İspaniyanın Madrid şəhərində 6-cı Beynəlxalq Yumor Müsabiqəsi başa çatıb.
Teleqraf.com-un məlumatına görə, müsabiqənin final mərhələsinə 77 əsər vəsiqə qazanıb. Həmyerlimiz, bir çox beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı, rəssam Soltan Soltanlı sözügedən yarışmada 2-ci yeri tutub.
Bu haqda rəssam məlumat verib: “Yarışmada ötən ilin yayında işlədiyim “Kalva ətrafında döyüş” əsərim ikinci yerə layiq görülüb. Bu əsəri öncə yağlı boya ilə kətan üzərində yaratmışdım (60x90 sm ölçüdə).
Sonradan əsərin qrafik variantını kağızda işlədim və fotosunu müsabiqəyə göndərdim”.
Adıçəkilən müsabiqədə birinci yeri Monteneqrodan Darko Drkjevic, üçüncü yeri isə Taylanddan Tovan Çuntraskoun qazanıblar.
Müsabiqənin final mərhələsinə adlayan 77 əsərdən ibarət sərgi yanvarın 17-dən fevralın 26-na kimi nümayiş etdiriləcək.