“Ötən gün İmişli rayonunda baş verən zəlzələ güclü zəlzələ hesab edilir. Təkanlar bir çox bölgələrdə hiss olunub. Dağıntıların az olmasının səbəbi zəlzələ ocağının dərinlikdə yerləşməsidir”.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bugünkü mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, zəlzələnin dərinlikdə olması həm də onun daha geniş ərazidə hiss edilməsinə gətirir: “Çünki zəlzələ nə qədər dərində baş versə, ətraf ərazilərdə daha çox hiss olunur və episentrdə güclü dağıntı yaratmır”.
Qurban Yetirmişli dünənki zəlzələnin baş vermə səbəbinə də toxunub: “Həmin ərazi digər bölgələrə nisbətən seymoloji aktiv ərazi hesab edilmir. Lakin bəzən seysmoloji aktiv olmayan ərazidə belə zəlzələlər baş verir. Bu zəlzələ 2012-ci ildə Zaqatalada baş vermiş zəlzələ ilə oxşardır. Əgər bu təkanlar da səthi olsaydı, daha çox dağıntılara, fəsadlara səbəb ola bilərdir”.
Qurban Yetirmişli onu da bildirib ki, ötən gün baş verən zəlzələdən sonra 7 afterşok olub. Onlardan 3-ü hiss olunub.
İlhamə ƏBÜLFƏT