Bu gün Azərbaycanın BMT-yə – beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində ən böyük universal təşkilata üzv olmasının 25 ili tamam olur.
Teleqraf.com xəbər verir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da BMT-yə üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. 1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT-nin Təhlükəsizlik Şurası ölkəmizin təşkilata üzvlüyünü tövsiyə edib. BMT Baş Assambleyası isə 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycanın BMT üzvlüyünə daxil olması barədə qətnamə qəbul edib. Həmin gün BMT-nin Nyu-Yorkda yerləşən iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün – müstəqil Azərbaycanın bayrağı qaldırılıb. Bununla da Azərbaycan beynəlxalq birliyin həqiqi üzvünə çevrilib. 1992-ci il mayın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyi yaradılıb. Həsən Həsənov Azərbaycanın BMT yanında ilk daimi nümayəndəsi təyin edilib. Həmin ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub.
Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.
Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayıb. Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına töhfəsini verib. Əməkdaşlığın dərinləşməsində BMT-nin baş katibi Butros Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynayıb. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan B.B.Qali mövcud problemlərin həllində ölkəmizə dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının səylərini artıracağını bildirib.
Azərbaycanın BMT-nin ixtisaslaşmış qurumları ilə də səmərəli əməkdaşlığı mövcuddur. Ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə əlaqələri siyasi, iqtisadi, sosial, humanitar, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilir.
2011-ci il oktyabrın 24-də Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan 2 il müddətində bu mötəbər təşkilatın qeyri-daimi üzvü seçilib. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək ölkəmizi bu mötəbər təşkilata üzv seçib. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında deyib: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”. Ölkəmiz 2 dəfə – 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında 2 dəfə Təhlükəsizlik Şurasına sədrlik edib. Prezident İlham Əliyev 2012-c ilin may ayının 4-də Təhlükəsizlik Şurasına sədrlik edən ölkənin başçısı olaraq şuranın iclasını açaraq iclası çox mühüm məsələyə, beynəlxalq terrorizm probleminə həsr etdi və bu kontekstdə Ermənistanın dövlət terrorizmi siyasətini ifşa etdi.
Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatını qeyd etmək olar.
Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilib.
Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında əməkdaşlıq qaçqın və məcburi köçkün uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olub.
Ümumiyyətlə, BMT dünyada çox vacib, universal bir qurumdur. Xüsusilə, onun Təhlükəsizlik Şurası dünyada sülhün, təhülkəsizliyin təmin olunmasına cavabdeh təsisatdır. Ona görə də Azərbaycan BMT ilə əlaqələrə xüsusi əhəmiyyət verir.
Səxavət