17 May 2017 20:43
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.

Komitənin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilk olaraq onu yeni təyinatı münasibətilə təbrik edib və diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Yaponiya gömrük xidmətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən, xüsusilə Ümumdünya Gömrük Təşkilatı çərçivəsində əlaqələrdən məmnunluğunu ifadə edən DGK sədri 2000-ci ildən başlayan bu əlaqələrin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Ölkəmizdə biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, eləcə də ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən A. Əliyev bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb. Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar yaponiyalı iş adamlarının da ölkəmizə investisiya yatıracağına, konkret olaraq irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcəklərinə əminlik ifadə olunub.

Komitə sədri gömrük sisteminin inkişafı üçün təcrübə mübadiləsinin zəruriliyinə toxunaraq bildirib ki, Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi və Regional Kinoloji Mərkəzi fəaliyyət göstərir. Ümumdünya Gömrük Universitetləri Şəbəkəsinin regional ofisinin də Bakıda yerləşdiyi və bu təlim-tədris müəssisələrində təşkil olunan seminar, treninq və s. belə tədbirlərin gömrük əməkdaşlarının peşə biliklərinin artırılmasında mühüm rol oynadığı vurğulanıb.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də elm, tədris və tədqiqat fəaliyyətinə xüsusi önəm verildiyini söyləyən A. Əliyev Azərbaycan gömrük xidmətinin gənc kadrlarının öz təhsillərini müasir tələblər baxımından təkmilləşdirmək üçün xarici ölkələrin nüfuzlu ali məktəblərində, eləcə də Yaponiyada elmi və təcrübi biliklərini artırdıqlarını diqqətə çatdırıb.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori bütün sahələrdə, o cümlədən gömrük sahəsində ikitərəfli münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd edib. Səfir əlaqələrimizin daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər