5 Aprel 2017 12:25
6 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yol kənarlarında kökləri polietilen torbalarda və rəngli vedrələrdə düzülən dekorativ və meyvə ağacları yəqin diqqətinizi çəkib. Yaz fəsli gəldiyi üçün indi hamı yaşıllığın qayğısına qalır. Düzdü, ağac əkimi dövrü demək olar ki, geridə qalıb, gərək tingi torpağa payız və qış aylarında basdırasan. Amma həmsöhbətimiz bizi inandırdı ki, hələ də gec deyil.

Beləliklə, Bakı-Sumqayıt yolunun üstündə yerləşən “ağac bazarı”na baş çəkdik.

Burada yaşıl ağacları və yaralı tingləri bir tərəfə düzüblər. Bəzi qurumuş tinglərsə sındırılıb, ağacların arxasına atılıb.

Satıcı Ülvi Həsənov deyir ki, həm meyvə, həm də dekorativ ağaclar satır: “Hər növ ağac satışını təşkil edirik. Sifarişlə gətirdiyimiz ağaclar da var. Müştəri nə ağacı istəsə, təşkil edə bilirik. Əhali daha çox meyvə ağacları alır. Alma, armud, gilas, limon... Gilas ağacı ən çox satılan meyvə ağacıdır. Qiyməti 5 manatdır, amma bir aydan sonra artıq meyvə tinglərinin əkilmə vaxtı bitəcəyi üçün endirim edib, 3 manata satırıq.

Yeni sifariş gə götürmürük, çünki meyvə ağaclarının əkim mövsümü bitir. Qalan ağaclar satılıb, qurtarmasa biz onları ya həyətə əkəcəyik ki, gələn ilə qalsın, ya da tulluyacağıq”.

Satıcı meyvə ağaclarının əkilməsi üçün bir ay vaxt qaldığını desə də, ağacların çoxu artıq gül açmışdı...

Bazarda palma ağacı və ölçüsü hündür olmayan ağaclar satılır. Qiymətlərsə müxtəlifdir. Qızılgül 1-2, şam ağacının 10 dənəsi 10, gilas 3-5, armud 5, alma, heyva 5, palma 150 manatdır.

Satıcı deyir ki, vətəni xarici ölkələr olan ağaclar Tərtərdə, Lənkəranda yetişdirilir: “Ağac satan insanların əksəriyyəti Tərtər rayonundandır. Rayonun Nərmaniya kəndi var. Başqa ölkədən ağacların şitilləri, toxumlarını gətirirlər, həmin kənddə əkilib-becərilir. Üstünə 20-30 manat qoyub, Bakıda satırıq”.

Ülvi Həsənov deyir ki, limon, şam, subtropik meyvə ağacları isə Lənkərandan gətirilir: “Yaşıl ağac elədir ki, onu yay ayında da əkmək olar. Tələbat da var. Bəzən əhali internetdə oxuduğu və ya hardasa gördüyü ağacın, gülün adını yazıb, sifariş verir. Problem yoxdur, həmin ağacı təşkil edirik. Hətta 2000-2500 manata olan ileks ağacını da sifarişlə gətirik. Bu qiymətə olan ağacın təxminən 10 yaşı olur.

Dəfnə ağaclarının toxumları İtaliyadan gətirilir. Calaq olmayan ağac 200, calaq olanlar isə 150 manatadır. Bu cür sifarişlər əvvəllər tez-tez olurdu. İndi azalıb... Gün ərzində 80 manatlıq alver edə bilirik. Bəzən o da olmur. Əvvəllər gün ərzində 150-200 manatlıq alver edə bilirdik”.

Həmsöhbətimiz əhalinin qəribə ağaclar sifariş etdiyini desə də özü onların adını tam bilmirdi.

Ülvi Həsənovun sözlərinə görə, bəzən alıcı ağ gilas alır, amma məhsul bar verəndə qara gilas olduğu açkarlanır: “Gəlib deyirlər ki, ağac niyə ağ gilas yox, qara gilas gətirib? Şikayətləri normal qarşılayırıq. İzah edirik ki, həmin meyvə ağacları bağlama şəklində gəlir. Onların seçilən xüsusiyyətləri olmadı üçün qarışması normaldır”.

Yaşıl ağacların satıldığı yer yolun duz kənarındadır. Yayın istisində burada necə ağac satacaqlarını da soruşuruq. Satıcı deyir, yay ayında burada çardaq düzəldirlər: “Əsas odur çörək pulumuzu qazanaq. İsti də olsa yaşıl ağaclar alınır. Yay ayında isə bostan toxumları - pomidor, xiyar, bibər şitillərini satırıq”.

Həmsöhbətim deyir ki, Azərbaycanda bitkiçiliyə maraq yüksək deyil: “Digər ölkələrdə bitkiçilik inkişaf edib. İldən-ilə məhsul artır. Başqa ölkələrə məhsul ixrac edərək pul qazanırlar. Bizim ölkədə isə yalnız Tərtərdə, Lənkəranda yox, bütün rayonlarda bitkiçiliyi inkişaf etdirmək mümkündür. Bitki satışı elədir ki, onun əkib-becərməklə iş bitmiş sayılmır.

Bitkiləri satmaq üçün hamısını qablaşdırmalısan. Qablar ucuz deyil. Bununla yanası onların becərilməsi üçün verilən üzvi gübrələr də baha başa gəlir”.

Satıcı bildirdi ki, əgər müştəri istəsə onlar evlərə gedib, alınan ağacları əkib, dizayn da verə bilirlər.

İlhamə ƏBÜLFƏT
FOTO: Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər