Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputat Musa Quliyev parlamentin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planına müəyyən təkliflər irəli sürüb.
Teleqraf.com xəbər verir ki, deputat deyib ki, Azərbaycan prezidenti əhalinin mənzillə təminatı məsələsinə xüsusi qayğı göstərir: "Bununla bağlı ipoteka mexanizmi işə salınıb, sosial evlərin tikilməsi məsələsi var. Prezidentin bu haqda sərəncamları olub. Sözsüz ki, bütün bunlar əhalinin mənzillə təmin edilməsinə ciddi qayğıdır. Mən MBD ölkələrinin təcrübəsindən çıxış edərək, 4 uşaqlı ailələrə ev tikilməsi üçün yerlərin ayrılmasını təklif edirəm. Hesab edirəm ki, bu növbədənkənar olmalıdır”.
Musa Quliyev bildirib ki, ikinci təklifi ölkəyə gətirilməsi vacib olan orqan transplantasiyası ilə bağlıdır: “Təəssüflər olsun ki, meyidlərdən orqanların götürülməsi ilə bağlı qanunlara dəyişiklik lazımdır. Bir çox xəstəliklıər var ki, xəstələrimiz müalicə üçün xaricə gedirlər və sonra da nəzarətsiz qalırlar. Toxumaların, buynuzlu qişaların, kök hüceyrələrinin ölkəyə gətirilməsi haqda qadağa yoxdur. Amma bunların ölkəyə gətirilməsini təmin etmək üçün müvafiq qanun və direktiv yoxdur”.
Deputat daha sonra əlavə edib ki, daba bir təklifi qeyri-neft sektoruna aid məhsullarla bağlıdır: “Bununla bağlı prezident ciddi işlər aparır. Hesab edirəm ki, Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid mallarla bağlı bürokratik əngəllər aradan qaldırılmalıdır ”.
NEMƏT