AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə gələn il Bakıda Qurban Səidin “Əli və Nino” əsərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Bunu “Report”un Gürcüstan bürosuna müsahibəsində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli söyləyib.
Akademik deyib ki, onun rəhbərliyi ilə Tbilisidə səfərdə olan nümayəndə heyəti Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun rəhbərliyi ilə görüşüb. Konfransın Bakıda keçirilməsi barədə razılıq da bu görüşdə əldə olunub.
Konfransa bir çox ölkələrdən ədəbiyyatşünas alimlər, filosoflar dəvət olunacaqlar.
İ.Həbibbəyli deyib ki, Azərbaycan və gürcü ədəbiyyatşünasları, mədəniyyət işçiləri konfransa qədər ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında “Əli və Nino” əsərinin rolu, münasibətlərimizin gələcək inkişafı ilə əlaqədar prioritet istiqamətlər barədə elmi məqalələr, təhqiqat əsərləri hazırlayacaqlar.
Elmi konfransda, həmçinin, Azərbaycan və gürcü ədəbiyyatının müstəqillik illərində keçdiyi inkişaf yolu, qazanılan uğurlar barədə də məlumatlar dinləniləcək.