“Süd vəzisi xərçənginin müalicəsində müvəffəqiyyət şansı və bu xəstəliyin sağalmasının əsas şərti erkən diaqnozdur”.
Teleqraf.co xəbər verir ki, bunu ATU Tədris Terapevtik Klinikasının Mammoloq-radioloqu Günel Qəmbərova deyib.
Onun sözlərinə görə, xərçəng daha bir neçə millimetr diametrə çatdığı zaman belə, mammoqrafiyada görülə bilər: "Bu vəziyyətdə müalicənin nəticələri müvəffəqiyyətli olur. Buna görə də tez-tez süd vəzisi müayinələrinə gələn xəstələr şanslıdırlar. Xərçəng simptomları ortaya çıxdığı zaman şiş ən az 1 sm və ya daha böyük ölçülərə çatmış olur".
Günel Qəmbərova deyib ki, buna baxmayaraq, xəstəliyin tamamən sağalma ehtimalı hələ də qalır: "Buna görə də, davamlı mammoqrafiyalar, ultrasəs müayinəsi və həkim müayinəsinə gəlməkdən başqa, hər qadının öz süd vəzisi haqqında məlumatının olması da çox vacibdir. Hər bir qadın 30-35 yaşa kimi mütləq ultrasəs müayinəsindən keçməklə problemləri erkən dövrdə aşkarlaya bilər. Bu, həm də süd vəzi üçün unikal müayinə hesab edilir.
40 yaşa qədər olan xanımlar ildə bir dəfə, 50 yaşdan yuxarı xanımlar isə ildə iki dəfə şikayəti olub-olmamasından asılı olmayaraq mammoqrafiya müayinəsindən keçməlidir".
İlhamə ƏBÜLFƏT