19 Sentyabr 2016 17:56
6 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni tədris ilində birinci sinfə qədəm qoyan şagirdlər arasında hicablı qızların olması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Altı yaşlı uşağa hicab geyindirilməsinə qarşı çıxanlar da oldu, bunu müdafiə edənlər də.

Teleqraf.com məsələyə müxtəlif tərəflərdən yanaşmağa çalışıb.

Təhsil eksperti Etibar Əliyev "Təhsil haqqında" qanunda hicabla məktəbə gəlməyin qadağan olunduğunu xatırladır: “Konstitusiyada dinin dövlətdən ayrı olduğu müddasına çərçivə qanunlarında istinad olunur. Eyni zamanda, “Təhsil haqqında” qanunda da təhsil müəssisələrində hər hansı siyasi təşkilat və dini qurumların fəaliyyəti yasaqlanır.

Azərbaycan dünyəvi dövlətdir və demək olar ki, Təhsil Nazirliyi tərəfindən bir neçə il əvvəl hicabla məktəbə gəlməyə qadağa qoyulub. Bu mövzu vaxtaşırı təkrarlanmamalıdır. Məktəbli geyimi tətbiq olunur və şagirdlər də bu formayla məktəbə gəlsələr yaxşıdır. Hər kəs məktəbi bitirdikdən sonra azaddır, arzuladığı halda hicabdan istifadə edə bilər.

Hicabın təhsilə heç bir maneçiliyi yoxdur. Sadəcə, məktəbli formaları tətbiq olunduğu üçün hər kəs buna əməl etməlidir.

İstər məktəbə uyğun gəlməyən bahalı və cəlbedici libas, istərsə də hicab geyənlər məktəbli geyimində bərabərləşə bilərlər. Yəni bütün dünyada şagirdlər bir-birlərindən çox seçilmir. Yaponiyada şagirdlər küçədə və ya başqa yerdə sarı papağa görə tanınırlar. Ancaq bizdə məsələ bir az qarışıqdır. Hicaba qadağa qoyulanda valideynlər radikal addımlar atır, övladlarını məktəbə buraxmırlar. Bu isə çox pis haldır”.

Ekspert valideynləri fikirlərindən daşındırmağın çətin olduğunu düşünür: “Onlar hesab edirlər ki, bu şəkildə övladı daha yaxşı tərbiyə etmək olar. Bu barədə daha ciddi qayda tətbiq olunmalı, mühüm sənəd imzalanmalıdır ki, məsələyə son qoyulsun. Hər il yenidən müzakirəyə çıxarılmasın. Məktəb psixoloqlarının, Təhsil Nazirliyinin əməkdaşlarının monitorinq və müşahidələri ilə göstərməlidirlər ki, hicabın təhsilə mənfi təsiri nədən ibarətdir. Təhsilə mənfi təsiri varsa, qadağan edilməlidir. Digər tərəfdən vicdan azadlığı məsələsi var. Bu məqamlar nəzərə alınmaqla ortaq məxrəcə gəlmək olar”.

Sosioloq Cavid İmamoğlu isə hicab problemi ilə bağlı fərqli düşüncədədir: “İnanclı insanların övladların necə tərbiyə etməsi onların öz seçimidir, buna müdaxilə olunmamalıdır. Ailədaxili münasibətlərdə, valideynlərin övlad tərbiyəsindəki yeri və rolunu da dana, azalda bilmərik. Övladın istər psixoloji bacarıqlarının davamlılığında, istərsə də fiziki inkişafında valideynlərin rolu böyükdür.

Əgər hansısa inanclı ailədə qız uşaqları hicaba meyillənirsə, biz bunun əleyhinə çıxa bilmərik. Çünki o ailədə ənənə bu cür qoyulub. Yaxud elə inanclı ailələr var ki, qız uşaqları həddi-buluğa çatanda hicab bağlayırlar. Bu, ailədən asılıdır. Ancaq ümumilikdə götürsək, geyim inkişafa, düşüncə tərzinə, onun geriləməsinə təsir edəcək faktorlardan deyil.

Ən əsası, valideynlərin dini təfəkkür, şəriət haqqında dolğun təsəvvürü olduqda uşaqlar bundan əziyyət çəkməyəcəklər. Yox, əgər valideynlər dini düz başa düşməyiblərsə, yaxud uşaq tərbiyəsində məlumatsızlıqdan müəyyən boşluqlar olarsa, təbii ki, övladlar bunun zərərini görəcəklər. Bu, həm inanclı kəsimə, həm də digər insanlara aiddir.

Biz burda təkcə hicab məsələsini yox, valideynin uşaq tərbiyəsindəki roluunu da qaldırmalıyıq. Valideynlər övladlarının inkişafını izləməklə hansısa məcburetmə, zorakı formada nəyisə təlqin etməklə yox, qarşılıqlı anlaşma, tərbiyə metodlarına uyğun formalaşdırma prosesi getməlidir. Bu, hər kəsə aiddir.

Azərbaycanda bütün ailələrdə inkişaf bu cür getməlidir. Uşaqların cəmiyyətdə sosial bacarıqlar əldə etməsi, öz kimliklərini müəyyənləşdirməsi, münasibətlərə açıq olmasının ilkin mərhələsi valideyndən gəlir. Uşağın inkişafındakı ilkin mərhələdə, yəni 13-14 yaşına çatana, sosial həyata atılana qədər onun üçün ilkin model valideyndir.

Biz deyə bilmərik ki, bütün inanclı insanlar övladlarını düzgün üsullar əsasında tərbiyə edirlər, bu, qeyri-peşəkar səslənər. Ancaq müşahidələrimə əsasən, inanclı gənc ailələr uşaq tərbiyəsinə xüsusi diqqət ayırırlar. Onlarda övlad tərbiyəsiylə bağlı kitablar oxumağa meyil görürəm.

Mən erkən nikahı da, qız uşaqlarının təhsildən yayındırılma məsələsini peşəkar şəkildə tədqiq etmişəm. Bu sosial problemlərinin kökündə dayanan dini inanc deyil. Azərbaycanda heç bir tədqiqat göstərmədi ki, bu problemlərin kökündə məhz inanclılıq dayanır. Problemə cahil ailələrdə də rast gəldik, maarifçi ailələrdə də, paytaxtda da, regionlarda da. Məsələnin kökü əsrlərdir, illərdir formalaşan adət-ənənələrə gedib çıxır. Onlara qarşı çıxmaq çox çətindir.

Mentalitetdə mövcud olan bu stereotiplər qızların inkişafına əngəldir. Bunu inancla bağlamağı düzgün hesab etmirəm.

Əslində, İslam qız uşağının inkişafına, təhsilinə daha böyük diqqət ayırmağı tələb edir. Dində belə bir ifadə var ki, qız uşağı ailə üçün rəhmətdir. Çünki valideynlər qız uşağının mənəvi-psixoloji, fiziki inkişafına o qədər çaba sərf etməlidirlər ki, o zəhmətin müqabilində rəhmət qazanırsan”.

Sosioloq mentalitetdə mövcud olan bu qaydaların qız uşaqlarının inkişafına mane olduğunu, onların ana bətnində abort olunmasından tutmuş arzuolunmaz övlad statusuna qədər gətirib çıxara bildiyini deyir: “Ümumilikdə orta statistik Azərbaycan ailəsində qız uşaqlarına ayrı-seçkilik var. Çünki onlara ər evinə köçüb gedəcək şəxs kimi baxırlar.

Bu, tipik Azərbaycan ailəsinin yanaşmasıdır, bunun inancla əlaqəsi yoxdur.

Əgər biz hicablı qadınları, uşaqları müzakirəyə çıxarırıqsa, deməli, digərlərini də müzakirə obyektinə çevirməliyik”.

İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, 6-7 yaşlı uşağa hicab geydirmək Allahın əmri deyil: “Dində örtük var, bu, İslamın gətirdiyi yenilik deyil, sadəcə, belə kiçik yaşda örtünmək dinin buyruğu sayılmır.

Məncə, 6-7 yaşlı uşağa hicab geydirib, yaşıdlarından fərqləndirmək düzgün deyil. Hicab geyinmək üçün müəyyən yaş həddi var. Həmin yaş həddindən sonra qızlar istəsə hicab bağlayar, istəməzsə bağlamaz - öz hüququdur. Ancaq uşağın uşaq kimi yetişməyi, böyüməyi daha gözəldir. Sadəcə, valideynlər fikirləşirlər ki, uşaq əvvəlcə məktəbə başı açıq formada gedib illər sonra hicab bağlasa məktəb yoldaşları ona lağ edərlər. Ona görə də bəzi valideynlər bu addımı əvvəlcədən atırlar”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər