10 May 2017 09:16
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orta məktəbi hələ başa vurmamış şagirdin qəbul imtahanı zamanı bütün suallara cavab verməsi sual doğurur.

Bu sözləri təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarını Teleqraf.com-a şərh edərkən deyib.

Onun sözlərinə görə, DİM qəbul imtahanlarında hər bir abituriyentə iki dəfə iştirak etmək şansı verib:

“Digər yenilik isə ondan ibarət idi ki, qəbul imtahanları tədris ili başa çatmadan, aprel ayının sonu, may ayının əvvəlində baş tutdu.

Təhsil adamları düşünürdü ki, bu zaman qəbul imtahanlarındakı test tapşırıqları şagirdlərin orta məktəbdə keçdikləri dərslərə qədər hissədən düşəcək. Amma geridə qalmış qəbul imtahanları göstərdi ki, DİM bu ehtimalları doğrultmadı. Qəbul imtahanlarında bütün ixtisas qruplarına daxil olan fənlərdə istifadə olunmuş test tapşırıqlarından azı ikisi indiyə qədər keçilməyən, tədris proqramında mayın sonu, iyunun əvvəllərində nəzərdə tutulan mövzulardır.

Belə olan halda maraqlı bir vəziyyət yaranır. Qəbul imtahanlarında I ixtisas qrupu üzrə 5 abituriyent, II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə 1 abituriyent, IV ixtisas qrupu üzrə isə 2 abituriyent hazırda orta məktəbdə oxumasına və tədris proqramını bitirməməsinə baxmayaraq, bütün mövzulardan təqdim olunmuş test tapşırıqlarına doğru cavab verib. Əlbəttə, abituriyentlərin yüksək bal toplaması sevindirici haldır. Amma bu, onu göstərir ki, qəbul imtahanlarında iştirak edən iddiaçılar imtahanda orta məktəbdə əldə etdikləri biliklərlə yox, məktəbdənkənar, repetitor yanında mənimsədikləri biliklərlə iştirak edirlər”.

Ekspert deyib ki, bu il qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının ağırlıq dərəcəsi əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı idi: “Belə demək mümkündür ki, DİM qəbul imtahanlarındakı test tapşırıqlarını asanlaşdırıb. Bütün ixtisas qrupları üzrə istifadə olunmuş test tapşırıqları 2014, 2015, 2016-cı illərdə qəbul və sınaq imtahanlarında istifadə olunmuşdu və orta hazırlıqlı abituriyentlər bu suallarla çox yaxından tanış idilər. Bu, onu göstərir ki, DİM builki qəbul imtahanalrında istifadə olunan test tapşırıqlarına heç bir pul xərcləməyib. Əvvəlki illərin test tapşırıqlarını xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.

Builki qəbul imtahanlarında iştirak etmək üçün 40 manat ödəmiş 1500 dən çox abituriyent imtahanlarda iştirak etməyib. Halbuki DİM iddia edirdi ki, bundan sonra qəbul imtahanlarında daha istəkli və hazırlıqlı şagirdlər iştirak edəcək”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər