Tanınmış jurnalist, Bakı Ali Neft Məktəbinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımova işdən ayrılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı yaydığı müraciətdə Z.Kazımova işdən öz ərizəsi ilə ayrıldığını bildirib: “İşdən getdiyim üçün bu gündən etibarən sözügedən ali təhsil müəssisəsi ilə bağlı sual, sorğu və müraciətlərinizi mənə ünvanlamamağı rica edirəm. 2014-cü ilin dekabrından 2017-ci ilin martınadək şöbə rəisi olaraq mənimlə əməkdaşlıq edən bütün media orqanlarının rəhbərlərinə və əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm! Azərbaycan Dillər Universitetindən başladığımız və ötən müddət ərzində bu qurumda davam etdirdiyimiz KİV-lə əlaqələri yeni müstəviyə çıxararaq, sizinlə peşəkar əməkdaşlığımızı və səmimi dostluğumuzu davam etdirdiyimiz, iki ildən artıq müddətdə SOCAR ailəsinin üzvü olduğum üçün çox şadam. Bu müddət ərzində ictimaiyyətlə əlaqələr şöbəsinin səmərəli və peşəkat fəaliyyəti hamının gözlərinin önündə olub. BANM kollektivi mənim üçün əzizdir, burada çalışan zəhmətkeş sadə kollektivin hər bir üzvünə can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıram. Tələbələrə təhsildə və həyatda nailiyyətlər diləyirəm. Düşünürəm ki, mən öz missiyamı bu ali məktəbdə peşəkarlıqla yanaşı, vicdanla və ləyaqətlə yerinə yetirdim”.
Z.Kazımova onu da qeyd edib ki, bu ali məktəbin ictimaiyyət arasında tanıdılması, nüfuzunun formalaşdırılması və qorunub saxlanması, ictimaiyyətlə, xüsusən KİV-lə əlaqələrinin qurulması, inkişaf etdirilməsi və bu əlaqələrin əməkdaşlığa çevrilməsi işi yüksək səviyyədə ortaya qoyulub: “Bu müddət ərzində rəhbəri olduğum şöbə daim ali təhsil müəssisələrinin analoji qurumları içərisində ön sıralarda oldu. Bütün bunlar Azərbaycan cəmiyyətinin və ölkə mediasının gözü önündə baş verdi. Bu artıq tarixdir. Çox sevinirəm ki, quruculuğunun ilk illərində məhz ictimaiyyətlə əlaqələr sahəsində iki ildən artıq fəaliyyətimlə bu ali məktəbin tarixinə adım yazıldı, burada əməyim, zəhmətim var”.
Səxavət