31 Mart 2017 14:14
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün məlumat yayıldı ki, Nərimanov rayonunda yerləşən, bir zamanların Bakının məşhur ticarət və alış-veriş yeri olan “Şərq bazarı” sökülür. Teleqraf.com-a açqlama verən rəsmi və cavabdeh şəxslər xəbəri yalanladılar. Dedilər, belə şey mümmkün deyil, çünki bazar Mədəniyyət və Turizm Nazirliyində tarixi abidə kimi qeydiyyatdadır.

Getdik tarixi abidə olan bazara baş çəkməyə. Ünvana günorta vaxtı çatmışdıq. Girişə piştaxtalar düzülmüşdü. Bir neçə il əvvəl burada adam əlindən tərpənmək olmurdu, piştaxtaların da sayı daha çox idi.

İçəri daxil olduq. Bir nəfər də alıcı gözümüzə dəymədi... “Şərq bazarı” mədəniyyət abidəsi hesab edilsə də, binadakı çatlar gözə girirdi. Mağazalar təmiziydi, amma təmirdən əsər-əlamət yox idi....

Bəzi satıcılar biri-biri ilə söhbətləşir, bəziləri isə piştaxta arxasında mürgüləyirdilər. Kimsə bazara daxil olan kimi, canlanma hiss olundu. Hər bir satıcı “nə istəsəniz, burda var”, “paltar almasanız da, geyib, baxa bilərsiz” kimi şirnikləndirici sözlər işlədirlər. Bəs müştəri yoxdursa, satıcılar niyə səhərdən axşama burda piştaxta arxasında vaxt keçirirlər?

Uzun müddətdir burada satıcı işləyən Təhminə Vəliyeva deyir ki, evlərinə çörəkpulu aparmaq alver edirlər: “2000-ci ildən “Şərq bazarı” ticarət mərkəzi kimi fəaliyyət göstərir. 17 ildir mən burada qadın paltaqrları satıram.

4 il əvvələ kimi qəşəng alverimiz olurdu. İndi həftədə bir dəfə mal satanda sevinirik. Burada alverin ölməsinin bir səbəbi də marşrutların istiqamətinin dəyişməsir. Daha bura gəlib-gedən yoxdur. Kimin əvvəldən müştərisi var, onlar gəlib alver edirlər.

Onu da deyim ki, burada yerpulu digər bazarlara nisbətən aşağıdır Alver olmadı üçün yuxarı mərtəbələrdəki satıcılar mağazaları təhvil verib getdilər, amma biz yerpulunun azlığına görə qaldıq”.

Təhminə Verdiyeva bazarın sökülməsi barədə onlara hər hansı xəbərdarlıq edilmədiyini dedi: “Biz alverə başlayanda 24 illik müqavilə izaladıq. Həmin müqavilənin müddətinə hələ var. Bazarın sökülməsi ilə bağlı dəqiq məlumat olsaydı, icarəhaqqı yığan şəxslər bizə 1-2 ay qabaq deyərdilər ki, bazar söküləcək, başınıza çarə qılın. Biz də özümüzə bir yer tapardıq”.

“Bazar olsun” deyib, satıcı ilə sağollaşırıq. Amma alver üçün gərək bazara üz tutan da ola... İkinci mərtəbəyə qalxdıq. Burada mağazaların 70 faizinin ağzı qıfıllı idi.

Satıcı Rafiq Bəşirov deyir ki, “Şərq bazarı”nda alver 2008-ci ildən zəiflədi: “Bayaq bir müştəri gəlmişdi. Koftanı ona malın maya dəyərinə satdım. Necə edim, ayın sonudur. Çalışıram nəsə satım ki, heç olmaya yer pulun ödəyə bilim. Burada satıcılıq edənlərin çoxu mənim kimi yerpulunu çıxarmağa çalışır.

Əvvəllər yaxşı qazanırdıq. İndi əhalı şənbə-bazar olan kimi “Binə”, “Sədərək” bazarına üz tutur ki, orda topdansatış qiymətinə nəsə alacaq. Amma elə deyil. Mən özüm satdığım malları Çindən, Türkiyədən birbaşa gətirirəm. Başqa bazarlardan ucuz qiymətə verirəm. Sadəcə, “Binə”, “Sədərək”ə getmək üçün rahat marşrutlar var, amma “Şərq bazarı”na 1-2 marşrut gəlir.

Marşrut xətləri aşılsa, şəhərin hər yerindən buraya rahat gəlmək mümkündür. Tər-təmiz, sakit bazardır”.

Rafiq Bəşirov deyir ki, müəyyən zamanlarda burda da yaxşı alver olur: “Məktəb vaxtı insanlar buradan uşaq paltarları alır. Bir də toy paltarı almaq istəyən adamlar gəlirlər. Sizdən əvvəl televiziyalardan da çəkməyə gəlmişdilər. Soruşdular ki, bazar sökülür? Sökülsə, bizə xəbər edərdilər ki, şələ-şülənizi yığın gedin. Hələ nəsə deməyiblər, amma alver belə davam etsə, onsuz da mağazaları təhvil verib gedəcik”.

Satıcılarla söhbətimiz zamanı öyrəndik ki, onlar ayda mağazaya görə 200-300 manat icarə haqqı ödəyirlər.

Fen satılan piştaxtaya tərəf gedirik. Satıcı cəld malları düzür: “Hər bir firmanın fenləri - orijinal olanı, olmayanı da var. Münasib qiymətə hanısını istəsəz təşkil edərərik. Bazarın girişində bu fenləri 40-50 manata ala bilərsiz, amma mən sizə 32-35 manat verəcəm”.

Reportaj hazırlamaq üçün gəldiyimizi bildirdik. Satıcı Rəhman deyir ki, alıcılıq qabilliyyəti çox zəyifləyib: “İndi bura kimsə gəlmir. Yalnız əvvəlki müştərilərimiz, yaxınlıqda yaşayan insanlar alver edirlər”.

“Şərq bazarı”nı gəzəndə bir daha şahidi olduq ki, bir zamanların məşhur bazarı öz iminici çoxdan itirib....

Qeyd edək ki, dünən Bakının Nərimanov rayonu ərazisində yerləşən “Şərq bazarı”nın söküləcəyi barədə məlumat yayılıb. Məlumata görə, bazarın ətrafındakı bütün köhnə tikililər plana düşəcək: “Ərazidə yerləşən əksər obyektlər, o cümlədən də “Şərq bazarı” böyük ehtimalla, plana düşəcək. Düzdür, ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək və onlar elə də böyük maddi itki ilə üzləşməyəcək”.

Rayon icra hakimiyyəti isə məlumatı təkzib edib. Xatırlatdığımız kimi, vaxtilə paytaxtın ən məşhur bazarlarından olan, indisə söküləcəyi xəbərləri yayılan “Şərq bazarı” tarixi abidədir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər