Türkiyənin Bolu vilayətində Qarabağ parkı və ilk Xarıbülbül abidəsinin açılışı olub.
Teleqraf.com xəbər verir ki, bu haqda Milli Məclisin deputatı Qənirə Paşayeva sosial şəbəkədə məlumat paylaşıb. Açılış mərasimində Azərbaycan və Türkiyə millət vəkilləri, ziyalılar, Bosniya, Zivinice bələdiyyə başqanı, Bolu valisi və bələdiyyə başqanı, QHT və KİV rəhbərləri iştirak edib. Bolu bələdiyyə başqanı Alaeddin Yılmaz Qarabağ parkının açılışında iştirakdan və deputat Qənirə Paşayevanın Qarabağ parkının salınması ilə bağlı ideyasının reallaşmasına görə məmnun olduğunu deyib. Xarıbülbül abidəsi qoyulmuş Qarabağ parkında hər iki qardaş ölkənin bayrağının birgə dalğalanacağını vurğulayan bələdiyyə başqanı qısa zamanda Azərbaycanın işğal altında olan torpaqlarının azad olunacağına ümid etdiyini söyləyib: "Bunun üçün birlikdə mübarizə aparacağıq. Heykəlin Azərbaycanda hazırlanaraq Boluya gətirilməsini öz üzərinə götürən Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Qənirə Paşayevaya, Yeni Yurd İctimai Birliyinin sədri Mahirə Əsədovaya, heykəltaraş Akif Əsgərova bolular adından təşəkkürümüzü bildiririk. Abidə Bolu üçün çox böyük bir hədiyyədir".
Azərbaycana böyük sevgi bəslədiyini söyləyən Bolu valisi Aydın Baruş bildirib ki, Qarabağ, Xocalı soyqırımı ağrısı bütün türklərin ağrısıdır. O, bu problemin birlikdə həll ediləcəyinə ümid etdiyini qeyd edib. Böyük bir ərazini əhatə edən Qarabağ parkını ziyarət edən hər bir insan Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı məlumatlar əldə edə biləcəklər.
Qənirə Paşayeva Bolu bələdiyyə başqanına və parkın açılışında əməyi olan hər kəsə təşəkkür edib. O, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə qayıda bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib: "Azərbaycan və Türkiyə uğrunda şəhid olan bütün insanlarımızın qarşısında baş əyərək, qazilərimizi sayğı ilə anırıq. İki qardaş ölkə Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin söylədiyi kimi bir millət, iki dövlətdir və bu gün Boluda Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı dosta da, düşmənə də ciddi bir mesajdır. Harada doğulmasından və yaşamasından asılı olmayaraq hər bir türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.
Millət vəkili qeyd edib ki, Xarıbülbül abidəsinin üzərində Azərbaycan və bütün türk dünyasınını böyük şairləri və aydınlarının, Molla Pənah Vaqif və Xan qızı Xurşudbanu Natavanın kiçik heykəlləri, qədim Şuşa məscidi, muğam üçlüyü, Xocalı soyqırımını əks etdirən fəryad edən ana abidəsi öz əksini tapıb.
Yeni Yurd İctimai Birliyinin rəhbəri Mahirə Əsədova da Boluda belə bir heykəlin açılması ilə bütün şəhidlərimizin ruhunun şad olduğunu deyib: "İnşallah belə abidələr yaxın zamanlarda ali baş komandanımızın rəhbərliyi ilə işğaldan azad edəcəyimiz gözəl Qarabağımızda da ucalsın".
Çıxışlarda sonra Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova canlı olaraq Qarabağ şikəstəsini ifa edib. Bu zaman Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub, parkın və abidənin lenti kəsilib, şəhidlərin ruhuna dualar oxunub.
Nərgiz