Teleqraf.com xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov tanınmış jurnalist Zöhrab Əmirxanlının vəfatı ilə bağlı danışarkən deyib.
Əflatun Amaşov bu xəbərdən sarsıldığını bildirib:
“Hesab edirəm ki, jurnalistikamız, eləcə də publisistikamız özünün dəyərli imzasını itirdi. Bu itki son dərəcə ağırdır. O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi. Həyatda elə dəyərlər var ki, onları insana heç bir ali təhsil aşılamır. Zöhrab dəyərləri, prinsipləri rəhbər tutan və peşəni də bu xüsusiyyətlərinə görə sevdirən biri idi. Hansı sahədə çalışsaydı, mahiyyət dəyişməz qalacaqdı. Nə yaxşı ki, Zöhrab jurnalist oldu. Zöhrab Əmirxanlı hadisə və proseslərə məxsusi yanaşma tərzi ilə seçilirdi. Bu tərzə emosiya, duyum, həssaslıq hakim kəsilmişdi.
Bəzənsə kompromissizlik, barışmazlıq, hətta mürəkkəblik qabarıq görsənirdi. Ancaq bütün bunlar Zöhrabı sevdirirdi. Çünki onun bütün çılğınlıqlarında səmimilik, təmənnasızlıq var idi ki, bu da Zöhrab Əmirxanlı obrazını tamamlayır, bütövləşdirirdi. Bir daha deyim ki, Zöhrab Əmirxanlının vəfatından çox üzüldüm. Onun yoxluğunu qəbul etmək son dərəcə çətindir. Allahdan Zöhraba rəhmət diləməkdən başqa çarəmiz də qalmır. Doğmalarına, əzizlərinə, onu tanıyanların hər birinə dərin hüznlə başsağlığı verirəm”.
Kəmalə