Yay fəsli başa çatmaq üzrədir. Günəşli günlərin yerini buludlu, yağmurlu günlər tutur. Payızın gəlişiylə enerjimizin azaldığının, səhərlər yuxudan oyanmaq istəmədiyimizin, yerimizdən qalxmağa çətinlik çəkdiyimizin fərqinə vara bilərik.
Bunun səbəbi payız depressiyası ola bilər.
Bu depressiya özünü həmçinin halsızlıq, bədbinlik, yorğunluq, yuxusuzluq və ya daha çox yatmaq istəyi, əsəbilik, hərəkətsizlik, özünü günahkar və ya peşman hiss eləmək, dalğınlıq, unutqanlıq, iştahın artması və ya azalması, cinsi istəyin olmaması kimi əlamətlərlə göstərir.
Psixoloqların fikrincə, bu durumu ortaya çıxaran səbəblərdən biri azalan günəş şüasıdır.
Türkiyəli psixoloq Eda Gökdumanın sözlərinə görə, insan orqanizmi üçün günəş qıtlığı hormonları, beyin hüceyrələrini və yuxunu tənzimləyən bioloji saata mənfi təsir edir: “Yetərli günəş şüası isə serotonin deyilən xoşbəxtlik hormonunun daha çox ifraz olunmasına səbəb olur. Melatonin dediyimiz hormon qaranlıqda, işıqsız şəraitdə daha çox ifraz olunur və yuxu hormonu kimi tanınır. Gözlərimiz işıq enerjisini kimyəvi enerjiyə çevirə bilir.
Buna görə də payızla birlikdə azalan günəş şüası xoşbəxtlik hormonlarının ifraz olunmasını azaldıb yuxu hormonlarını artıraraq payız depressiyasını yarada bilir”.
Psixoloq deyir ki, bu depressiyaya qadınlarda daha çox rast gəlinir. Xüsusilə daha əvvəl depresiyya yaşamış insanlar payızda belə vəziyyətə düşməyə meyilli olurlar: “Bu depressiyaya düçar olmamaq üçün idmanla məşğul olmaq, tez-tez açıq havada yürüşə çıxmaq olar.
Özünüzü evə qapatmayın, sevdiyiniz dostlarınızla görüşün. Günəş işığından daha çox yararlanmaq üçün pərdələri açıq saxlayın və yuxudan tez oyanın. Gec yatmayın,çalışın, hər gün eyni saatda oyanın. Səhər yeməyinizi qətiyyən ötürməyin. Gün ərzindən yağlı, ifrat şəkərli qidalardan uzaq durun.
Sentyabr ayı gələndə özünüz üçün bir plan qurun, həyat tərzinizi müəyyənləşdirin. Xüsusilə də diqqətinizi bədənizdən uzaqlaşdırın. Teatra, kinoya, konsertə gedin. İş yerində kiçik fasilələrə çıxın, xoş tətil anlarınızı dostlarınızla bölüşün. Hava buludlu olanda həvəsiniz olmasa da, gəzintiyə çıxın.
Bütün bunları etdikdən sonra da özünüzü yaxşı hiss etmirsinizsə, mütəxxəssisə müraciət məsləhətdir”.
Sevinc