15 İyul 2016 16:16
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Borçalı Cəmiyyətində baş verən proseslər haqqında indi danışmaq istəmirəm. Bir müddətdən sonra danışmaq olar. İş ondadır ki, cəmiyyət adından hər iki tərəf Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyinin bu müraciətə cavabından sonra fikir bildirmək daha məntiqli olardı”.

Teleqraf.com xəbər verir ki, bunu Borçalı Cəmiyyətinin təsisçilərindən olan ziyalı Eyvaz Borçalı cəmiyyətlə bağlı yaranan duruma münasibət açıqlayarkən deyib.

Xatırladaq ki, bir qrup şəxs iyunun sonunda Borçalı Cəmiyyəti adından konfrans keçirib, özlərinə yeni sədr seçiblər. Daha sonra isə sənədlərini Ədliyyə Nazirliyinə göndəriblər. Bundan bir ay əvvəl isə cəmiyyətin faktiki sədri Zəlimxan Məmmədlinin rəhbərliyi ilə konfrans təşkil edilib, görülən işlərlə bağlı hesabat verilib, habelə İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb və iyulun 26-da Borçalıda elat bayramına hazırlığa start verilib.

Eyvaz Borçalı isə Teleqraf.com-a bildirib ki, hələlik cəmiyyətdə baş verənlər tam aydınlaşmayıb: “Hazırda faktiki olaraq iki tərəf var. Yeni ortaya çıxan tərəfin konfransında 240 nəfər iştirak edib. Zəlimxan Məmmədlinin təşkil etdiyi toplantıya isə cəmi 62 nəfər qatılıb. Bu rəqəmlər müəyyən qənaətlərə gəlmək üçün yetərli olmalıdır. Hər halda 62 ilə 240 rəqəmi eyni deyil. Rəqəmlərdən bu qənaətə gəlmək mümkündür ki, çoxluq narazıdır və sədri istəmir”.

“Ədliyyə Nazirliyi Zəlimxan Məmmədlini sədr kimi tanısa, necə olacaq” sualına gəldikdə Eyvaz Borçalı deyib ki, belə vəziyyətdə yeni tərəf mübarizəsini davam etdirəcək: “Açığı, inanmıram ki, rəsmi tərəf kimi dediyiniz hissə tanınsın. Zəlimxan Məmmədli cəmiyyəti siyasiləşdirib. Qeyri-hökumət təşkilatı isə siyasi qurum deyil”.

E.Borçalı qeyd edib ki, iyunun sonunda keçirilən konfransda özü şəxsən iştirak edib: “Həmin konfransda sədrliyi mən etmişəm”.

Sonda müsahibimiz əlavə edib ki, onun özü şəxsən iyulun 26-da Borçalıda keçiriləcək Elat bayramının pozulmasını əsla istəmir: “Əksinə, istəyirəm ki, bu davam etsin. Bu, yaxşı ənənə və bayramdır. Çox güman ki, davam da edəcək”.

Cabbar


Müəllif:

Oxşar xəbərlər