1 Mart 2017 14:54
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müşfiqin heykəli ən qısa zamanda bərpa olunacaq.

Mikayıl Müşfiq abidəsinin yenidən həmin ərazidə, əvvəlki görkəminə heç bir xələl gəlmədən quraşdırılacağı yer müəyyən olunub.

Mədəniyət və Turizm Nazirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, martın 1-də Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, həmçinin mütəxəssislərin iştirakı ilə əraziyə baxış keçirilib.

Zakir Sultanov tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsinin yolverilməz olduğunu bildirib: “Göründüyü kimi, heykəl olduğu ərazidən götürülüb. Ərazidə tikinti işləri gedir. Bu gün bura toplaşmağımızın da əsas məqsədi heykəlin yenidən bu ərazidə bərpa olunmasının ən qısa zamanda həyata keçirilməsini təmin etməkdir. Görkəmli şairimizin heykəli elə bu ərazidə, yaşayış binasına yaxın yerdə qoyulacaq. Ərazidə yaşıllaşdırma və abadlıq işləri də aparılacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb. Düşünürəm ki, təxminən 1 ay müddətində heykəl yenidən burada ucaldılacaq”.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə mətbuata açıqlamasında bildirib ki, görkəmli şairimizin heykəli müvafiq qanunvericiliyə uyğu olmayaraq aidiyyatı dövlət orqanına məlumat verilmədən götürülüb: “Bu, əlbəttə, yolverilməz bir hərəkətdir. Baxın, ətrafda yeni binalar tikilir, şəhərimiz gözəlləşir, eyni zamanda yol tikintisi aparılır. Bu özü də vacib işlərdir. Amma quruculuq işləri həyata keçirilərkən hərtərəfli düşünülməli, müvafiq orqanlara məlumat verilməli, onların fikri öyrənilməli və bundan sonra düzgün qərar verilməlidir. Burada icra olunan iş üçün yalnız yolun lahiyəsi var. Amma layihədə abadlıq işlərinin görülməsi, heykəlin harada yerləşməsi, necə olacağı müəyyənləşməyib. Bizə təklif edirlər ki, qarşıda böyük meydan yaranıb, heykəl həmin meydanın ortasında qoyulsun. Bu ola bilməz. Heykəlin miqyası böyük olmadığına görə kiçik bağçada yerləşməlidir. Mən məsləhət gördüm ki, heykəl həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunsun”.

Elbəy Qasımzadə bu gündən başlayaraq heykəlin bərpa olunması işlərinə başlandığını diqqətə çatdırıb.
M.Müşfiqin 1970-ci ildə qırmızı qranitdən hazırlanan heykəlinin müəllifi Əməkdar rəssam Münəvvər Rzayevadır.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Bakı şəhərində yol təmir-tikinti işləri ilə bağlı görkəmli şair Mikayıl Müşfiqin abidəsinin aidiyyəti qurumlara bildirilmədən sökülməsi faktı qeydə alınıb.

Ölkə ictimaiyyətinin narazılığına səbəb olan məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ciddi narahatlığını ifadə edib. Dövlət başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib.

Baş vermiş hadisə Mədəniyyət və Turizm Nazirliyinin ciddi nəzarətindədir. Nazirlik tərəfindən abidənin yenidən qısa zamanda bərpa olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər