Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanovun meyitinin hələ də qaytarılmaması ilə bağlı bəyanat yayıb.
QAT-dan Teleqraf.com-a daxil olan bəyanatda deyilir: “Qarabağ Azadlıq Təşkilatı ötən ilin son günlərində cəbhə xəttində qarşıdurma zamanı həlak olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinə münasibətdə işğalçı Ermənistan rejimi və xəstə erməni cəmiyyətinin vəhşi hərəkətlərini bir daha beynəlxalq birliyin nəzərinə çatdırır. Ermənistan rejimi bir həftədən artıqdır ki, meyiti Azərbaycan tərəfinə qaytarmaqdan imtina edir.
Cinayətkar Ermənistan rejimi Xocalı soyqırımı və digər kütləvi qətliamlar zamanı olduğu kimi, bu dəfə də meyiti əcaib vəziyyətə salıb, əcaib vəziyyətə salınmış meyitin fotoşəkillərini kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayıb, təhqiramiz ifadələr işlədiblər”.
QAT bildirir ki, bütün bunlar Ermənistan hakimiyyətinin və cəmiyyətinin həqiqi mahiyyətini bir daha nümayiş etdirir: “Onlar Cenevrə konvensiyalarını, bütün beynəlxalq hüquq normalarını, insani qaydaları kobud şəkildə pozur, bəşəri xüsusiyyətlərin onlara aid olmadığını bir daha nümayiş etdirirlər. Onlar hələ də müasir birgəyaşayış qaydalarına, sivil normalara yad olduqlarını göstərir, orta əsrlərin vəhşi cəngəllik qanunları ilə yaşayırlar. Bu hadisə bir daha göstərir ki, Ermənistanla sivil danışıqların davam etdirilməsinin, meyitlərdən intiqam alan vəhşi cəmiyyətlə dialoq aparmağın, “sülh platformaları” imzalamağın, təmaslar qurmağın heç bir mənası yoxdur. Torpaqlarımızı bu vəhşilərin əlindən yalnız hərbi yolla alıb azad edə bilərik”.
Səxavət