Hərb sənətində bu hadisəyə mülki əhaliyə qarşı cinayət deyilir. Bu vandalizm aktıdır və pislənməlidir. İnsanlıq bu kimi vəhşi hərəkətləri rədd edir. Ümid edirəm ki, bütün dünya bu olayı pisləyəcək.
Bu fikirləri Teleqraf.com-a hərbi ekspert, müdafiə nazirinin sabiq müavini Canmirzə Mirzəyev Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində biri iki yaşda olmaqla həlak olan iki kənd sakini haqda fikirlərini açıqlayarkən deyib.
Sabiq nazir müavini bildirib ki, körpələri, qadınları öldürmək biabırçılıq, vəhşiliyin nümunəsidir: “Bu olayı dünya pisləməlidir. Belə vəhşiliyə biganə qalmaq olmaz. Bu insanlıq əleyhinə olan cinayətdir”.
C.Mirzəyev deyib ki, bu kimi hallar təmas xəttində daim davam edir: “Bəzən əsgərlərimiz şəhid olur, bəzən mülki əhali. Əlbəttə, beynəlxalq cəmiyyət Qarabağ münaqişəsinə dair tədbirlər görməli, ölçülər götürməlidir. Düzdür, bəzən ölçülər götürülür, amma bunun nəticəsi olmur. Təmas xəttində mövcud olan status-kvo var. Bu status kvo nə qədər mövcuddursa, buna bənzər hadisələr və vəhşiliklər baş verə bilər. İlk olaraq status-kvo dəyişilməlidir. Bu vacib və əhəmiyyətli məsələdir. Dünya da bunun üçün ortaya mövqe qoymalıdır. Əgər indiki status-kvo qalacaqsa, biz yeni erməni vandalizmini görəcəyik, bunu şərh edəcəyik, lakin qarşısını ala bilməyəcəyik. Vəziyyətin mahiyyəti bundan ibarətdir. Çalışıb status-kvonu dəyişməliyik”.