Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin dissertantı, elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin bələdçisi İlahə Xantəmirova İstanbulda ezamiyyətdə olub.
Muzeydən Teleqraf.com-a bildiriblər ki, ezamiyyətin məqsədi “Mirzəbala Məhəmmədzadənin əsərlərində Azərbaycan tarixi məsələləri” adlı elmi-tədqiqat işi üçün material toplamaq olub.
İ.Xantəmirova İstanbulda olduğu müddətdə Atatürk və İstanbul Bəyazid Dövlət kitabxanalarında apardığı araşdırmalar zamanı Mirzəbala Məhəmmədzadə və digər mühacirlərin yazılarının nəşr olunduğu “Yeni Qafqasya” (1923-1928), “Azeri Türk”(1928-1930), “Bildiriş” (1930-1931) qəzet və jurnallarını əldə edib. Bundan əlavə, İstanbulda Azərbaycan mühacirləri tərəfindən 1938-ci ildə nəşr olunmuş “İlham Kaynağı”, “Mukaddes Odlar ülkesi”, “Millet andı”, “Milli ateş”, “Yasamız” kimi jurnallarda da M.Məhəmmədzadənin yazıları aşkarlanıb. Əldə edilən materiallara M.Məhəmmədzadənin Türkiyə mətbuatında - “Cumhuriyet” və “Tasvir” qəzetlərində nəşr olunan 50-dən çox məqaləsi də daxildir. 1940-1950-ci illərdə çap olunan “İslam Ansiklopedisi”ndə M.Məhəmmədzadənin araşdırmalarına da rast gəlinib. Məlum olub ki, o, Türkiyyat Araşdırmaları İnstitutunda məmur olaraq çalışdığı dövrdə “İslam Ansiklopedisi”nin hazırlanmasında iştirak edib və burada onun müxtəlif mövzularda 50-dək yazısı çap olunub.
İ.Xantəmirova, həmçinin kitabxanada çalışdığı müddətdə azərbaycanlı mühacirlər tərəfindən nəşr olunan “Türk izi”, “Mücahit”, “Azerbaycan” jurnallarını, “Azərbaycan Gənclik Dərnəyi”nin və “Müsavat” partiyasının bülletenlərini aşkarlayaraq surətini götürüb. O, M.Məhəmmədzadə ilə bağlı ilk tədqiqat işini yazan alim Əfqan Vəliyevin şəxsi arxivi ilə tanış olub, Azərbaycan Cümhuriyyəti və mühacirət dövrünə aid bəzi materialları əldə edib.
Tədqiqatçımız həmçinin Mirzəbala Məhəmmədzadənin məzarının fotosunu geniş ictimaiyyətə təqdim edib.
Bəkir