"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində tarixi abidə statusuna malik olan bir çox qədim məscidlər mövcuddur ki, bu abidələr dövlət tərəfindən qorunur. YUNESKO tərəfindən Dünya İrs siyahısına salınmış "Həzrət Məhəmməd məscidi", ölkə əhəmiyyətli abidələrdən olan İçəri şəhər "Cümə" məscidi əsaslı təmir olunub.
Səbail rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan verilən məlumata görə, hazırda "Bəylər" məscidində, "Cümə" məscidinin minarəsində, "Xıdır" məscidində əsaslı təmir-bərpa-restavrasiya işləri həyata keçirilir: "Ölkə əhəmiyyətli abidələr siyaşısına daxil edilmiş "Aşur" məscidində isə bərpa-konservasiya işləri planlaşdırılıb”.
Son bir neçə il ərzində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bir sıra məscidlərdə bərpa-konservasiya işləri həyata keçirilib. Məscidlərdə bərpa işləri Nazirlər Kabinetinin 2010-cu ildə təsdiq etdiyi "Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan"a müvafiq olaraq aparılır.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, artıq bir neçə ildir ki, İçəri şəhərdəki Asəf Zeynallı küçəsi, 55 ünvanında yerləşən və Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli abidələr siyaşısına daxil edilmiş "Aşur" məscidində bərpa-konservasiya işləri planlaşdırılıb: “Əfsuslar olsun ki, 2013-cü ildən bəri bu abidədən faktiki olaraq istifadə edən şəxslərə dəfələrlə məscidin boşaldılması barədə idarə tərəfindən edilən müraciətlərə baxmayaraq, abidədən qanunsuz istifadəsi davam etdirilib.
Buna görə bərpa işlərinin başlanılması gecikdirilirdi Abidənin faktiki istifadəçiləri tərəfindən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulub”.
Qurumdan verilən məlumata görə, bununla əlaqədar abidənin üzərində təxirəsalınmaz xilasedici bərpa-restavrasiya işlərinin başlanması üçün idarə tərəfindən abidə artıq boşaldılıb və bir neçə gündən sonra burada işlərə başlanılacaq: “Ölkə rəhbərliyinin daimi diqqət və qayğısı altında İçəri şəhərdə son bir neçə il ərzində çoxsalı abidələrin qorunması və gələcək nəsillərə çatdırılması məqsədi ilə aparılan bu işlər yüksək təcrübəyə malik olan mütəxəssislər tərəfindən hazırlanıb. "Baş Plan"da öz əksini tapmış göstəriş və tövsiyələr əsasında ən müasir tələblərə cavab verən bilik və texnlogiyalar istifadə edilməklə həyata keçiriləcək”.