1 Mart 2017 15:01
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cocuq Mərcanlı kəndinin bərpasında növbəti addım atılıb - ərazidəki yaşayış evləri sənədləşdirilir.

Əmlak Məsələləri Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən ilin aprel ayında aparılmış uğurlu hərbi əməliyyatlardan sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamı mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtmasına zəmin yaranıb, həmin ərazilərdə yenidənqurma işlərinə start verilib.

Bu proseslər çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi də kənd əhalisinə məxsus əmlakların dövlət reyestrində qeydiyyatı, sakinlərin mülkiyyət hüquqlarının tanınması işini həyata keçirməkdədir.

İlkin mərhələdə Cocuq Mərcanlı kəndi üzrə 23 avqust 1993-cü il tarixə sakinlərə məxsus fərdi yaşayış evləri və torpaq sahələrinin müəyyən edilməsi, həmin evlərin texniki inventarlaşdırılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qiymətləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

Belə ki, görülən işlər nəticəsində 166 ailənin adına həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın qeydiyyatının aparılması üçün ilkin hüquq müəyyən edici sənədlər əldə edilib. Artıq bu ailələrə məxsus yaşayış evlərinin hamısı qeydiyyata alınaraq dövlət reyestrindən 166 çıxarış hazırlanıb. Eyni zamanda, dövlət arxivindən 187 ailənin hər birinin adına torpaq sahəsi və fərdi yaşayış evləri olması barədə arxiv arayıcı alınıb.

Bütün bu tədbirlərlə yanaşı, kənd sakinlərinə məxsus fərdi yaşayış evləri və torpaq sahələrində texniki ölçmə və kadastr işlərinin aparılması və texniki pasportların tərtibi üzrə də işlər görülür. Qeyd edilməlidir ki, vətəndaşlara məxsus əmlakların texniki pasportların hazırlanması məqsədi ilə 34 fərdi evin çöl ölçmə işləri aparılmış və texniki pasportların hazırlanmasına başlanılıb.

Komitənin bu istiqamətdə digər mühüm addımı bu ərazilərdə yerləşən bütün daşınmaz əmlakların kütləvi və fərdi qiymətləndirilməsi işini həyata keçirməsidir. Belə ki, bu əmlakların qiymətləndirilməsindən sonra real dəyəri müəyyən olunacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər