Fövqəladə Hallar Nazirliyi və Avstriyanın Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində fevralın 12-dən etibarən Qəbələ rayonu ərazisində qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə keçirilən təlimlər fevralın 19-da başa çatıb.
Teleqraf.com xəbər verir ki, təlimlərə FHN-in Şimal-qərb Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Təlimlər nəzəri və praktiki məşğələlərdən ibarət olub. Məşğələlərdə şəxsi heyətə qar uçqunu altında qalanların axtarışı və xilas edilməsi zamanı xüsusi vasitələrin tətbiqi, ekstremal şəraitdə davranış qaydaları, səmti müəyyən etmə, dağ relyeflərində xizəksürmə və xəsarət alanların daşınması tədris edilib.
Təlimlər zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunun kinoloqları və xüsusi təlim keçmiş itləri də qar uçqunu altında qalanların axtarışı və xilas edilməsinə cəlb edilib.
Sonda nazirliyin Aparatının əməkdaşları və avstriyalı mütəxəssislər tərəfindən xilasedicilərə tədris olunmuş mövzular üzrə nəzəri və praktiki imtahanlar keçirilib və onlara sertifikatlar təqdim olunub.
İlhamə ƏBÜLFƏT