Sərbəst iş qrafikinə sahib olmaq yəqin, çoxlarının arzusudur. Hər gün işə gedib-gəlmək, yollarda vaxt itirmək, əlavə xərcə düşmək müasir dövrdə insanları narahat edən məsələlərdəndir. Bu cür çətinlik yaşamış insanlardan biri də jurnalist Asif İsgəndərovdur. O, uzun müddət ailəsindən uzaqda - Bakıda kirayədə yaşayıb. Deyir, aldığı maaş ayın axırına çatmırdı. Ən böyük arzusu axşamlar ailəsinin yanında olmaq, boş vaxtlarında fərdi təsərrüfat işlərini görmək idi. Nəhayət, o, bu ilin əvvəlində arzusuna çatıb. Yaşadığı Kürdəmir rayonunun Dəyirmanlı kəndinə telefon xətti çəkilib, internetə çıxış imkanı yaranıb. Asif hazırda bir neçə saytla əməkdaşlıq edin və aylıq qazancı da ailəsinin xərclərini ödəyir. Üstəlik, boş vaxtlarında fərdi təsərrüfat işlərilə məşğul ola, qonum-qonşunun xeyir-şər işlərində iştirak edə, ailəsinə kifayət qədər vaxt ayıra bilir. Asifin timsalında ölkədə yüz minlərlə, bəlkə də, milyonlarla insan rabitə xidmətlərinin yaratdığı rahatlıqdan yararlana bilirlər. Bu mənada Azərbaycan rabitəsinin 135 illiyindən danışarkən pafoslu ifadələrə yer qalmır. İndi ölkədə elə bir şəxs yoxdur ki, rabitə xidmətlərindən bəhrələnməsin.
Rabitə tarixinə qısa nəzər
Azərbaycan rabitəsinin tarixi 1881-ci ildən başlayır. Ölkəmizdə ilk telefon xətti Bakıda “Nobel qardaşları Cəmiyyəti” tərəfindən çəkilib. Bununla da tarixə düşən Azərbaycan rabitəsi yarandığı gündən 135 il ərzində özünəməxsus inkişaf yolu keçərək bugünkü dövrə çatıb. Bu gün telekommunikasiya vasitəsi kimi internet adi həyat tərzinə çevrilib və ölkədə telekommunikasiya sahəsində aparılan islahatlar onun gələcək inkişafına xidmət göstərəir. 135 yaşlı nazirlik hazırda bu istiqamətdə çox vacib işlər görür, bunun sayəsində respublikada texnoloji mühit qabaqcıl texnologiyaların tətbiqi ilə tamamilə rəqəmsallaşdırılıb. Sovet dövründə Azərbaycan rabitəsində müəyyən işlər görülsə də, 60-cı illərdə respublikamız bu sahədə ittifaqın digər respublikalarından geri qalırdı. Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər rabitə də güclü inkişaf yoluna qədəm qoydu. Üzərindən illər keçdikdən sonra müstəqil Azəraycanı fəlakətdən qurtarıb iqtasdi inkişafa yönəldən H. Əliyev rabitənin inkişafına öz diqqətini əsirgəmədi. Ölkəmizdə İKT sektorunun inkişafının ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003 - 2012-ci illər)” qəbul edilməsi bu sahənin inkişafının başlanğıcı oldu. Rabitə sahəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son dövrlər isə ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı yeni mərhələyə qədəm qoyub.
Rabitənin uğurlarından danışarkən Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peykinin buraxlmasını xüsusilə, vurğulamaq lazımdır. İqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi qarşımızda duran əsas vəzifələrdəndir.
Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace-2” layihəsi istifadəyə verildikdən sonra bu sahədə uğurlarımız daha da artmış olacaq. Bu, ərazisi işğal altında olan Azərbaycana hərbi baxımından da olduqca əhəmiyyətlidir. Çünki düşmənin hərbi qüvvələrinin dislokasiyasını müşahidə etmək üçün peyklərin böyük üstünlüyü var.
Qeyri-neft sektorunda İKT-nin payı
Bu gün dünyada ən gəlirli sahə İKT sektorudur desək, yanılmarıq. Böyük vəsait, investisiya tələb etmədən yaradılan şirkətlər var ki, illik gəlirləri nəhəng zavodların, milyardlıq biznes proqramlarının gəlirlərindən dəfələrlə çoxdur. Məsələn, “Facebook”, “Google”, “Uber” və s. şirkətlər məhz insan zəkasının rabitə sektorunda axtarıb tapdığı yeniliyin nəticəsi olaraq yaradılıb. Virtual biznes sahələrininn yaradılması üçün İKT üzrə mütəxəssislərin olması, ali təhsil ocaqlarında bu sahənin incəliklərinin tədris olunması vacibdir.
Azərbaycanın dövlət büdcəsində əsas pay sahibi neft sektorudur ki, gələcəkdə onun yerinin İKT tərəfindən tutulması gözlənilir. Neftdən sonra ölkə iqtisadiyyatında ikinci prioritet sahə sayılan İKT hazırda birinciliyə iddialıdır. Təcrübə göstərir ki, neft-qaz sektorundan asılılıq böhran vaxtı ölkələrə müəyyən problemlər yaradır. Büdcənin formalaşdırılmasında neftin qiyməti əsas götürülür ki, bu da “qara qızıl”ın qiymətdən düşməsilə müəyyən problemlər yaradır. İqtisadiyyatın şaxələndirilməsi, büdcənin bir mənbədən asılılığını aradan götürülməsi üçün İKT sektoruna dövlət dəstəyinin artırılmasına ehtiyac var.
Hazırda Azərbaycanda 3 böyük sahənin - kənd təsərrüfatı, İKT və turizmin inkişafına xüsusi önəm verilir.
Xatırladaq ki, dövlət başçısının tapşırığına əsasən, “Azərbaycan - 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanıb. Həmin konsepsiyadakı əsas istiqamətlərdən birini “İKT-nin inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi” təşkil edir. Burada əsas məqsəd 2020-ci ilə qədər informasiya cəmiyyətinə keçid təmin edilməli, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilməlidir. 2020-ci ilə qədər “Elektron hökumət” xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da əhali hökumət orqanları tərəfindən göstərilən daha asan, qısa zaman ərzində, keyfiyyətli xidmətlərlə təmin olunacaq.
2020-ci ilə qədər ölkənin regionun İKT xidmətləri bazarına çıxışını təmin etmək məqsədilə tranzit informasiya magistrallarının, regional informasiya resurslarının və şəbəkə idarəetmə sistemlərinin qurulması kimi layihələr də gerçəkləşdiriləcək. Azərbaycan region ölkələri üçün informasiya xidmətlərini ixrac edən bir mərkəzə çevrilməkdədir və artıq bu istiqamətdə də işlər aparılır. Bu gün ölkəmizdən Gürcüstana, İrana, Orta Asiyaya internet xidmətləri ötürülməkdədir. “Azərbaycan 2020: İnkişaf Konsepsiyası”na əsasən, nazirliyin qarşısında duran əsas məqsədlərdən biri də İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı 8 ildə bu sektorun gəlirlərini 8-9 milyard dollara çatdırmaqdır. Araşdırmalar göstərir ki, ümumi inkişafa öz töhfələrimizi vermək üçün qarşıdakı dövrdə İKT sektorunun həcmini bir neçə dəfə artırmaq mümkündür.
Rabitə və sivilizasiya
Sivilizasiyanın mühüm faktorlarından biri də informasiya texnologiyalarının yaradılmasıdır. İKT hər bir vətəndaşı dünya mədəniyyətinə daha tez qovuşdurur. İnformasiyalı cəmiyyətin yaradılması, gənclərin elm və biliklərinin artırılması, mədəniyyətlərarası dialoqun qurulması və s. sahələr məhz kommunikasiya texnologiyaları ilə həyata keçirilir. Sosial şəbəkələr, informasiya saytları, peyk vasitəsilə yayımlanan kanallar bizi qlobal dünyaya qovuşdurur. İKT həm də şirkətlərin qazancını arıtır, istehsalın səmərəliliyinə müsbət təsir edir. Bu gün rabitə xidmətləri sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edib, ictimai-iqtisadi, mədəni münasibətlərin yaranmasında önəmli rol oynayır.
Bəşəriyyətin təxminən 40%-i İnternetdən istifadə edir, mobil əlaqə, ITU və çoxlu sayda aparat qurğularından istifadə edən 6.7 milyard abunəçi böyük multinetwork real vaxtında ünsiyyət yaradır və insan fəaliyyətinin bütün sahələrini əhatə edirlər. Məntiqlə güman etmək olar ki, dünyanın əksər insanları öz vaxtlarının çox hissəsini bu və ya digər formada texnoloji reallığa sərf edirlər. Sivilizasiyanın yeni formaları bütün dünyada bu cür ağıl, informasiya və texnologiya konvergensiyası çərçivəsindən çıxmağa başlayırlar.
Dünyanın etibarlı distant təhsil və tele-qurğular olmadan hamıya xidmət göstərməsini təsvir etmək çətindir. Simsiz qoşulmalara malik İnternet bazalar ucqar kəndlərdə quraşdırılır; İnternetə çıxışı olan mobil telefonlar təhsil və biznes məqsədilə ən az gəlirə malik qruplar üçün nəzərdə tutulmuş; və innovasiya proqramları 2 milyard yoxsul insanın inkişaf edən qlobal sivilizasiya sisteminə qoşulması üçün yaradılır.
Hazırda Azərbaycanda rabitənin inkişafına dövlət səviyyəsində böyük dəstək verilir. 25 illik müstəqillik tarixində Azərbaycan rabitəsi sürətlə inkişaf edib, dünya mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Hər bir ölkə vətəndaşı evdə oturaraq Yer kürəsinin bizə ən uzaq yerlərində baş verən proseslərlə tanış olur, ona mövqe bildirir. Dünya bizə getdikcə yaxınlaşır, uzaqda yaşayan insanlar bir-birinə daha dogma olur, mədəniyyətlər sürətlə qovuşur. Ümumdünya hörümçək torunun vacib hissəsi olan ölkəmiz İKT sahəsində bəşəriyyətə öz töhfəsini verməkdədir. Müasir dövrdə məlumat almaq imkanı güclü olan vətəndaş cəmiyyətinin qurulması gələcək bəşər sivilizasiyasına doğru mühüm addımdır. Rabitə strukturları tərəfindən ölkə əhalisi, müəssisə və təşkilatlara milyonlarla manat həcmində xidmət göstərilib və rabitənin inkişafı ilə bağlı layihələrin icrası davam etməkdədir.
Ruslan Xəlilov
Yazı “Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi- informasiya cəmiyyətinə keçid" mövzusunda keçirilən müsabiqəyə təqdim olunur