9 Yanvar 2017 16:49
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba Rayon Məhkəməsində zorakılıqla üzləşən 10 yaşlı Nuray Bayramzadənin qarşılaşdığı situasiya ilə bağlı müzakirələr hələ də davam edir.

Teleqraf.com-un məlumatına görə, müzakirələr iki istiqamətdə gedir. Bir qrup hesab edir ki, Nuray Bayramzadəni qəti şəkildə atası Əvəz Bayramova vermək olmaz, çünki bu yaşınadək qızı ilə maraqlanmayıb və aliment ödəməsin deyə indi iddia qaldırıb. Digər kəsim hesab edir ki, Nuraya ana deyə çağırdığı xalası Mehriban Eldarova təzyiq edir və atasını ona düşmən obrazında tanıdıb.

2006-cı il təvəllüdlü Nuray Bayramzadə özü qeyd edib ki, xalası ilə birgə qalmaq istəyir. O deyib ki, ilk dəfə atasını məhkəmə prosesində görüb, onunla birgə yaşamaqdan qorxur. Baş verən hadisə ilə əlaqədar tərəflər Bakıya, Ədliyyə Nazirliyinə çağırılıblar.

Qeyd edək ki, sosial şəbəkələrdə 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı atası və məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşməsinin əks olunduğu video yayılıb. Nuray Bayramzadə anası Rübabə Xudaverdiyevanı kiçik yaşında xərçəng xəstəliyindən itirib və xalasının qəyyumluğunda yaşayır. Ata Əvəz Bayramov illərdir məhkəmələrə müraciət etdiyini və qızının xalası və nənəsi tərəfindən gizlədildiyini, övladının bacanağının himayəsində yaşamasını istəmədiyini deyib.

Situasiya ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yeni faktlar ortaya çıxarıb. O, həm Nurayın xalası, həm də atası ilə görüşdüyünü söyləyib. Onun fikrincə, hər bir uşaq ailə münaqişələrində alətdir: “Bəzi valideynlər uşaqlarla danışarkən şantaja və hədə-qorxuya keçir. Amma heç kəs düşünmür ki, bu, uşağın psixologiyasına təsir edir. Nuray bir nümunə idi, o, psixoloji təzyiq altındadır və psixoloji durumu yaxşı deyil. Uşaqda neyrodermit başlayıb. Bu, böyük fəsadlar verə bilər. Nurayın sözləri sanki öncədən öyrədilmiş təsiri bağışlayır. Uşaq illər boyu bu qalmaqalların içindədir və çox ayıq uşaqdır. Onu da bu proseslər elə formalaşdırıb”.

Kəmalə Ağazadə qeyd edib ki, həmişə ictimaiyyətə ailə modelinin qorunub-saxlanması aşılanır və belə olan halda Nuraya sahib çıxmaq atanın linç edilməsi doğru deyil: “Cəmiyyət və mətbuat videomaterialda uşağa qarşı zorakılıq faktını vurğulayır. İstəməzdim ki, fikirlərim müdafiə kimi qiymətləndirilsin. Atanı təhqir etmək, onun səhvlərini demək olar, ancaq ata üçün illər ərzində övladı ilə görüş şəraitinin yaradılmamasını dilə gətirən oldumu?”

QHT sədrinin sözlərinə görə, araşdırmalar nəticəsində məlum oldu ki, Əvəz Bayramov bir neçə il öncə qızı üçün aliment göndərib, ancaq vəsait ünvana çatmayıb: “Ata tərəfindən 2009-cu ildən aliment poçt vasitəsi ilə xalaya ödənilsə də Mehriban xanım iddia edir ki, vəsait almayıb. Ancaq Mehriban xanım atanın göndərdiyi vəsaitlə bağlı bank çıxarışlarını da göstərdi. Sual olunur: o zaman bu vəsait niyə Mehriban xanım tərəfindən qəbul edilməyib? Əvəz bəy 6 il ərzində dəfələrlə məhkəməyə müraciət edib və nəticəni sizlər videomaterialda da gördünüz. Uşaqla ünsiyyətin qurulmasına ata tərəfindən dəfələrlə cəhd göstərilib, amma qaçırılıb, gizlədilib. Videomateriala görə situasiyaya qiymət vermək doğru deyil. Əslində, orada iki tərəf arasında mübahisə yaranıb, təhsil şöbəsinin nümayəndəsi orada olub və bu işə müdaxilə edib, tərəfləri ayırmaq istəyib. Sadəcə olaraq, qeyri-peşəkar yanaşma olub, sosial işçi, psixoloq olmayıb deyə nəticədə ortaya belə kadrlar çıxıb. Məhkəmələrdə boşanma proseslərində onlarla bu cür hallar olur ki, uşağı ananın əlindən alıb ataya verirlər və ya”.

Uşağın ataya verilməsi haqda məhkəmə qərarının ötən ilin martında çıxdığını xatırladan Kəmalə Ağazadə bildirib ki, o zaman Nurayın 10 yaşı tamam olmadığından onun fikri əsas götürülməyib: “İndi yanvar ayıdır, icra məmurlarının otağında bu prosesi həyata keçiriblər, məcburi şəkildə uşağı alıb ataya vermək qərarı alıblar. Hamımız deyirik ki, uşaq onun üçün yaxşı olan yerdə qalmalıdır. Bu fikirləri 10 yaşlı Nuray üçün deyirik, 5 ildən sonra yetkinlik yaşına çatanda nə olacaq? Atanın da hüququnu nəzərə almaq lazımdır. Onun da övladı ilə görüşmək haqqı var. Nə qədər ailələrimiz var ki, illərlə uşaqlarına yaxın durmayıb, sonra görüşəndə humanistcəsinə qəbul edirik ki, şükür, ata tapıldı, uşağa sahib çıxır. Biz bunu alqışlayırıq. Ancaq Nurayın atasını dışlayırıq ki, yaxın gəlməsin”.

Onun sözlərinə görə, ata və xalanın qərəzli yanaşmaları var: “Ata iddia edir ki, aliment verirəm, amma indi uşağımı istəyirəm, Nurayın Mehriban xanımda saxlanılmasının səbəbi vəfat edən ananın adına evin olmasıdır. Digər tərəf də bildirir ki, Nurayı atası alimenti verməmək və anasının vəfatına görə alacağı 200 manat və vaxtilə ananın adına olan evi əldə etmək iddiasıdır. Mehriban xanım mənə söylədi ki, qohumların əlində olan imkanları ortaya qoyub bacısını xilas etməyə çalışıblar. Pul bitəndən sonra evləri satlığa qoyublar, bacısının adına olan ev deyil, öz evi satılıb və pulu bacısının müalicəsinə yönəldib, daha sonra bacısının adına olan evə köçüb. Əslində, məsələsinin necə olduğunu öz vicdanları bilər. Mənə deyilən iddiaları media ilə bölüşürəm”.

K.Ağazadə Nuray Bayramzadənin hər dəfə mediaya müsahibə verməklə yeni travma aldığını dilə gətirib: “Uşağın xalası ilə birgə kameralar qarşısında necə müsahibə verdiklərini gördükdən sonra düşünürəm ki, ailələr arasında olan münaqişə və küsülülük aradan qaldırılana və Nurayın reabilitasiya müddəti bitənədək o bütün bu proseslərdən uzaq tutulmalıdır! Təəssüf ki, artıq Nuray bir neçə dəfə müsahibə verib və xalası heç düşünmür ki, uşaq hər dəfə yeni travmalar alır”.

Nurayla görüşən deputat Qənirə Paşayeva bildirib ki, əsas istək Nuray Bayramzadənin əziyyət çəkməməsidir: “Deputat, qadın və vətəndaş kimi Nurayla görüşdüm, körpə uşaqdır, ona dəstək verdiyimizi, yanında olduğumuzu söylədik. Problemin həlli istiqamətində cavabdeh şəxs mən deyiləm. Bu mövzuda hər hansı açıqlama verməyim doğru deyil. Ədliyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıqlama verməlidir. Bu cür proseslərdə uşaqların əziyyət çəkməsi çox ağrıdıcıdır. Hamımızın istəyi ondan ibarətdir ki, Nuray bu prosesdə ağrımasın, psixoloji vəziyyəti pozulmasın. Bu situasiya uşaq üçün asan deyil.

Uşaq xalasının əlini bir dəqiqə də olsun buraxmırdı. Xeyli söhbət elədik, ciddi psixoloji sarsıntı keçirib, hiss edirdik ki, əsəbidir, stressdədir, danışanda ürəyi tez-tez döyünürdü. 10 yaşında uşağın belə halı yaşaması insanı üzür. Hazırda mütəxəssis tərəfindən psixoloji yardıma başlayıb. Hamımızın istəyi odur ki, balaca Nuray əziyyət çəkməsin. Sonrakı həyatına ciddi şəkildə təsir edəcək stressdən uzaq qalmasına çalışmaq lazımdır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər