Ötən gün Yelkənli İdman Federasiyası (AYİF) tərəfindən Yay Məktəbinin bağlanış mərasimi təşkil edilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə AYİF-in idarəetmə komitəsinin üzvləri ilə yanaşı, beynəlxalq dərəcəli mütəxəssislər, idmançılar, eləcə də, ictimaiyyət nümayəndələri iştirak edib.
AYİF-in prezidenti Qüdrət Qurbanov tədbiri giriş sözü ilə açaraq, ötən ay keçirilmiş Rio Olimpiadasında idmançılarımızın uğurlarını və sözügedən Olimpiadada idmançıların sayına görə nisbətdə ölkəmizin ən çox medal qazanan ölkələr arasında birinci tutmasının ölkədə idmana verilən önəmin göstəricisi olduğunu diqqətə çatdırıb.
Qüdrət Qurbanov tədbirdə AYİF tərəfindən qısa müddətdə görülən işlərdən və gələcək planlardan danışaraq, idmançıların qısa müddət ərzində əldə etdikləri uğurları yüksək qiymətləndirərək, ölkədə ilk dəfə təşkil olunmuş
Azərbaycan Yelkənli İdman Federasiyasının "Optimist sinfi" üzrə Federasiya Kuboku yarışlarından məmnunluğunu bildirib.
Daha sona AYİF-in xətti ilə Azərbaycanda fəaliyyətə başlayan beynəlxalq mütəxəssislər - Burcu Alqon Georgiani, Seyhun Yıldız, Tuğçe Subaşı tərəfindən hesabat xarakterli təqdimat edilib.
Tədbirdə AYİF tərəfindən təşkil edilmiş yay Məktəbinin iştirakçılarına və qaliblərinə müvafiq sertifikatlar verilib, eləcə də 8-9 sentyabr 2016-cı il tarixlərində təşkil edilmiş Optimist sinfi üzrə Federasiya Kuboku 2016 qalibləri- Selcan Abbas, Fərid Məmmədzadə, İsmayıl Kərimov mükafatlandırılıb.
Tədbir çərçivəsində ölkədə yelkən idmanının təbliğatı və cəmiyyətin bu idman növünə marağının artırılması üçün "Media Müsabiqəsi 2016" edilərək, tədbirdə iştirak edən media nümayəndələrinə müsabiqənin şərtləri təqdim edilib.
İlhamə ƏBÜLFƏT