“Uğurları az olduğuna görə ona Milli Qəhrəman adı vermədilər”.
Teleqraf.com-un məlumatına görə, bunu 1994-cü ilin yanvarın 28-də Füzulinin Qaraxanbəyli-Alxanlı istiqamətlərində gedən döyüşlərdə şəhid olan Maşallah Abbasəli oğlu Məmmədovun anası Elmira Məmmədova deyib.
Onun sözlərinə görə, Maşallah uşaq yaşlarından çox cəsarətli olub: “7 yaşına kimi onu nəzir-niyazla saxlamışam. Oğlum çox cəsarətli idi. Atası ilə ağır qəzaya düşdü. Atasını itirdi, özü isə 3 ay xəstəxanada qaldı. Həkimlər ayağından zədə alan Maşallahın diz qapağını çıxardılar. Evə gələndə əsgər gedəcəyini dedi. Mən razı olmadım. Ancaq inad etdi və hərbi xidmətə yola düşdü.
Hacı Zeynəlabdin Tağıyev qəsəbəsində xidmət edirdi. Qardaşları onu atasının ilinə gətirmək üçün getdilər. Ancaq ordan bildirdilər ki, Maşallah könüllü olaraq Qarabağ döyüşlərinə gedib. Sonuncu dəfə onu hərbi xidmətə getməmişdən öncə görmüşəm”.
Şəhid anası bildirib ki, oğlunun ölüm xəbərini həmin ilin dekabrın 2-də alıb: “Əsgərliyə gedəndən sonra lampa işığında iki məktub yazmışdı. Sonra ölüm xəbəri gəldi. Bir müddət sonra oğluma Milli Qəhrəman adının verilməsi üçün məktub yazdım. Mənə dedilər ki, oğlunun uğurları az olduğuna görə ona bu ad verilə bilməz. Maşallah şəhid olduqdan 10 il sonra ona Azərbaycan Bayrağı ordeni verdilər”.
Elmira Məmmədova oğlunun adının əbədiləşdirilməsini istəyir: “Oğlumun adının hər hansı məktəbə və ya küçəyə verilməsini istəyirəm. Bunun üçün Gəncə şəhəri icra hakimiyyətinə, maarif müdirinə müraciət etmişəm”.
Elmira Məmmədova deyir ki, bir ildir ki, məktubu təhsil idarəsindədir: “Müdirin qəbulunda oldum, dedi ki, bununla bağlı Milli Məclis qərar verməlidir. Gözləməyi məsləhət gördü. Mən gözləyirəm, amma vaxt ötür...”
Samir İsayev