17 Oktyabr 2016 13:23
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya statistikasına baxanda inkişaf etmiş, yüksək və orta gəlirli ölkələrdə ürək-damar xəstəlikləri ölümə və əliliyə səbəb olma baxımından bir nömrəli xəstəlik hesab olunur. Bu fakt Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də dəfələrlə vurğulanıb. Hətta Ümumdünya Səhiyyə Təşkilatı birmənalı olaraq qeyri-infeksion xəstəliklər içərisində ürək-damar xəstəliklərinin önümüzdəki yaxın 20 il ərzində böyük problem olaraq qalacağını vurğulayır”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, tanınmış kardioloq Rəşad Mahmudov deyib.

O, qeyd edib ki, dünyanın bir çox ölkələrində, xüsusilə inkişaf etmiş ölkələrdə ürək-damar xəstəlikləri ilə əlaqədar dövlət proqramları inkişaf edir: “Azərbaycana gəldikdə ürək-damar xəstəliklərinin statistikası günü-gündən artır. Bunun ən böyük səbəbi ölkədə 20-30 il əvvəllə müqayisədə səhiyyənin inkişafı və paralel olaraq ortalama ömür həddinin 74 yaş ətrafında olmasıdır. Ortalama ömrün artması ilə yanaşı ürək-damar xəstəliklərinin görülmə ehtimalı var. Çünki erkən yaşda ölməyən insanların bir sonrakı mərhələdə ürək-damar xəstəlikləri ilə qarşılaşma ehtimalı yüksək olur.

Onu da nəzərə almaq vacibdir ki, illər əvvəl diaqnozu qoyula bilməyən xəstəliklərlə bağlı indi yüksək texnoloji avadanlıq və peşəkar mütəxəssislər var. Yəni diaqnozların qoyulması daha asanlaşıb. Bunun da nəticəsində statistikada daha yüksək rəqəmlər görünür. Halbuki daha əvvəllər ani ölüm və infarkt nəticəsində diaqnoz qoyula bilirdi”.

Rəşad Mahmudov daha sonra 2015-ci illə bağlı statistik məlumatları açıqlayıb.

Mütəxəssis deyib ki, 2015-ci ildə olan rəqəmlərinə görə, Azərbaycanda qan dövranı xəstəliklərindən ölən insanların sayı ümumi xəstəliklərlə müqayisədə 57,6 faizdir: “Ölüm və əlilliyə səbəb olma ehtimalı daha çox ürək-damar xəstəliklərinə bağlıdır. Əlbəttə, səhiyyədə son illər bəlli işlər görülür, inkişaf çoxdur. Amma əminliklə onu deyə bilərəm ki, ürək-damar xəstəlikləri ilə mübarizə daha intensiv şəkil almalıdır. Bu təkcə Bakı və mərkəzlərdə deyil, icbari tibbi sığortanın içərisində və yaxud ürək-damar xəstəlikləri üzrə dövlət proqramı içərisində özünə yer tapmalıdır. Çünki sığorta sisteminin tam oturuşaması səbəbindən texnoloji əməliyyatlara görə xəstəxanalara müraciət edə bilməyən xəstələrin sayı çoxdur. Halbuki ölkədə kifayət qədər mərkəz və kadrlar var. Düşünürəm ki, ya ürək-damar xəstəlikləri ilə bağlı mübarizədə dövlət proqramı, ya da icbari tibbi sığortanın bu sahəni əhatə etməsi bu xəstəliklə mübarizədə effektiv nəticələrə səbəb ola bilər”.

Nemət


Müəllif:

Oxşar xəbərlər