23 Avqust 2016 14:07
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2212 nömrəli Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilmiş, eyni zamanda Referendum Aktının layihəsi KİV-də dərc olunub.

Konstitusiya Məhkəməsi tərəfindən Referendum Aktı layihəsinin mətninə bəzi dəyişikliklər edildikdən sonra ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılıb, ümumxalq səsverməsi (referendum) isə 2016-cı il sentyabrın 26-na təyin edilib.

Xatırladaq ki, hazırkı Referendum Aktı ilə 1995-ci ilin noyabrında qəbul olunan Konstitusiyamıza 3-cü dəfə dəyişiklik edilir: Konstitusiyamıza əvvəlki dəyişikliklər 2002-ci ilin 24 avqustunda (22 maddəyə 31 dəyişiklik) və 2009-cu ilin 18 martında (29 maddəyə 41 dəyişiklik) keçirilən referendumlarda olunub.


Dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib, Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçimi hədəf kimi müəyyən olunub, stabil dövlət quruculuğunun təməlinin möhkəmləndirilməsi və onun qanunsuz müdaxilələrdən qorunması əsas vəzifə kimi qarşıya qoyulub.


Hazırkı Referendum Aktı 29 bənddən ibarətdir.

Bütövlükdə dəyişikliklər Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkənin sosial-iqtisadi, hüquqi islahatlar nəticəsində nail olduğu uğurların möhkəmləndirilməsi, hüquq normalarının bilavasitə ana qanunda təsbit edilməklə onlara əməl olunmasının hüquqi əsaslarının gücləndirilməsi məqsədini güdür. Əvvəlki iki dəyişiklikdə olduğu kimi, hazırkı dəyişikliklər hazırlanan zaman da qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib, Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçimi hədəf kimi müəyyən olunub, stabil dövlət quruculuğunun təməlinin möhkəmləndirilməsi və onun qanunsuz müdaxilələrdən qorunması əsas vəzifə kimi qarşıya qoyulub.


Bütövlükdə referenduma çıxarılan dəyişiklikləri 3 bloka ayırmaq olar:

Birinci blok icra hakimiyyəti strukturunda institusional dəyişiklikləri əhatə edir.

İkinci blok Konstitusiyanın mətnində terminoloji dəqiqləşdirmələrə aiddir.

Dəyişikliklərin böyük əksəriyyətini təşkil edən üçüncü blok isə insan hüquq və azadlıqlarının təminatının möhkəmləndirilməsi məsələlərinə toxunur.

İcra hakimiyyəti strukturunda institusional dəyişikliklər yeni institutun - ölkə Prezidenti tərəfindən təyin edilən vitse-prezidentlər institutunun yaradılmasını nəzərdə tutur.

Bu institutun yaradılmasına zərurət son illərdə ölkədə köklü iqtisadi islahatlara start verilməsi ilə əlaqədar özünü daha kəskin büruzə verir.

Məlumdur ki, islahatların hamısı ölkə Prezidentinin təşəbbüsü ilə və ya onun tərəfindən başlanıb. Ona görə də islahatların keçirilməsində Nazirlər Kabinetinin rolu və funksiyaları ilə bağlı suallar meydana çıxıb.

Məsələ heç də Nazirlər Kabinetinin fəaliyyətinin səmərəli olub-olmamasında deyil, öz təbiətinə görə çevik və radikal tədbirlər görmək imkanına malik olmayan bu orqanın institusional mahiyyətindədir.

Prezidentlə yanaşı, müstəqil icra hakimiyyəti orqanı qismində Nazirlər Kabinetinin mövcudluğunu nəzərdə tutan yarıprezident idarəetmə sistemi digər keçmiş ittifaq respublikalarında olduğu kimi, Azərbaycana da SSRİ-dən qalıb. SSRİ-də bu idarəetmə modeli ötən əsrin 80-ci illərində Mixail Qorbaçov tərəfindən tətbiq edilib. Onun fikrinə görə, süquta uğramış, dağılan iqtisadiyyat şəraitində cavabdehliyi Nazirlər Soveti daşımalı, bununla da, Sovet İttifaqındakı iqtisadi qarma-qarışıqlığa və faktiki aclığa görə məsuliyyəti SSRİ Prezidenti üzərindən atmalı idi.

Hazırda isə Azərbaycanda tamam fərqli vəziyyətdir. Ölkədə radikal iqtisadi islahatlar məhz Prezident tərəfindən irəli sürülüb və Prezident onların həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır.


Müəllif:

Oxşar xəbərlər