20 Sentyabr 2016 16:09
3 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələr hər birimizin həyatının, işinin bir hissəsinə çevrilib. İnformasiya, xəbərləşmə mənbəyi olmaqla yanaşı, sosial şəbəkələr həm də hər kəsin bir-biriylə dostlaşdığı, doğmalaşdığı, fikirlərini bölüşdüyü virtual dünyadır. Ancaq iş bununla bitmir. Sosial şəbəkə istifadəçilərini virtual dünyada da narahat edənlər tapılır. Xüsusilə qadınları.

Əgər bu qadınlar cəmiyyətin tanınan simaları və ictimaiyyətə açıq insanlardırsa, bu narahatlıq daha da artır. Teleqraf.com bunu əsas tutaraq yazar qadınlara belə bir sualla müraciət edir: Feysbukda sizi nələr və kimlər narahat edir?

Cavabları təqdim edirik.

Aysel Əlizadə: Məni Feysbukda heç kim narahat etmir, bütünlükdə cəmiyyət narahat edir. Beyinlərdəki durğunluq narahat edir. Sosial şəbəkə modern insanın ünsiyyət vasitələrindən biridir, cəmiyyət və dünya ilə əlaqə üsulu, xəbərləşmə metodudur. Hər cür xarakter, düşüncə ilə qarşılaşırsan orda. Cəmiyyətdə necəyəmsə, sosial şəbəkə də eləyəm: bir-birinə dəyib dolaşmadan var olmaq prinsipilə yanaşıram. Məni narahat edən mövzularda müzakirə açıram, mesajlarımı ötürürəm, susmaq istəyəndə susuram və hər kəsi olduğu kimi qəbul edirəm.

15 mindən çox izləyicim var. Bu adamlar niyə abunə olub səhifəmə? Məndən nə isə eşitmək üçün. Onları diqqətsiz qoymaq doğru olmaz. Buna görə də hər kəsə təmkinlə yanaşıram. Aqressiv şərhlər olur, dözümlü davranıram. Yalnız ünsiyyət heç cür alınmayanda, səbəbsiz nifrət, öcəşmə, sancmaq məqsədi duyanda onları dostluqdan silirəm. Qalan şeylər xırdalıqlardır. Kiminsə inboksa yazması-filan kimi şeylərə təbii baxıram. 18 yaşından cəmiyyətə açılan biri üçün bunlar artıq vərdişə, gündəliyə çevrilir və insanı narahat etmir.

Günel Xəzəl: "Mən belə başa düşürəm sosial şəbəkələr, xüsusən də Feysbuk informasiya paylaşımından, düşüncələrini bölüşməkdən ziyadə, həm də ünsiyyət, tanışlıq üçün yaradılıb. Amma bir qadın məlumat bölümündə “evli” yazıbsa, üstəlik sən bu qadını tanımırsansa, ona birbaşa, yüz ilin məhlə uşağı kimi “Salam. Necəsən?” niyə yazırsan?

Bu yaxınlarda rusdilli həmvətənimiz Lalə Akifin “İnternet cənnəti” adlı romanını dilimizə tərcümə eləmişəm. Romanda bu “Salam. Necəsən?”lərin bir şəbəkə olduğundan danışılır. Hansı “kişi”nin mesajına cavab yazsan, o dəqiqə şəbəkədə qoyulan mərcin qalibi olur, müəyyən pul məbləği qazanır, nömrə versən uduş artır, görüşsən, şəkil çəkdirsən həmin adamı varlandırırsan.

Əsər jurnalist xanımın bu əcaib şəbəkə haqqında öyrənib, onlarla mübarizəsindən bəhs edir. O romandan sonra xeyli rahatlaşmışam, anlamışam ki, bu kökü quru “salam, necəsən”lər soxulcan imiş. Feysbuk dənizinə su pərisi tutma cəhdi imiş. Yoxsa beynimin ən intellektual hüceyrələrini zorlasam belə, səhifəsində evli olduğunu qabardan qadına girişən “cayıl”ların motivini anlaya bilmirdim. Bu, məni narahat edən birinci məsələdir.

İkinci, bir az ağrılı mövzudur. Qınanmaqdan hürkürəm. Qorxmuram ha, hürkürəm. Çünki son hadisələrdə adamlarımızın qəddarlığının hədsizliyi məni dəhşətə gətirdi. Onlar rəhmətə gedənlərinin nəşi torpağa tapşırılmamış status yazmağa macal tapanlardır. Bilirəm, tanıyanalar deyəcək, Zərdüşt Şəfi dünyasını dəyişəndə guya səhifəsini Zərdüştistana çevirən bu deyildi?! Amma bir çox dostun iradlarından sonra səhvimi anladım və acımın qolları ilə özümü bürüməyi öyrəndim. Məsələn, rəhmətə gedən haqda bir xatirə yazmaq olar, adam oxuyar, kövrələr. Amma səhər durub yuxulu gözlə “Bu gün anam öldü” cümləsini görəndə adamın elə bil başına partlamış qarpız düşür. Keyləşirsən, günün də olur “korzina”lıq.

Üçüncüsü, istənilən mövzuda radikal olan statuslar məni narahat etmək nədir, havalandırır. Dindarın ateisti, Üzeyir sevənin klassikanı, müxalifətin iqtidarını söyüşlə, təhqirlə, əsassız, etik normalara sığmayan sözlərlə bəzədiyi paylaşımları deyirəm. İnsanlar bir az daha anlayışlı, daha sevgi dolu, daha mərhəmətli, daha özü ilə barışıq olsun istəyirəm. Sənin kimi düşünməyənlər ölsə, kürədə 20-30 nəfər qalarsan axı, ay adı ali olub, özü ortanı bitirmək üçün belə əziyyət çəkmək istəməyən adamım...

Feysbuk dostlarını Qurban bayramında qoyuna, Yeni ildə ağaca, 8 Martda gülə, Ramazan bayramında məscidə, Novruz bayramında ota işarələyənlər də bir ayrı dərddir”.

Rəbiqə Nazimqızı: "Ən çox şəkillərimin ard-arda “like” olunmasından əsəbiləşirəm. Bir də dəxlisiz şərhlər, öcəşkən adamlar məni qıcıqlandlırır. Dini və siyasi müzakirələri heç yanda, o cümlədən də Feysbukda sevmirəm. Radikalları, aqressivləri, söyüşlü status və şərhləri xoşlamıram. Feysbuka həddən artıq ciddi və eyni zamanda həddən artıq qeyri-ciddi yanaşan adamları xoşlamıram.

Çox zaman ən yaxın dostlarla belə inboks yazışmalarına həvəsim, səbrim olmur. Daha deməyim ki, tanımadığım, ya az tanıdığım "salam", "necəsən?", "harda olursan?", "dost olaq" kimi filan mesajlarına münasibətim necədir, dərhal mesaj yazılmasına məhdudiyyət qoyuram".

Hədiyyə Şəfaqət: “Məni Feysbukda ümumilikdə və şəxsi mənada heç nə və heç kim narahat etmir. Üstəlik, bunun qarşısının alınması əlimizin altındakı bir düyməni basmaqla həll olunursa, niyə də narahat olmalıyam?

Feysbukda kiminsə paylaşmalarından, statuslarından sıxıldımsa, izləmədən çıxarıram, görmürəm. Paylaşmalarımın altından yersiz rəylər demək olar ki, yazılmır, ya da səviyyəli fikir bildirilir. Təsadüfən sildiyim rəylər də olur, lakin buna görə məndən inciməsinlər. Özüm də sosial şəbəkədə çox fəal deyiləm, çox az, ancaq vacib bildiyim hallarda inboksda kimisə narahat edirəm, çox az hallarda da rəy yazıram.

Mənə yazılan istənilən gərəksiz mesajı təmkinlə qarşılayıb xarakterimə uyğun şəkildə və mədəni şəkildə cavablandırıram. Kimsə daha çox narahat edirsə, təşəkkür bildirir və üzr istəyərək mesaj yazmasını əngəlləyirəm. Kiməsə izahat vermirəm, şəxsi həyatım haqqında danışmıram və başqalarının həyatını araşdırmıram. Qaldı başqalarının Feysbukda nə etməsinə, hər kəs öz davranışında azaddır və mən kiminsə işinə qarışmağı xoşlamıram. Ümumiyyətlə belə məsələlərdə mənim devizim budur: “Hər kəs özünə yaraşanı edir”.

Günel Treu: “Açığı, Feysbuk sarıdan elə böyük narahatlığım yoxdur. Əksinə, qadınların namuslu olmaqlarını qabartmalarını, hər dəfə Feysbukda kişilərdən narazılıq etmələrini acıqlanıram. Guya Bricit Bardodular, kişilər də onlara hücum etməyə çalışan canavar…

Mənim belə bir narazılığım yoxdur. Əksinə, yazar dostlarıma təşəkkürümü bildirirəm ki, oxuduqları kitab, baxdıqları film, fikirlərini paylaşırlar, mən də bilmədiklərimi oğurlayıram. Bir də Feysbuk mənim həm də gəlir yerimdir, çünki burdan tanışlıq yaranır və hazırlaşdıracağım tələbə qazanıram. Buna görə Mark Zukerberqə təşəkkür edirəm.

Nigar An: “Bəlkə başqa vaxt sosial şəbəkələrdə adamların bir-birlərinin fikirlərini həzm etməməsindən tutmuş, dünyanın ən maraqsız mesajı və sözü olan "salam"a qədər cox şeydən şikayət edərdim. Amma məhz indiki vaxtda mənim üçün həyat elə boz, insanlar elə ağrılıdır ki... Əslində məni bu cür məsələlər hec vaxt ciddi şəkildə narahat etməyib. Narahat olduğum şey yararsız bir canlı kimi nəfəs almaqdır.

Bu sosial şəbəkə belə məndən yararlıdır, özümü Feysbuk və yaradıcısı haqqında tənqidi söz demək haqqına sahib hiss etmirəm. Markın Feysbuku yaratdığı yaşda mən sadəcə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub, Tərtər Rayon İcra Hakimiyyətindən hədiyyə olaraq bir qol saatı almışdım.

Son olaraq, Feysbuk məni Aqşin Evrənlə tanış edən müqəddəs məkandır”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər