Martın 9-da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanım Ənn Sekuta ABŞ hökumətinin Azərbaycanın cənub bölgələrində qadınların hüquq və imkanlarının genişlənməsini və iqtisadi şaxələnməni dəstəklədiyini vurğulamaq məqsədilə Masallı, Lənkəran və Astara rayonlarına səfər ediblər.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, səfir və xanımı qadın sahibkarlığını təbliğ edən Qadın Resursları Mərkəzini (QRM) və gənclərin iş bacarıqları üzrə təlim və məşğulluq sahəsində şəbəkənin yaradılması üzrə SYSLAB Təlim Mərkəzini ziyarət ediblər.
Qeyd edilir ki, QRM və SYSLAB Mərkəzi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir və Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində BMT İnkişaf Proqramı (UNDP) tərəfindən idarə olunur. QRM yalnız Masallı rayonunda 500-dən çox qadın və onların ailələrinə dəstək göstərir.
Ə.Sekuta qadınların qlobal problemlərini müzakirə etmək məqsədilə icmanın qadın üzvləri ilə dairəvi masa keçirib. Səfir R.Sekuta Azərbaycan hökumətinin öz vətəndaşlarına müasir texnologiyalar vasitəsilə xidmət göstərdiyi və hal-hazırda SYSLAB Mərkəzinin məzunlarının çalışdığı ASAN Həyat Mərkəzinə də baş çəkib. Səfir və xanım Sekuta rayonda Birləşmiş Ştatların dəstəklədiyi fəaliyyət növlərini müzakirə etmək məqsədilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüş keçiriblər.
Lənkəranda səfir və xanım Sekuta öz səlahiyyətləri müddətində Azərbaycanın Milli Parklarına səfər məqsədilə “Parklarda Gəzinti” təşəbbüsü çərçivəsində Hirkan Milli Parkına da səfər edəcəklər. Onlar həmçinin dünya üzrə məşhur Azərbaycan çayının istehsalı haqqında daha çox öyrənmək üçün yerli çay plantasiyalarına da səfər etməyi planlaşdırırlar. Martın 10-da Astarada səfir və xanım Sekuta gömrük postuna və Şimal-Cənub tranzit dəhlizinin bir hissəsi olan Azərbaycan və İran arasındakı yeni dəmiryol körpüsünə də səfər etməyi planlaşdırırlar. Həmin dəmiryol körpüsü iqtisadi şaxələnməyə imkan yaratmaqla Azərbaycanın tranzit ticarət marşrutu kimi artmasına qiymətli töhfəsini verəcək. Səfir və xanım Sekuta tələbələrlə və Lənkəranın 4 saylı orta məktəbində Azərbaycan İngilis dili Müəllimləri Assosiasiyasının yerli üzvləri ilə görüşəcək. İngilis dili Azərbaycanın davamlı iqtisadi uğurunun əsas açarıdır.
Səxavət