31 Avqust 2016 18:20
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin (BDU) payına düşür.

Universitetdən Teleqraf.com-a verilən məlumata görə, cari ildə BDU-ya 4 min 798 tələbə qəbul olub. Bu rəqəm ötən tədris ilindən 526 nəfər çoxdur.

4 min 798 tələbədən 2 min 349-u dövlət sifarişi əsasında qəbul olub ki, bu da respublika ali təhsil müəssisələri üzrə ən böyük rəqəmdir və respublika üzrə dövlət sifarişi əsasında ayrılmış ümumi yerlərin 20 faizinə qədərini təşkil edir. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri BDU-nu seçib.

Üçüncü ixtisas qrupu üzrə 700 bal toplayan 1 nəfərin seçimi də BDU olub.

Bu gün təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 17 fakültəsində bakalavriat pilləsində 60, magistratura pilləsində isə 37 ixtisas və 204 ixtisaslaşma üzrə təhsil alan tələbələrin sayı 21 mindən çoxdur.

Bu il BDU-da bakalavr pilləsində filologiya istiqaməti üzrə türk dili və ədəbiyyatı, fars dili və ədəbiyyatı, magistratura pilləsində isə informasiya hüququ, Qafqaz xalqlarının tarixi, media və kommunikasiya sistemləri, televiziya və radio yayımları menecmenti, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, biomüxtəliflik və təbiətin mühafizəsi, bioekologiya, radiasiya materialşünaslığı və atom və nüvə fizikası kimi yeni ixtisas və ixtisaslaşmalar açılıb.

Cari ildən etibarən BDU-nun Qazax filialına 8 ixtisas üzrə tələbə qəbulu aparılıb. Həmin ixtisaslardan turizm və otelçilik, ekologiya və biologiya müəllimliyi yeni ixtisaslardır.


Müəllif:

Oxşar xəbərlər