Son zamanlar “Bakılılar və gəlmələr” mövzusu geniş müzakirələrə, hətta mübahisələrə səbəb olub. Bakılıların iyulun 1-i tarixini öz bayram günləri kimi qələmə vermələri isə Azərbaycanın digər rayonlarından olan şəxsləri qıcıqlandırıb. Ümumiyyətlə, son günlər bu mövzunun gendəmə gəlməsinin səbəbi nədir? İnsanları iki cəbhəyə - “Bakılılar və rayonlular cəbhəsi”nə bölən nədir? Azərbaycanlıları yaşadığı bölgəyə görə qiymətləndirmək nə dərəcədə düzgündür? Teleqraf.com gündəmi qarışdıran bu mövzuyla bağlı araşdırma aparıb.
Azərbaycanın əməkdar artisti, tanınmış aktyor Bəhram Bağırzadə məsələyə belə münasibət bildirib:
“Mən son zamanlar bu mövzuda səsləndirilən heç bir fikirlə razı deyiləm. Ən gülüncü isə rüşvəti Azərbaycana rayonluların gətirməsi söhbətidir. Mən əminliklə deyə bilərəm ki, rüşvəti Azərbaycana rayonlular yox, ruslar gətirib. Amma əsas sözüm bu deyil. Keçək mətləbə…
Mənim əslim rayonludur, amma mən özümü əsl bakılı sayıram və bir köhnə bakılı kimi demək istəyirəm ki, bakılı və ya rayonlu olmaqla deyil, gərək insan olasan! Çünki bakılı olmaq mənəviyyat işidir, mədəniyyətə bağlıdır. Mədəniyyət sözünün kökü “Mədinə” sözündən irəli gəlir və şəhər anlamını verir. Şəhər mədəniyyəti başqadır, rayon mədəniyyəti başqa. Adam var ki, rayondan gəlir, şəhərə adaptasiya ola bilmir. Yəni bu insanın xüsusiyyətlərinə bağlı bir məsələdir. Adam var ki, əslən bakılıdır, özü də Bakının düz göbəyində yaşayır, amma məhlənin qabağında dayanıb, tumu çırtlayıb tökür yerə... Şəhəri zibilləyir. Sabah belə bir isan necə deyə bilər ki, rayonlular şəhəri zibilləyir, nəbilim, yerə tüpürür və s…
Mənim qohumlarım Şirvan əhlidir. Əslim oradandır. Amma biz fəxrlə Bakıda yaşayırıq. Bilirsiniz, bu məsələ bakılı və ya rayonlu olmaqla yox, mədəni və insan olmaqla əlaqəlidir. Oğurluq, tərbiyəsizlik, ədəb-ərkan problemləri doğulduğun yerdən yox, böyüdüyün ailədən gəlir. Bakı tək bakılıların şəhəri deyil. Mən rayonluyam, nə olsun?! Özümü mənəvi bakılı hesab edirəm və bir məsələyə görə insanlara səslənirəm:
Bakı pul qazanmaq üçün obyekt deyil. Bakıya nə üçün gəlirsiz gəlin, bircə “pul qazanım, çıxım, gedim!” fikriylə gəlməyin!
Bakı gəlir məhəlləsi deyil, bizim paytaxtımızdır. Mənim atamın qəbri burda yerləşir. Bu torpaqlar mənə doğmadır, əzizdir.”
Azərbycanın əməkdar artisti və tanınmış kinoaktrisa Suğra Bağırzadə isə məsələyə lakonik münasibət bildirib:
“Mən artıq bu söhbəti eşidəndə dəli oluram. Necə yəni bakılı, gəlmə… Biz hamımız azərbaycanlıyıq. Eləsinə qalsa, Bakıda 1 milyondan çox qaçqın yaşayır. Onda onları neyləyək? Şəhərdən qovaq? Küçəyə ataq? Belə olmaz axı… Məncə bakılı olub rayonluları bəyənməyən və ya rayonlu olub bakılılara söz atan adamlar sadəcə, bekar insanlardır. Bu məsələ onların insanlığını və iç üzünü göstərir.”
Tanınmış bəstəkar və aktyor Elçin İmanov da məsələyə biganə qalmayıb:
“Məncə, hansı yerdən olmağından asılı olmayaraq, Bakıda yaşayırsansa, Bakını sevməlisən. Bakının qaydalarına riayət etməlisən. Sizə bir misal çəkim. Biz bu yaxınlarda müğənni Eyyub Yaqubovla birgə Zaqatalaya getmişdik. Oranın bəzi adətlərindən, davranış qaydalarından xəbərsiz idik və öyrəndikcə çalışırdıq ki, özümüzü həmin davranış qaydalarına uyğun aparaq. Gərək ki, Bakıya gələn də buranın yazılmamış qaydalarına əməl edə. O zaman belə problemlər də çıxmaz. Bizim o qədər rayondan olan dəyərli sənətkarlarımız var ki… Onda belə çıxır ki, onları da bölgələrə bölməliyik? Sənin, mənim söhbəti eləməliyik? İnsanları yerinə görə bölmək mədəniyyətsizlikdir. Mənim uşaqlığım Bakıda keçib. Ona görə də Bakı mənimçün çox əzizdir. Amma atam da, anam da şuşalıdır. Belə söhbətləri, qalmaqalları eşidəndə söz tapa bilmirəm. “Bakılı deyilsənsə, Bakıdan get”, “rayonlular elədir, bakılılar belədir” deyən adamların savadsızlıq, mütaliəsizlik problemi var. Bu sözləri deyənlər anasının, atasının adını kiçik hərflərlə yazan adamlardır.
Sizə bir sirr açım. Mənim məşhur mahnım vardı. “Canım mənim, Bakım mənim”. Eyyub Yaqubov ifa edirdi bu mahnını. Mən bu musiqini bəstələyəndə Vahid Əzizin sözlərini seçdim və buna görə uzun müddət müxtəlif insanlar tərəfindən qınaq obyektinə çevrildim. Hamı mənə deyirdi ki, niyə əslən bakılı olmayan birinin sözlərinə musiqi yazmısan? Bu nə absurd sual idi, ilahi?!… Vahid əslən Qərbi Azərbaycanlı olsa da, Bakıya olan sevgisini, o gözəl duyğuları o qədər səmimi çatdırmışdı ki, bəlkə də özünə “köhnə bakılı” deyən belə söz yaza bilməzdi. Bir daha deyirəm. Bakını sevmək üçün bakılı olmağa məcbur deyilsən. Mədəni insan olmaq yetərlidir.”
Xatırladaq ki, bu günlərdə tanınmış bəstəkar Aygün Səmədzadə də bu mövzunu qabardaraq, “bakılıyam-rayonluyam” söhbətini həmişə gəlmələrin etdiyini deyib:
“Yerlibaz söhbətlərini həmişə Bakıya sonradan gələnlər salıb. Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa,motal pendiri və sair gələnəcən... Və bu gün on yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir.”
Daha sonra isə tanınmış yazıçı, eks millət vəkili, vaxtı ilə Azərbaycanın İstanbuldakı konsulu olmuş Xeyrəddin Qoca Aygün Səmədzadənin “Kim Bakını sevmir, qayıtsın yurduna, orada da yaşasın…” deyiminə kəskin şəkildə münasibət bildirib:
“Hörmətli Aygün Səmədzadə! "Yerlipərəst və qohumbaz deyiləm..." yazaraq, statusunuzda "sığortalanmağa" çalışmısınız, lakin tam əksinə alınmışdır. Bəli, kimsə Bakını bəyənməyə bilər və məcburiyyət qarşısında ömrünü burada çürüdə bilər. Elə çoxumuz kimi... Amma bu sizə haqq vermir insanlara harada yaşamaları üçün "yol göstərəsiniz"!
Dediyiniz "Bakılılar günü" nə məna verir? Həmin gün necə təsis edilib? İndi nə edək, hər rayonun şərəfinə xüsusi gün təsis edək? Birdəfəlik bilin, bakılılar Azərbaycan əhalisinin bir hissəsidir və onların xüsusi bir fərqi yoxdur. "Korennoy bakılıyam!" sözləri ilə üstünlük qazanmağa çalışmağı da tərgitmək lazımdır...”