3 Mart 2017 12:07
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun 67 yaşı tamam olur.

Ad günü təəssüratlarını Teleqraf.com-la bölüşən Novella Cəfəroğlu doğum gününü həmişəki kimi rəhbərlik etdiyi cəmiyyətin üzvləri ilə birgə qeyd edəcəyini söyləyib: “İlk təbriki Amerikada yaşayan bacım oğlundan aldım, ardınca o biri bacım oğlu da Moskvadan zəng etdi”.

“İsraildən təbrik zəngi hələ gəlməyib” sualını Novella Cəfəroğlu belə cavablandırıb: “O nə sözdür, onlar dünəndən təbrik edib, gecə saat 1-də yoldaşım, oğlanlarım zəng edib təbrik elədilər. Mənə lap çox adam yazır, zəng edib təbrik edir. Xüsusi kimdənsə təbrik gözləmirəm. Təbriklər o qədər çoxdur ki... Çox məmnunam. Bundan sonrakı fəaliyyətim yenə gənclərlə bağlı olacaq. Onların sevgisindən razıyam, sevgi ilə yanaşı tənqidlər də olur, bu da normaldır, olmalıdır da”.

Qeyd edək ki, Novella Cəfəroğlu 1941-ci il martın 3-də Naxçıvan şəhərində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1963-cü ildə təhsilini başa vurandan sonra Mərkəzi regional analitik laboratoriyada kimyaçı mühəndis vəzifəsində çalışmağa başlayıb.

Sonrakı illərdə Cənub Geoloji ekspedisiyasında, Baş Geoloji idarədə, Azərbaycan Əlvan Metallurgiya Elmi-tədqiqat laboratoriyasında müxtəlif vəzifələrdə işləyib. 1977-ci ildə Balakəndə laboratoriya müdiri vəzifəsində çalışıb. 1984-cü ildə Azərbaycan Əlvan Metallurgiya idarəsində baş mühəndis və şöbə müdiri vəzifəsində, 1986-cı ildən Bakı Dövlət Universitetində işləyib. Kimya elmləri namizədidir.

1990-cı ildə Azərbaycan Milli Azadlıq hərəkatına qoşulub, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin fəallarından olub, 1993-cü ildən həmin cəmiyyətin sədridir. 1998-ci ildə Avropa Şurası və ABŞ-ın Demokratiya uğrunda Marşall mükafatına layiq görülüb. Ailəldir, üç oğlu var.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər