“Əsasnaməyə uyğun olaraq, Əfv Komissiyasının katibliyi daimi fəaliyyət göstərir. Həm Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əfv sektoru fəaliyyət göstərir, həm də Əfv Komissiyasının katibliyi hər gün məhkumlar, vəkillər, ictimai qurumlar, məhkumların yaxınları tərəfindən edilən müraciətləri qəbul edir. Hər bir məhkumla bağlı arayış hazırlanır. Daha sonra bu arayışlar sədrə təqdim edilir və sədr də Əfv Komissiyasının iclasını çağırır”.
Bunu hüquq müdafiəçisi, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Teleqraf.com-a deyib.
Nuriyev bildirib ki, son bir ildə Əfv Komissiyasına 800-dən artıq müraciət daxil olub: “Bu müraciətlərin 400-nə artıq baxılıb, müvafiq rəy hazırlanaraq qərarlar qəbul edilib. Əfv Komissiyasında müzakirələr açıq şəkildə gedir, hər bir müraciətə fərdi yanaşılır, komissiya üzvləri sözünü deyir. Qərarlar da səsvermə və ya konsensusla qəbul olunur. Sözsüz ki, burada həm məhkumun maraqları, hansı əmələ görə cəza alması, cəza çəkdiyi müddətdə özünü necə aparması nəzərə alınır. Hər kəsə fərdi yanaşma var. Həm məhkumun, həm zərərçəkənin, həm də dövlətin maraqları nəzərə alınır. Yəni hərtərəfli qiymətləndirmə olur. Bu şəxsin azadlığa çıxmasından sonra cəmiyyətə, ailəsinə, dövlətə nə verəcəyi də nəzərə alınır”.
Müsahibimiz qeyd edib ki, Əfv Komissiyası iclaslarını keçirsə, yuxarıda qeyd etdiyi məsələləri diqqətlə müzakirə etsə də, son söz Azərbaycan prezidentinindir: “Azərbaycan Konstitusiyasına görə, əfv müstəsna hüquqdur və yalnız prezidentə məxsusdur. Əfv Komissiyası bu hüququn təşkilində iştirak edir, amma bütövlükdə son söz prezidentə məxsusdur. Ola bilsin ki, Əfv Komissiyasının kiminləsə bağlı müsbət, kiminləsə bağlı isə mənfi rəyi var. Amma bu son nöqtə deyil. Son nöqtəni prezident qoyur”.
Hüquq müdafiəçisi əlavə edib ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı verilib, bunun nəticəsində 9 minə yaxın şəxs cəzadan azad edilib və azadlığa qovuşub: “Bir qayda olaraq əfv sərəncamları Azərbaycanın üçün mühüm təqvimlər ərəfəsində baş verib. Sonuncu əfv sərəncamı ötən ilin Novruz Bayramı ərəfəsində olub. Mən istisna etmirəm ki, bu dəfə də əfv sərəncamı Azərbaycanın milli bayramı olan Novruz bayramı ərəfəsində olacaq”.
Hüquq müdafiəçisi söyləyib ki, son illər Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi istiqamətində ciddi addımlar atılır: “Fevralın 10-da prezident tərəfindən mühüm sərəncam imzalandı. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ötən il Amnistiya Aktı qəbul olundu, bu sənəd 10 mindən çox şəxsə şamil olundu. Nəticədə 3 min şəxs azadlıqdan mərhum etmə cəzasından azad olundu, minlərlə məhkumun cəza müddəti azaldıldı. Ötən il Novruz Bayramı zamanı da əfv sərəncamı imzalanmışdı. Həmçinin Ədliyyə Nazirliyinin təşəbbüsü ilə şərti olaraq vaxtından əvvəl cəzadan azad etməyə dair komissiya fəaliyyət göstərir. Bu komissiyanın tərkibində ictimaiyyət, vətəndaş cəmiyyəti, QHT nümayəndələri təmsil olunur. Bu qurum ayrı-ayrı məhkumların vaxtından əvvəl şərti azad etmək, cəzanın yüngülləşdirməklə bağlı müraciətlərinə baxır. Son 4 il ərzində 8 minə yaxın məhkumun işinə baxılıb, onlar azadlığa buraxılıb”.
Cavad