6 Oktyabr 2016 11:54
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi icbari ümumi orta təhsildən yayınma halları ilə bağlı mətbuatda gedən yazılara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev bildirib ki, birinci sinfə gələn uşaqlarla doqquzuncu sinfə gələnlər arasındakı fərqin məktəbdən yayınma halı kimi qəbul olunması düzgün deyil:

“Məktəbdən yayınmaqla bağlı bir neçə səbəb var. Bir qisim uşaq birinci sinfə Azərbaycanda məktəbə gedir, müəyyən yaşından sonra təhsilini Azərbaycandan kənarda davam etdirir. Bu isə icbari təhsildən yayınma hesab oluna bilməz”.

Emin Əmrullayevin sözlərinə görə, bəzi uşaqlar sağlamlıq imkanlarını itirdiyinə görə təhsildən kənar qalırlar: “Bu rəqəmlər böyük olmasa da yetərli göstərici sayılır.

Bundan başqa, bu illər ərzində vəfat edən uşaqlar da olur. Eyni zamanda, miqrasiya məsələsi də var. Nəzərə almalıyıq ki, 2005-ci ildə ölkədə uşaqların qeydiyyata alınması ilə bağlı elektron sistemlər bu günkü kimi mükəmməl deyildi.

Hazırda məktəbə gələn uşaqları şəxsiyyət vəsiqəsinin nömrəsi əsasında tam dəqiqliyi ilə saya bilirik. 2005-ci ildə isə məktəblərdə əllə yazılan statistik məlumatlar əsasında yekun nəsə deyilə bilirdi. Söhbət 4400 məktəbdən gedirsə, rəqəmlərdə şişirtmələrin olması gözləniləndir. Bunun da obyektiv səbəbləri var.

Çünki əvvəl Azərbaycan şəraitində elə ailələr var idi ki, uşaqlarını birinci sinfə iki dəfə qoyurdular. Hazırda bu hal mümkün deyil”.

Emin Əmrullayev əlavə edib ki, hazırda 10 faizlik çərçivədə uşaqlar I sinfə vaxtında gəlmir: “Hətta 9 və 10 yaşlı uşaqlar var, hələ də birinci sinfə getmir. Biz də bu uşaqları fərdi təhsilə cəlb edirik. Təbii ki, dünyada olduğu kimi Azərbaycanda da icbari təhsil 100 faiz təmin edilə bilməz. Lakin sevindiri haldır ki, illər üzrə statistikaya baxsaq, bu kimi halların sayı getdikcə azalır. Azalmasının əsas səbəbi məlumat sisteminin daha da mükəmməlləşməsidir.

2010-cu ildə birinci sinfə gələn uşaqlar altıncı sinifdə oxuyanda icbari təhsildən yayınma halları 1,3 faiz müşahidə olunub”.

Emin Əmrullayev bildirib ki, bəzi regionlarda elə uşaqlar var, 7 yaşındadır, amma heç bir sənədi yoxdur. Ona görə təhsildən uzaq düşüblər. Bu uşaqların sayı 100 nəfəri keçmir.

Bəzi hallarda qızların təhsilə cəlb olunmasında da müəyyən problemlərin olduğunu qeyd edən şöbə müdiri deyib ki, bu, bütün ölkələrin təhsil sistemi üçün keçərlidir: “Məsələnin kökünü araşdırıb bunun aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə iş aparmağın tərəfdarıyıq. Bir məsələni də qeyd edim ki, 2003-cü ildə birinci sinfə gələnlərin 25-26 faizi məktəbə bir yaş gec gəlib. Apardığımız araşdırma onu göstərir ki, gec gələn uşaqların "2" almaq şansı daha çoxdur. Bu da yaşla yox, həmin evlərdə olan təhsil mühiti ilə bağlıdır. Bu gün ölkədə 10 faiz uşaq məktəbə gec gəlir”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər