Mikayıl Cabbarov təhsillə bağlı sənədlər təsdiqləyib
Təhsil naziri Mikayıl Cabbarov "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" əmr imzalayıb. Nazirliyin rəsmi saytı xəbər verir ki, əmrə əsasən "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları", "Müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu" və digər müvafiq sənədlər təsdiq edilib.
Bu əmrlə 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun keçirilməsi üçün müsabiqə və apelyasiya komissiyalarının tərkibi də təsdiqlənib.
Yeni qaydalara əsasən, müəllimlərin işə qəbulu müsabiqə əsasında keçiriləcək. Müəssisələrdə digər pedaqoji kadrların işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanın razılığı əsasında müəssisələrin rəhbərləri tərəfindən icra olunacaq.
Həmçinin təhsil nazirinin əmri ilə ümumtəhsil məktəblərinin tədris planında "İctimai fənlər" bölmələrində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müvəqqəti əmək müqaviləsi ilə işə qəbulu qadağan olunub.
"Bu, sırf kadr siyasətidir"
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev nazirin əmrini belə şərh edib: "Bu, sırf kadr siyasətidir, Təhsil Nazirliyinin daxili işidir".
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu isə nazirin imzaladığı son sənədləri ilk növbədə korrupsiyaya qarşı addım hesab edir. O, eyni zamanda subyektiv amillərin nisbətən qarşısının alınması üçün sənəddə xeyli dəqiqləşmələrin aparıldığını vurğulayıb: "Hər halda müəyyən müsbət cəhdlər var. Rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə göstərilən həvəsləndirmə tədbirləri ilə yanaşı hər ay əmək haqqına 70 manat əlavə olunması, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 misli həcmində birdəfəlik yardım olunması yenilikdir. Doğrudur, bu məbləğlər qədərincə deyil. Çünki müəllimin güzəranı bugünkü həyat səviyyəsindən çox aşağıdır. 70 manat məbləğ 3 dəfə artırılmalıdır ki, müəllim ucqar bölgədə işləməyə razılıq versin. Qaydalarda hətta kitabxanaçıların işə qəbulu ilə bağlı da dəyişiklik var".
"Təhsil nazirinin iradəsindən kənarda məktəblərdə alış-veriş davam edir"
Nabatəli Qulamoğlu bildirib ki, belə sənədlərin imzalanmasında təhsil mütəxəssislərinin də müstəsna rolu var: "Nazir hər hansı qərarı verməzdən öncə bu məsələləri təhsil mütəxəssisləri ilə müzakirə edir. Ona görə də həmin mütəxəssislər təhsil sahəsindəki problemləri dəqiq araşdırmalı və müvafiq, keçərli təkliflər verməlidirlər. Bu təkliflər elə mükəmməl olmalıdır ki, təhsil bir ayağı üstdə qalmaqdan xilas olsun".
Təhsil naziri son hesabat iclasında da, bu qaydalarda da bildirib ki, prezidentin korrupsiyaya qarşı mübarizə tədbirlərinə yönəlik addımlar atılır. Görünür, belə bir vəzifə Təhsil Nazirliyi qarşısında da qoyulub. Təhsil naziri korrupsiyaya qarşı nə qədər mübarizə tədbirləri üçün cəhdlər etsə, müəyyən tədbirlər görsə də, onun iradəsindən kənarda bu gün məktəblərdə alış-veriş, işə qəbulda subyektiv amillər bu gün də davam edir.
Nazirlər Kabinetinin iclasında da hamı şahid oldu ki, təhsil naziri təhsil sahəsində baş verən qanunsuzluqları sadaladı. Mürtəce qüvvələr bu sahədə o qədər əlbir olub ki, tətbiq olunan güzəştlərdən də əksər hallarda bu qüvvələr yararlana bilir. İşə qəbulla bağlı nazir cəhd edir ki, neqativ halları aradan qaldırsın, amma qaydalarda imtahandan sonra müsabiqələr tətbiq edilir, bu zaman subyektiv amillər rol oynayır. Bütün bunlara eyni zamanda nəzarət etmək mümkün deyil. Ona görə elə bir mexanizm qurulmalıdır ki, subyektiv amillərə imkan yaranmasın".
Xaricdə təhsil alan müəllimlərin "ictimai fənlər" üzrə saathesabı dərs deməsinə qada qoyulmasını isə təhsil eksperti belə şərh edib: "Əslində bu, məntiqsizdir. Çünki "Noostrikifasiya haqqında" qanuna görə, xarici ölkədə təhsil alan vətəndaş qanuni akkreditasiyadan keçirsə, o öz ixtisasına uyğun iş yeri ilə təmin oluna bilər.
Amma bu qaydanın tətbiqi əslində onunla əlaqədardır ki, xaricdə təhsil almış məzunlar məktəblərə dəvət edilir, direktorlar onlarla danışıqlara gedirlər. Tutaq ki, müqavilə üzrə həmin müəllimə 150 manat verilməlidir, amma danışıq əsasında bunun 50 manatı direktora çatır. Bu cür halların qarşısını almaq üçün nazir belə əmr imzalamağa məcbur olub".
Sevil HİLALQIZI