13 Fevral 2017 17:29
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 12-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və təşkilatın digər əməkdaşları Tərtərin Həsənqaya və Şıxax kəndlərinə səfər ediblər. Qeyd edək ki, bu kəndlər təmas xəttinə, işğal altında olan Sərsəng su anbarı və aprel döyüşləri zamanı Azərbaycan ordusunun əməliyyatlar keçirdiyi Talış kəndinə çox yaxın məsafədə yerləşir.

BAMF-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, təşkilatın sədri Ümid Mirzəyev səfərlə bağlı təəssüratlarını sosial şəbəkədəki hesabında izləyiciləri ilə paylaşıb: “Tərtərə bu dəfəki səfərim maraqlı anlarla yadda qaldı. Rəhbəri olduğum BAMF təşkilatına təcrübə üçün gələn ADA universitetinin vyetnamlı tələbəsi Linh Tongun Kəlbəcərli məcburi köçkün ailəsindən olan balaca Peymanın hekayəsindən sonra hönkür-hönkür ağlaması məni də kövrəltdi. Peyman erməni işğalı nəticəsində ailəsinin pənah gətirərək Tərtərin Həsənqaya kəndində məskunlaşdıqlarını, bu illər ərzində çəkdikləri əziyyəti və təmas xəttində baş verən qanlı qarşıdurmaları uşaq səmimiyyəti ilə anladırdı. Ling dözməyib Peymanı bağrına basdı və ona xatirə kimi öz papağını hədiyyə etdi. Həqiqətən bizim acılarımız düzgün ünvana çatdırılanda mümkün deyil ki, bu hekayələrdən, xatirələrdən təsirlənməyəsən.

Daha sonra Linh və köməkçim Anastasia V.Lavrina ilə birlikdə Tərtərin Şıxax kəndində də olduq. Onlara kənddə dağıntılara məruz qalan Marağa abidəsini göstərdim və bu abidə haqqında məlumat verdim. Deyərdim ki, məhz XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən on minlərlə erməni əhalisinin köçürülməsi və onların bu bölgədə süni surətdə çoxaldılması sonradan Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə nəticələnib. Ermənilərin Qarabağa gəlmə olduqları tarixçilərin tədqiqatlarında da öz əksini tapıb. Tərtərdəki “Marağa – 150” abidəsinin tarixçəsi isə ermənilərin Qarabağa köçürüldüklərini sübut edən faktlardan yalnız biridir.

Hər şeyə rəğmən həyat davam edir. Bu kəndlərdəki bizim insanların gözündə mən ümid işığı gördüm. Məlum olduğu kimi, cənab Prezidentin müvafiq sərəncamlarına əsasən Həsənqaya və Şıxax kəndlərində bir sıra vacib infrastuktur işləri görüləcək. Kəndlərdəki bərpa işləri çərçivəsində Həsənqayada hazırda 3 ev tikilir, daha 18 ev də tikiləcək. Şıxax kəndində isə 78 ev tikiləcək. Bu yaşayış yerlərinin yaxınlığında isə Prezidentin sərəncamına əsasən 1070 ailəlik qəsəbə salınacaq. Yaşamaq və yaşatmaq ümidi ilə biz Tərtərdən ayrıldıq ...”


Müəllif:

Oxşar xəbərlər