Bu barədə Axar.az-a zərərçəkənin vəkili, hüquq elmləri doktoru, professor Fərhad Mehdiyev məlumat verib. O bildirib ki, bu iş ilə Azərbaycanda növbəti presedentin əsası qoyulub:
“Elnarə Tofiqqızının cərrahi əməliyyat zamanı həkimlərin təqsiri üzündən dünyasını dəyişməsinə görə Yasamal Məhkəməsinə ötən ilin may ayında təqdim etdiyimiz iddia üzrə bu il 8 mayda qətnamə çıxarıldı. İşə hakim Rafael Əliyev baxırdı. Qətnamə ilə tanış olduqda hüquq praktikası üçün olduqca vacib və konstruktiv bir həllin əksini tapdığını müşahidə etdik.
İddiamız qismən təmin edilib. Bildiyiniz kimi, biz 300 min manatdan yuxarı maddi təzminat tələbi qaldırmışdıq. Hakim isə mərhumun iki övladına cavabdehlərin aylıq müavinət ödəməsi barədə qərar çıxarıb, başqa sözlə, bizim birdəfəlik təzminat iddiamızı rədd edərək, aylıq müavinətin məcburi ödənilməsini təsbit edib. Beləliklə, son 3 il üçün hər bir uşağa 4,900 manat birdəfəlik, 18 yaşlarına qədər isə minimum istehlak səbəti həcmində (136 manat) hər uşağa aylıq müavinətin qarşı tərəfdən ödənilməsi barədə qətnamə qəbul olunub”.
F.Mehdiyevin sözlərinə görə, mərhumun övladları ali məktəbdə təhsil alacaqları təqdirdə bu müavinət onların 23 yaşı tamam olana qədər davam edəcək:
“Qətnamədə həmçinin aylıq müavinətin indentifikasiyası da nəzərdə tutulub. Yəni qarşıdakı illərdə dövlət yaşayış minimumunu qaldıracağı təqdirdə avtomatik olaraq müavinətin də həcmi artırılacaq”.
F.Mehdiyev bildirib ki, aylıq ödəniş və zərərçəkən Anar Niftəliyevin xərcləri ilə bağlı ödənişin rədd edilməsi hissəsindən, həmçinin hesablamada dəqiqləşdirmələr aparılmamasından narazıdırlar:
“Buna görə də Apelyasiya Məhkəməsinə müraciət hazırlayırıq. Bütün narazı qaldığımız məqamlara baxmayaraq, ümumilikdə hesab edirəm ki, bu qərar ilkin instansiya məhkəməsi üçün ədalətli sayılacaq qərardır və Rafael Əliyevə yeni bir presedentin əsasını qoyduğuna görə təşəkkür edirik.
Qeyd edim ki, bu qətnamə mənəvi zərər olaraq Ali Məhkəmənin ödənilməsinə qət etdiyi 75.000 manatlıq iddianın davamıdır. Bu iş ilə Azərbaycanda ilk dəfə həkim səhvinə görə bu cür yüksək kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılıb və bu, presedentə çevrilib”.
F.Mehdiyev həm mənəvi, həm də maddi təzminatla bağlı məhkəmə qətnamələrinin səhlənkarlıq edən və insanların həyatı ilə oynayan bəzi həkimlərə mesaj olduğunu xatırladıb: “Məhkəmə hüquq sistemimizin bu iradəsi bəzi həkimlərə bir mesajdır. Səhlənkarlıq edənlər anlamalıdırlar ki, onları həbs və külli miqdarda mənəvi təzminat, illərlə ödəməyə məcbur olduqları maddi öhdəlik gözləyir. Hesab edirəm ki, bu, həkim səhlənkarlığının tüğyan etdiyi indiki şəraitdə bəzi səhiyyə işçilərinə ciddi siqnaldır və biz prosesi davam etdirməklə bərabər, bu işin təbliğ olunmasına da çalışacağıq”.
Zərərçəkənin digər vəkili Aqil Layıc da qərarın cəmiyyətə ciddi sosial mesaj verdiyini vurğulayıb:
“Sonuncu məhkəmə prosesinə qədər həkimlərin və klinikanın təqsiri müəyyən olunmuşdu. Yasamal Məhkəməsində bir ildir davam edən proses isə maddi təzminatla bağlı idi. Məhkəmənin qərarı şüuraltı olaraq həkim və tibb sahəsində çalışan adamlara diqqətli olmaları üçün önəmli mesaj vermiş oldu. İnanıram ki, bu qərardan sonra onlar pasientlərinin hüquqlarını dərk etməyə başlayacaqlar”.
A.Layıc bildirib ki, Avropa hüquq sistemində maddi-mənəvi təzminatlar həddən artıq böyükdür, bu baxımdan, hazırkı maddi və mənəvi təzminatla bağlı qərarları onlarla müqayisə etmir:
“Ancaq nəzərə almalıyıq ki, Azərbaycan məhkəmə sistemində bu presedentlər yox idi və bu qətnamələr bu yolda ilk presedentlərdir. Yəni Azərbaycanda da həkim səhlənkarlığına qarşı məhkəmə sistemi artıq ciddi cəzaların tətbiqi istiqamətində presedentlər yaradır və bu, təqdir edilməlidir. Əlbəttə, bu maddi cəzalar insan həyatının dəyəri kimi ölçülə bilməz. Əsas hədəf cəzanın sərtləşməsinə nail olmaqla həkim səhlənkarlığına qarşı daha effektiv mübarizənin təmin olunması və bu kimi səhlənkarlıq hallarının qarşısını almaqdan ibarətdir”.
A.Layıcov həmçinin bu qətnamədə zərərçəkən Anar Niftəliyevin şəxsi zərərinin ödənilməsi barədə iddianın Yasamal Məhkəməsində rədd edilməsinə də aydınlıq gətirib:
“Qətnamədən göründüyü kimi, hakim təzminat iddialarını bir-birindən ayırıb və bir hissədə qismən təmin etməklə, prosesdə iddiaçı deyil, iddiaçıların nümayəndəsi qismində çıxış edən zərərçəkən A.Niftəliyevin ayrıca iddia qaldırmasının vacibliyini ortaya qoyub. Hesab edirəm ki, bu, ədalətli yanaşmadır və hazırda biz zərərçəkən A.Niftəliyevin birbaşa iddiaçı qismində maddi təzminatla bağlı ilkin instansiya məhkəməsinə yeni iddia ərizəsini hazırlayırıq”.
Qeyd edək ki, Elnarə Tofiqqızının cərrahi əməliyyat sırasında həkimlərin təqsiri üzündən dünyasını dəyişməsinə görə Hərbi Hospitalın həkimi Mahir Məmmədovun rütbəsi azaldılmaqla işdən azad edilib, anestezioloq Firuz İbrahimov isə 31 avqust 2015-ci il tarixdə Apelyasiya Məhkəməsinin qərarı ilə 2,5 il müddətinə azadlıqdan məhrum edilib (Amnistiyaya düşüb və 2016-cı ilin iyulunda azadlığa çıxıb).
Həmçinin əməliyyatda asistent kimi iştirak edən Fərəcullah İdrisovun Bakı şəhər BPİ-nin 11 may 2016-cı il qərarı ilə CM-nin 178.1.29 (dələduzluğa cəhd) maddəsi ilə təqsiri sübuta yetirilib və məhkum elan edilib. Hadisədən 2 ildən də artıq vaxt keçməsi səbəbindən iş məhkəməyə göndərilməyib.
Zərərçəkənin mənəvi təzminatla bağlı tələbi də Ali Məhkəmə tərəfindən 2015-ci il dekabrın 22-də çıxarılan qətnamə ilə 75 min manat həcmində qiymətləndirilib və Mahir Məmmədov 10 min, Firuz İbrahimov 15 min, Fərəcullah İdrisov 10 min, “Medi Sina” klinikası isə 40 min manat cərimələnib.
Xatırladaq ki, E.Tofiqqızı 20 sentyabr 2013-cü ildə “Medi Sina” klinikasında əməliyyat zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.