Milli Məclis “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihəni müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov danışıb. Deputat deyib ki, layihədə yalnız qanunun 16-cı maddəsinə dəyişiklik təklif edilir.
Qeyd edək ki, qanunun 16-cı maddəsinə edilən dəyişiklikdə qeyd edilir ki, İnsan orqan və ya toxumalarının transplantasiyasının reklamı yalnız tibbi sahədə ixtisaslaşan mətbuat nəşirlərdində yayımlana bilər.
Komitə sədri qeyd edib ki, bu dəyişiklik əslində sözügedən qanunu “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə sual edib ki, ixtisaslaşmış mətbu orqanı kim müəyyən edəcək? Onun fikrincə, informasiya azadlıqları haqqında qanun var və informasiyanın yayılması azaddır: “Ən ciddi media orqanlarında xüsusi bölmələr var və orada elmi məsələlər də yer alır. İkincisi, o sözlərin ki, Azərbaycan dilində qarşılığı varsa, niyə ondan istifadə etmirik? Məsələn, "transplantasiya" orqan köçürməsi deməkdir. Məncə, belə hallarda öz dilimizdən istifadə edilməlidir. İqtisadi qanunlarda da bu hallar müşahidə edilir. Məncə, bu məsələ nəzərə alınmalıdır”.
Deputat daha sonra deyib ki, mövcud qanunvericiliyə görə, yalnız ailə üzvləri, qohumlar bir-birinə orqan verə bilər: “Qəza zamanı insanlar həyatlarını itirirlər və bu zaman başqa insanlara nəfəs verilə bilər. Biz qanunvericilik qəbul etməliyik. Bunu nəhayət, etməliyik. Hər il yollarda baş verən qəzalar zamanı minə yaxın insan həyatını itirir. Əksəriyyəti kəllə-beyin zədəsindən. Hansı ki, bu orqanlarla yüzlərlə insana həyat verilə bilər. Hesab edirəm ki, bu vəfat edən insanların yaxınları üçün də bir təsəlli olardı. Məncə, media da bu istiqamətdə ciddi maarifləndirmə işi aparmaldıır”.
Əhliman Əmiraslanov isə deyib ki, Q. Həsənquliyevin terminlə bağlı qaldırdığı məsələni o dediyi kimi yazmaq da olar: “Amma terminlərin qalması məncə, daha məqsədəuyğundur. Mən terminlərin Azərbaycan dilinə uyğunlaşdırılmasının əleyhinə deyiləm. Amma bütün terminlərin də uyğunlaşdırılmasına lüzum görmürəm. İkincisi, qanun mükəmməl hazırlanıb və qəbul edilib. Onu yenidən hazırlamağa ehtiyac yoxdur”.
NEMƏT