əvvəl şəkli məzar daşına döyəcəyim günün axşamı səhərə kimi yata bilmirdim, gözümə yuxu getmirdi. Sonra öyrəşdim”.

Həmsöhbətim deyir ki, ötən illər ərzində çox hadisələrlə qarşılaşıb. Bu yaxınlarda olan hadisəni isə unuda bilmir: “Bir şəkli məzar daşına döydüm. Ata-anası gəldi, məzar daşına vurulmuş şəkli görəndə iksinin də ürəyi getdi. Təcilli tibbi yardım çağırmalı olduq. İkinci dəfə daşı aparmağa gələndə mən dözmədim, çıxdım getdim ki, onların halını görməyim. Bəzən də üstümüzə hücum çəkirlər. Elə bil onların qohumlarını biz öldürmüşük”.

Elman Baxşıyev deyir ki, emalatxanada qış aylarında demək olar ki, iş olmur: “Qışda torpaq yaş olduğuna görə insanlar məzar daşlarını düzəltməyə üstünlük vermirlər. Bizim işimizin mövsümü yaz-yay aylarıdır. Hava yaxşılaşanda, torpaq quruyanda məzar daşı üçün gələnlərin sayı artır...”

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər