7 İyul 2017 19:05
257

“Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Regionlarda “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırma” layihəsi çərçivəsində sonuncu tədbirini Quba şəhərində keçirib.

Tədbiri giriş sözü ilə açan Qadın Problemlərinin Tədqiqatları Mərkəzinin sədri Sevil Allahverdiyeva layihə haqqında iştirakçılara məlumat verib.

Təşkilat sədri vurğulayıb ki, layihənin əsas məqsədi məlumatlandırma yolu ilə Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqinə töhfə verməkdən ibarətdir.

Daha sonra Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü Xalid Kazımov iştirakçılara Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü ilə bağlı məlumat verib.

Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü yaradılması ideyasından danışan X.Kazımov bildirib ki, Azərbaycan da təşəbbüsə qoşulan ilk ölkələrdən biridir: “Hazırda 75-dən artıq ölkə təşəbbüsü dəstəkləyir. Bir sıra subyektiv səbəblərlə bağlı 2016-cı il mayın 4-də Açıq Hökumət Təşəbbüsü Rəhbər Komitəsi tərəfindən Azərbycanın statusunun müvəqqəti dondurulması barədə qərar qəbul olunsa da, ölkəmiz açıq hökumətin prinsiplərinə sadiq olacağını elan edib. Azərbaycanla bağlı məsələ bu il iyunun 28-də Vaşinqtonda Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünün Rəhbər Komitəsi tərəfindən müzakirə edilib. Müzakirələr zamanı Azərbaycanın son 1 il ərzində öhdəliklərə necə əməl etməsi ilə bağlı müzakirələr aparılıb. Azərbaycanda müsbət dəyişikliklər istiqamətində atılmış addımlar alqışlanıb. Bununla belə problemlər tam həll edilmədiyindən Azərbaycanın statusunun “qeyri-aktiv” elan edilməsi ilə bağlı qərarın müddəti daha 1 il müddətinə artırılıb. Ümid edirik ki, Azərbaycanın statusunun “qeyri-aktiv” elan edilməsinə səbəb olan amillər tezliklə aradan qaldırılacaq və növbəti ildən ölkəmiz qurumda aktiv fəaliyyət göstərə biləcək”.

X.Kazımov bildirib ki, hazırda da Azərbaycan Açıq Hökumət Tərəfdaşlığının tətbiqi istiqamətində fəaliyyətini davam etdirir: “Azərbaycan Prezidentinin 2421 saylı, 5 sentyabr 2012-ci il tarixli fərmanı ilə “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı” təsdiqlənib. 27 aprel 2016-cı il tarixdə Prezidentin müvafiq sərəncamı ilə isə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir. Həmin istiqamətlər üzrə nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər davam etdirilir”.

Daha sonra “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” haqqında iştirakçılara məlumat verən Xalid Kazımov fəaliyyət planında görülməsi planlaşdırılan işlərlə bağlı sualları cavablandırıb.

Eyni zamanda iştirakçılara respublikamızda dövlət qurumlarının göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı nəzəri və təcrübi məlumat verilib. Sonda elektron xidmətlərdən istifadə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com