12 İyul 2017 15:00
1 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çay Azərbaycanda yay-qış ən çox sevilən içkilərdəndir. Mahnıda deyildiyi kimi: “Armudu stəkanda, çay... Ürəyimiz yananda çay... Adlısan, dadlısan çay, çay, çay”.

Amma çayxanalarda, restoranlardakı çayın qiymətləri nəinki ürəyimizin yanğısını azaldır, əksinə, eşidəndə adamın tüstüsü təpəsindən çıxır. Ay bəxtəvərlər, yayın bu istisində 1 stəkan çayı 2 manata verərlər?

Teleqraf.com mövzu ilə bağlı araşdırma aparıb. Bir neçə çay evindəki qiymətləri təqdim edirik.

“Paxlava” çay evində 1 çaynik sadə çay 10 manat, dəsgahla 25 manatdır. Dəsgaha meyvə qurusu, ləbləbi, mürəbbə daxildir.

"Lavanda" çay evində sadə çay olmur: “Bizdə çay ancaq ya şokoladla, ya da mürəbbə ilə verilir. Onun da qiyməti 5 manatdır. Dəsgahla 10, 15, 25 manat civarında dəyişir. Dəsgaha çərəz, şokolad, mürəbbə və sair daxildir”.

“Çay evi 145”dən bildirdilər ki, çayların növləri və qiymətləri fərqlidir: “Məsələn, 8, 10, 12 manatlıq çaylarımız var. Amma yanına içməyə götürəcəyiniz şololada 6 manat, mürəbbəyə 6 manat, Napoleon tortuna 5 manat ayrıca hesablanır”.

“Mado” restoranlar şəbəkəsinin Nərimanov filialından deyiblər ki, 1 armudu stəkan çay iki manatdır: “Fincanda 3 manat, çaynikdə 5- 6 manatdır. 2 ədəd tort dilimi götürsəz, hər dilimə 1 fincan çay pulsuzdur”.

Adətən, Bakıda çayın ən baha olduğu yer Dənizkənarı Bulvar hesab olunur. Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri Elmir Bağırovla əlaqə saxladıq.

Elnur Bağırovun sözlərinə görə, bulvar ərazisində bütün çay evlərində, restoranlarda sadə çay 2 manata təklif edilir: “Bizim qaynar xəttimiz də var və ora hər hansı bir şikayət daxil olmayıb ki, filan obyektdə sadə çay yoxdur. Dəsgahla təklif edilən çayın qiyməti isə hər obyektdə menyuya daxil olan qidalardan asılı olaraq dəyişir”.

Çayların bahalığından danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qiymət müxtəlifliyini azad bazar iqtisadiyyatı ilə əlaqələndirib: “Bu məntiqlə istənilən istehsalçı xidmət göstərdiyi məhsulu istədiyi qiymətə sata bilər. Bu qiymətlər dövlət tərəfindən tənzimlənmir. Bizə gələn şikayətlər əsasında deyə bilərəm ki, çayxanalarda sadə çay verilmir, deyirlər ki, mürəbbəni də götürməlisən, əks halda çay vermirik. Bu, istehlakçıların seçim hüququnu məhdudlaşdırır.

İstehlakçının da hüququ var ki, malı özü istədiyi kimi seçib, istehlak etsin. Eyni hal bulvardakı çayxanalarda da müşahidə olunur. Bu da turizmin inkişafına mənfi təsir edir.

Qiymətin yüksək olmasına çayın növü də təsir edir. Məsələn, yerli istehsal olan “Astara çay” yüksək qiymətə satılır. Əlbəttə, ondan hazırlanan çay da bir qədər baha ola bilər. Bundan əlavə qiymət servisin səviyyəsinə, məkana, restoranın prestijinə görə də dəyişir”.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər