Deyirlər, hansı ayda “r” hərfi yoxdursa, o ay balıq yemək olmaz. İnsanlar bu deyimin yanlış olduğu bilsələr də, onlar üçün balıq mövsümü sentyabr ayından başlayır. Biz də payızı gözlədik, nəhayət, yolumuzu “Yaşıl bazar”dan saldıq.
Bazarda əvvəlki illərdən fərqli olaraq balıqlar piştaxta üstündə deyil, buzla örtülmüş akvarium və şüşə qablarda satılırdı.
İlham Novruzov deyir ki, bazarda yalnız təzə balıq satır: “Müştərilərimə hər gün təzə balıq təklif edirəm. Uşaqlıqdan balıqçılıqla məşğulam. Hansı balığın təzə və ya köhnə olduğunu baxan kimi bilirəm. Lənkəranda yaşayanda atam xəstə olurdu, işləmirdi. Anamla mən balıq alıb-satırdıq. Satış zəiflədi, balıq alıb rayondan Bakıya gətirdik, “28 May” metrosu qarşısında satmağa başladıq. 10 ildən çoxdur “Yaşıl bazar”dayam. İşim isə həminkidi: balıq satmaq...”
Ancaq həmsöhbətimiz daha rayondan özü balıq gətirmir. Balıq gətirənlərdən alıb satır: “Qiymət də tez-tez dəyişir. Hava küləkli, dəniz dalğalı olanda balıqçılar suya girib, balıq tuta bilmirlər. Onda bazar qıtlaşır, qiymət qalxır. Elə ki hava düzəlir, balıq tora yaxşı gəlir, qiymət də aşağı olur. Dünən baha olan balıq bu gün ucuz və ya daha baha ola bilər.
Satdığımız balıqların əksəriyyəti Mingəçevir, Lənkəran, Neftçala, Şəmkir rayonlarından gətirilir. Hər gün səhər saat 6-da mənim balıq alan vaxtımdır. Bakı ərazisində tutulan balıqlara yaxın durmuram. Səbəb odur ki, neft olan ərazilərdə balıqlardan neft iyi gəlir”.
“Yaşıl bazar”da balıq məhsulları bölməsində 15 növ balıq satılır. Təbii şəraitdə yetişən balıqların 1 kilosu 4 manatdan başlayır.
İlham deyir ki, kütüm balığının 1 kilosu 7-12, xanı 5-7, farel 14, berj 11, şamayka 3-5, sudak 6-12, nərə balığı 40-45 manatadır. Nərə balığının 1 dənəsi 6-7 kilo gəlir: “Onu bütöv alan alıcılarımız da olur. Çox nadir hallarda qızıl balıq da satırıq”.
Digər satıcı Vüqar isə mağazada süni yetişdirilmiş balıq da satır: “Yetişdirmə balıqlar suda diri qaldığı üçün alıcılar onlara maraq göstərirlər. Süni yetişdirilən balıqlara yem verilmədikdə onlar suyun dibində yaranan bataqlığı yeyir, balığın ətinə iy çökür və balıqdan iy gəlir. Onlara əsasən arpa və yonca verilir. Alıcılar təbii balıq alırlar, amma yetişdirmə balıq burda şüşə qabda diri saxlanıldığı üçün onları almaq istəyənlər də az olmur”.
Satıcılar deyir ki, əsasən süni şəraitdə belamur, xanı, sazan balıqları yetişdirilir: “Məsələn, 6 ay ərzində 50 qramlıq balıq kiloyarıma çatır. Yetişdirmə balıqları 2 il suda saxlamaq olur. Bu müddətdə ona yem verilir və böyüdülür. Həmin balığın kilosu 5-7 manat arası dəyişir”.
Satıcı İlhamın sözlərinə görə, buzda saxlanan balıqlar zərərli deyil: “Soyuducuya qoyduqdan sonra donu açılsa, təkrar onu soyuducuya qoymaq zərərlidir. Mağazalarda buzlanmış halda saxlanan balıqlar da zərərli olmur. Çünki temperatura uyğun saxlanır”.
Həmsöhbətim deyir ki, bəzi satıcılar ölü balığı diri balığa qarışdırıb satırlar: “Mən bir-bir seçib götürürəm. Suda ölən balıqları almıram, amma küçədə əllərində balıq satanlar ölü balığı alıb, diri balıqların içinə atırlar. Diri balıqlar suda tərpənir deyə, alıcı elə bilir ki, yanındakılar da diridir. Onlar küçədə balığı satıb gedirlər. Amma mənim daimi yerim var. Ölü balıq satsam, müştəri gəlib, mənə deməz ki, ayıb deyil, ölü balıq satırsan?
Bəzən alıcı irad tutur, deyir ki, məhlədə bu balığı 5 manata verirlər, sən 6 manata satırsan. Elə qapının ağzında ucuz alaram, niyə uzaq yol gəlib, səndən baha qiymətə balıq alım ki? Mən də izah edirəm ki, küçədə satılan balıqları almayın. Balığı 1 manat baha alın, amma zəhərlənib, ölməyin”.
Satıcı Vüqar deyir ki, onlar balığın yaxşı satılan günlərini bilirlər: “Həftəiçi alıcılarımız az olur. Müştərilərimizin əksəriyyəti daimi alıcılar olduğu üçün kimin hansı gün balıq almağa gələcəyini bilirik. Məsələn, şənbə-bazar 100-250 kilo balıq satıramsa, onun 150 kilosunu daimi alıcılarımız alır. Keçən həftənin 3-cü günü bayram idi. Həmin gün balığı çox gətirdik. Bayramda hamı evdə oldu, balıqlar elə həmin gün satıldı. Daha çox tıxsız və təbii balıqlar alınır. Günün sonunda balığımız qalarsa, onu duzlayıb saxlayırıq”.
Satıcı İlham “r” hərfi olmayan aylarda balıq yeməyən insanların yanlış düşündüklərini deyir: “Təzə balıq hansı ay olur-olsun yeyilə bilər. Əsas odur, alıcı balığı alarkən diqqətli olsun”.
Satıcı balıq alarkən nələrə diqqət yetirməli olduğumuz barədə də danışdı: “İlk əvvəl balığın qulağını iyləmək gərəkdir. Əgər qulağından iy gəlirsə, demək, ətindən də iy gələcək. Təzə balığın qəlsəmələrinin rəngi qırmızı və ya tünd qırmızı olur. Daha sonra balığın gözünə diqqət yetirməlisiz. Gözün içi aydın və şəffafdırsa, deməli, təzədir, bulanıqdırsa köhnədir. Köhnə balıqda qəlsəmələr tünd boz rəngə çalır.
Balığın üz səthi şəffaf və selikli, pulcuqları hamar olmalıdır. Deyirlər ki, balığın üzərindən barmağımızla basdıqda, basılmış hissə 3-4 saniyə ərzində əvvəlki vəziyyətinə qayıtmırsa, demək, balıq köhnədir. Bu, yanlışdır. Çünki elə balıq var ki, onun sümüyü olmur. Barmağınızı üzərinə basdıqda , həmin nahiyə əvvəlki vəziyyətə gec qayıdır”.
Mağazaya gələn insanların əksəriyyəti buradan balığı alır, təmizlətdirib, aparırlar.
Satıcılar deyir ki, onlar balıqları təmizlədikləri üçün əlavə pul istəmirlər: “Müştərilərimiz balığı aldıqdan sonra təmizlətdirməyi arzulayırlarsa, biz də təmizləyirik, hazır şəkildə evlərinə aparırlar. Bəzi insanlar balığı doğrayanda bıçağı onun daxilinə dərin salır, nəticədə öd ətə yayılır.
Gün ərzində hər birimiz 50-100 kilo balıq satırıqsa onun 70 kilosunu təmizləyib veririk. Bu da təxminən 50-70 balıq deməkdir. Balığı təmizlədiyimiz üçün pul istəmirik, müştəri özü istəsə pul verir”.
İlhamə ƏBÜLFƏT