7 Oktyabr 2016 11:16
1 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva cavablandırıb.

- Pərvanə xanım, öncə bilmək istərdik, hansı insanlar qan verə bilər?

- 18 yaşı tamamlanan, çəkisi 50 kiloqramdan, boyu 150 santimetrdən az olmayan sağlam insanlar qan verə bilərlər. Bu, həm də könüllü addım olmalıdır. Könüllü qan donorluğu ödəniş qarşılığında donorluq etmə və ya fövqəladə vəziyyətlərdə ailə üzvlərinə qan verməyə nisbətən daha etibarlı mənbədir. Dünya Səhiyyə Təşkilatı ölkələrin öz qan ehtiyacını qarşılamaq üçün mütəmadi könüllü qan vermə sisteminə keçidin tərəfdarıdır. Çünki mütəmadi, könüllü və təmənnasız verilən qan təhlükəsizdir.

- Bəs, qan donoru olan şəxslər üçün hansı şərtlər vacibdir?

-Donorun yaş həddi 18-65 arasında olmalıdır. 65 yaşdan sonra ilkin donorluğa cəlbolunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər. Müayinə zamanı donorda nəbzin vurması müntəzəm olaraq bir dəqiqədə 50-100 arasında olmalıdır. Sistolik qan təzyiqi 180, diastolik təzyiq isə 100 millimetr civə sütunundan yuxarı qalxmamalıdır. Qanın tərkibi də müəyyən kriteryilara cavab verməlidir.

- Maraqlıdır, ötən il neçə insan donorluq edib, nə qədər qan yığılıb?

- 2015-ci il ərzində ölkə üzrə 75 min 184 nəfər donorluq edərək qan verib. 36598 ml, yəni 36 ton 598 litr qan tədarük edilib.

- Mərkəzi Qan Bankında ay ərzində neçə donor qan verir?

- Ay ərzində Mərkəzi Qan Bankına orta hesabla 100-120 nəfər qan verir.

- Azərbaycanda ən çox hansı qan qrupundan istifadə olunur? Hansı qrup üzrə qan çətin tapılır?

- Ümumiyyətlə müsbət rezuslu qan qruplu insanların sayı daha çoxdur, qan verən donor və qana tələbatı olanlar da təbi ki, daha çox olmalıdır. Müsbət rezuslu qan qrupları içində isə O(I) və A(II) qan qruplu insanların sayı digərlərinə nisbətdə faiz etibarilə yüksəkdir. Mənfi rezuslu, əsasən də B(III) mənfi və AB(IV) mənfi rezuslu insanlar digər qruplara nisbətən az olur. Mənfi rezuslu qan qrupuna sahib insanların sayı az olduğu üçün tələbat da yüksək deyil. Qan Bankında gündəlik tələbatı ödəyəcək qədər qan komponentləri var.

- Yığılan qan hansı xəstəlikdən əziyyət çəkən insanlara gedir?

- Mərkəzi Qan Bankına bilavasitə müraciət edənlərin əksəriyyəti qan sistemi xəstəliklərindən əziyyət çəkənlərdir. Bunların da çox hissəsini talassemiyalı xəstələr təşkil edir. Bununla yanaşı, qan xərçənginə düçar olan, hemofiliyalı, anemiyalı xəstələrin və bu kimi digər qan sistemi xəstələrinin də daim qan komponentlərinə ehtiyacı var. Ancaq bu o demək deyil ki, qan yalnız hematoloji xəstələrə lazımdı. Bu qiymətli vasitə həmçinin qəzalarda, doğuşda, yanıqlarda və digər fövqəladə hadisələrdə qan itirmiş şəxslər üçün də əvəzedilməzdir. Bir sözlə, qan yaşadır.

Gün ərzində Mərkəzi Qan Bankından tələbata uyğun olaraq təxminən 150-200 vahid qan komponentləri, yəni eritrosit kütləsi və təzə dondurulmuş plazma buraxılır.

- Bizim ölkədə donordan plazma alınırmı?

- Qan banklarında kifayət qədər plazma ehtiyatı olduğu üçün plazma donorlarına ehtiyac yoxdur.

- Donoran alınan qan nə qədər saxlanılır? İnfeksiyalı qan olduqda onunla necə rəftar olunur?

- Qan çökdükdə 2 təbəqəyə ayrılır: üst hissə plazmadan, aşağı hissə formalı elementlərdən ibarətdir (eritrosit, leykosit, trombosit). Qan hüceyrələri müəyyən müddət yaşayır və tələf olur. Qan komponentlərinin saxlanma müddəti aşağıdakı kimidir: Eritrosit kütləsi – 1-35 gün, +2-6°C. Təzə dondurulmuş plazma – 24 ay, -18-25°C. Trombosit kütləsi – 5 gün, +20-24°C.

Qanın yoxlanması ciddi prosesdir. Bu proses bizim prioritet işimizdir. Donordan götürülən qan nümunələri laboratoriyada müasir cihazlar vasitəsilə 4 infeksiya üzrə yoxlanılır. İl ərzində yoxlanan qanların içində təxminən 7-8 faiz infeksiyalara görə yararsız hesab olunur.

- Bəs donorlara hansı güzəştlər edilir?

- Donorluğun genişləndirilməsi üçün təbliğat lazımdır. Bu işdə bizə bir çox dövlət qurumları, özəl müəssisələr, qeyri-hökumət təşkilatları və ictimai birliklər kömək edir. Ən keyfiyyətli donorluq könüllü və təmənnasız donorluqdur ki, hazırda Azərbaycanda donorluğun bu növü tətbiq olunur. Məcburi və təmənnalı donorluq yox səviyyəsindədir.

Donorların həvəsləndirilməsi üçün qan verən müəssisələrin adına və ya birbaşa donora təşəkkürnamələr təqdim olunur. Məsələn, 2014-cü ilin iyun ayının 14-də Bakıda Ümumdünya Qan Donor gününə həsr olunmuş Azərbaycan Qan Donorlarının I Forumu keçirildi. 2015-ci ilin fevral ayında Gəncə şəhərində “Gənc qan donorlarının birinci regional forumu” baş tutdu. Forumda donorluğu təbliğ edən video-çarxlar nümayiş olundu, mütəxəssislərin çıxışları dinləndi.

2015-ci il iyunun 6-da Bakı şəhərində Azərbaycan Gənc qan donorlarının ikinci forumu keçirildi. Fikrimcə, bu işlərin davamlılığı donorluğun inkişafına öz töhfəsini verəcək. Bundan əlavə, qan və qan komponentləri verən donorların imtiyazları da var.

- Daimi donorlarınız varmı? Ölkədə qana olan ehtiyac tam ödənilir?

- Mərkəzi Qan Bankında qan verən bütün donorlar könüllüdür. Ödənişli donorluq yoxdur. Donorların müəyyən hissəsi qan lazım olan xəstələrin qohumları, müəyyən hissəsi isə daimi donorlardır.

Respublikada donorluğun ildən-ilə inkişafına baxmayaraq, donorların sayının artırılmasına hər zaman ehtiyac var. Çünki qana tələbat hazırda tamamilə ödənilsə də Mərkəzi Qan Bankında ehtiyat qanın olması vacibdir. Qan Bankı fövqəladə hallar üçün hazır olmalıdır. Bunun üçün isə bizə tələbatdan artıq qan komponentləri lazımdır.

- Mərkəzi Qan Bankında indiyədək nə qədər ehtiyat yığılıb?

-Qan bankları strateji müəssisə olduğuna və qan ehtiyatı strateji məlumat sayıldığına görə qan komponentlərinin həcmi açıqlanmır. Qan Bankı və onun bölmələrində hazırkı tələbatı ödəmək üçün kifayət qədər qan ehtiyatı var.

- Qan verən donorlarınız arasında əcnəbilər varmı?

- Donorlar arasında xaricilər də var, onların çoxu Türkiyə, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.

- Nə zaman Qan Bankında ehtiyat az olur?

- Qan ehtiyatı tükənən məhsuldur. Təcili və təxirəsalınmaz hallarda istifadə etmək üçün qan ehtiyatının olması zəruridir. Ehtiyat qan komponentləri tükənməsin deyə qan köçürülən xəstənin yaxınları qanvermə prosesində iştiraka cəlb olunur. Ancaq kütləvi qanvermə aksiyaları zamanı dövlət tibb müəssisələrində müalicə alan xəstələrə tələbnamə əsasında qan əvəzsiz buraxılır. Hazırda “Aşura günü” ilə əlaqədar qanvermə aksiyalarında toplanan qanlar tədarük olunandan dərhal sonra tələb olunan tibb müəssisələrinə əvəzsiz buraxılmaqdadır.

Sadəcə, yay aylarında və Ramazan ayında könüllü donorların sayı azaldığına görə qan ehtiyatı tükənməsin deyə xəstənin yaxınlarını donorluğa cəlb edirik.

- Azərbaycan müharibə şəraitində olan ölkədir. Ölkəmizi kifayət qədər qan ehtiyatı ilə təmin edə bilərikmi?

- Qan donorluğunun inkişafı üçün həm Səhiyyə Nazirliyi, həm də qan donorluğunun təbliği ilə məşğul olan təşkilatlar müntəzəm tədbirlər planı hazırlayıb yerinə yetirilir. Qan ehtiyatı tükənə bilən olduğuna görə hər zaman donorların təmənnasız cəlb olunması mühüm amildir. Hazırkı tələbə görə Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı mövcuddur.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər