20 İyul 2017 17:55
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edir.

Teleqraf.com xəbər verir ki, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlətimizin başçısına məlumat verdilər ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.

Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyir.

***

10:11

Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunur.

Bunu Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini ürəkdən təbrik edirəm, onlara yeni uğurlar arzulayıram. Bu gözəl peşə bayramı ərəfəsində jurnalistlər üçün tikilmiş yaşayış binasının açılışına toplaşmışıq. Bu, sayca ikinci binadır. Birinci binada artıq neçə ildir ki, jurnalistlər yaşayırlar. İndi də ikinci binanın açılışını qeyd edəcəyik. Birinci binada 156, ikinci binada isə 255 mənzil var. Eyni zamanda, biz bu gün üçüncü binanın təməlini qoyacağıq. Üçüncü binada da 255 mənzil nəzərdə tutulur".

İlham Əliyev bildirib ki, beləliklə, qısa müddət ərzində yüzlərlə jurnalistə dövlət tərəfindən mənzil verilir və bu, dövlət tərəfindən Azərbaycan jurnalistikasına göstərilən növbəti diqqətin təzahürüdür.

Prezident vurğulayıb ki, Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır:

"Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunub və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, sərbəst fəaliyyət göstərir, qeydiyyatdan keçir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Mən həmişə çalışırdım və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikintisi də bu siyasətin bir təzahürüdür".

Dövlət başçısı xatırladıb ki, bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü: "Jurnalistlər belə məsələ qaldırmışdılar. Mən də buna müsbət reaksiya verdim. Nəticə etibarilə biz burada artıq ikinci binanın açılışını qeyd edirik. Xatırlayıram ki, birinci binanın açılışında – 4 il bundan əvvəl mən demişdim ki, yəqin ki, gələcəkdə bu əraziyə “jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer jurnalistlər şəhərciyidir. Burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, gələcəkdə biz jurnalistlərin məişət problemlərinin həlli üçün əlavə tədbirlər görəcəyik. Mənə deyiblər ki, burada yeni yola ehtiyac var, çünki indi bir tərəfdən yol çəkilibdir. Ona görə müvafiq göstəriş verilibdir ki, hər iki tərəfə çıxış olsun ki, insanlar burada daha da rahat yaşasınlar.

Hər bir şəhərin ən qiymətli, ən prestijli yerləri var. Adətən, bu, şəhərlərin mərkəzi olur və dəniz kənarında yerləşən şəhərlərdə dənizə mənzərəsi olan binalar daha da prestijli sayılır. Bu binalar həm dəniz mənzərəlidir, həm də şəhərin mərkəzində yerləşir. "Azneft" meydanına buradan cəmi maksimum 5 dəqiqəlik yoldur. Bu, bir də onu göstərir ki, biz jurnalistlər üçün ən yaxşı şərait yaratmağa çalışırıq. Binalar da çox gözəldir, genişdir, işıqlıdır, rahatdır".

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, burada jurnalistikada böyük xidmətlər göstərmiş, Vətən qarşısında böyük xidmətləri olmuş insanlar rahat yaşayacaqlar:

"O ki qaldı, jurnalistikanın gələcək inkişafı ilə bağlı məsələlərə, sizə deyə bilərəm ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Bu, indiki zamanda özlüyündə bir nailiyyətdir. Biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. O ki qaldı, daxildə mövcud olan risk mənbələri bunlar demək olar ki, yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır - həm ideoloji sahədə, həm də sərhədlərimizin qorunmasında. Bmumiyyətlə, biz həmişə çalışırdıq, çalışırıq ki, Azərbaycanı mümkün olan risklərdən qoruyaq ki, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın. Hesab edirəm ki, buna nail olmuşuq".

***

10:52

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev çıxış edərək deyib:

"Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Bu gün Azərbaycan jurnalistikası, bütün cəmiyyətimiz üçün çox əlamətdar bir gündür - 255 jurnalist ailəsinə yeni mənzil verilir. Bu, jurnalistlər üçün elə möhtəşəm hadisədir ki, onun əhəmiyyətini qısa şəkildə ifadə etmək olduqca çətindir. Biz jurnalistlər uzun illər belə bir sevincin həsrəti ilə yaşamışıq, onu gerçəkliyə çevirmək üçün müxtəlif yollar aramışıq.

Yeddi il bundan əvvəl Mətbuat Şurasında kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə, möhtərəm cənab Prezident, məhz Siz yüzlərlə jurnalist ailəsini sevindirə biləcək təşəbbüs irəli sürdünüz və qərar qəbul etdiniz. Dörd il bundan öncə 156, bu gün isə 255 həmkarımız yeni mənzillərin sevincini yaşayır. Mənim təmsil etdiyim qəzetin də əməkdaşları Sizin yaratdığınız imkanlardan bəhrələnmək şansı əldə ediblər.

Cənab Prezident, biz yaxşı başa düşürük ki, jurnalist maaşı ilə şəhərin mərkəzinə yaxın bir yerdə, bu cür gözəl binadan mənzil almaq çox çətindir, bəlkə də mümkünsüzdür. Amma Sizin Azərbaycan jurnalistikasına diqqətiniz, dəstəyiniz sayəsində bizim üçün mümkünsüz olan bir məsələ, uzun illərdir ürəyimizdə gəzdirdiyimiz arzu reallığa çevrilib. Bütün bunlara görə Zati-alinizə sonsuz təşəkkür edirik.

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi, “Kaspi” qəzetini öz pulu ilə alıb Azərbaycan ziyalılarına hədiyyə etmiş hacı Zeynalabdin Tağıyev, uzun müddət “Kaspi” qəzetinin baş redaktoru olmuş Əlimərdan bəy Topçubaşov kimi dəyərli azərbaycanlılar bu gün Sizin jurnalistlərə ev vermə mərasiminə şahidlik etsəydilər, görən hansı hissləri keçirərdilər. 1998-ci il avqustun 6-da Azərbaycan mediası üzərindən senzuranı birdəfəlik ləğv edən, onun inkişafı üçün böyük işlər görən ümummilli lider Heydər Əliyev həyatda olsaydı, indi nə qədər sevinərdi.

Mən jurnalistika sahəsində fəaliyyətə başlayandan sonra xeyli müddət Prezident Administrasiyasında akkreditə olunmuş müxbir kimi çalışmışam və Ümummilli Liderin müxtəlif tədbirlərində iştirak etmişəm. Həmin illərdə mənimlə bərabər bu tədbirlərdə iştirak edən jurnalist həmkarlarımız həmişə Heydər Əliyevin – o böyük insanın jurnalistlərə xüsusi münasibətinin şahidi olmuşuq. Ulu Öndər imkan düşən kimi bizimlə təmas qurur, əhvalımızla, iş şəraitimizlə maraqlanır, problemlərimizin həlli ilə bağlı tapşırıqlar verirdi. Ümummilli Lider həmişə arzulayırdı ki, Azərbaycan jurnalistləri maddi cəhətdən təminatlı olsunlar, yaxşı yaşasınlar. Cənab Prezident, bu gün Siz həm də Ümummilli Liderimizin həmin arzularını reallaşdırmısınız.

Əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş və ənənəyə çevrilmiş mediaya dövlət dəstəyi siyasəti Sizin rəhbərliyiniz dövründə özünün ən yüksək zirvəsinə çatıb. Siz 2008-ci ildə “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı təsdiq edərək qarşıdakı dövr üçün Azərbaycan mediasının inkişaf istiqamətlərini müəyyənləşdirdiniz. 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu yaratmaqla mediaya dövlət dəstəyini sistem halına saldınız, onu şəffaflaşdırdınız. 2005-ci ildən başlayaraq Milli Mətbuat Günü hər il dövlət səviyyəsində qeyd olunur, redaksiyalara yardımlar ayrılır, yüzlərlə jurnalist dövlət mükafatları ilə təltif edilir, onlara fəxri adlar verilir. Qəzet kağızına qiymətlərin artdığı zamanlarda Siz redaksiyalara çox vacib olan əlavə yardım haqqında qərar qəbul etdiniz. Sizin bu yardımınız olmasaydı, kütləvi informasiya vasitələri arasında öz dəst-xətti olan və təmsil etdiyi xalqın, millətin, dövlətin yazılı salnaməsini yaradaraq gələcək nəsillərə çatdıran qəzetlər yəqin ki, bağlanmışdı. Çox şükürlər olsun ki, Sizin yardımınız nəticəsində Azərbaycan mətbuatı dövlətin yazılı salnaməsini yaratmaqda davam edir və böyük əminlik var ki, bundan sonra da davam etdirəcəkdir.

Biz həm də tövsiyənizlə qəzetlərin müxtəlif dillərdə on-line resurslarını yaradırıq və cəmiyyətin operativ məlumatlandırılması, Azərbaycan həqiqətlərinin daha tez və dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəmizi verməyə çalışırıq.

Cənab Prezident, bir vacib məsələyə də Sizin ali diqqətinizi çəkməyi özümə borc bilirəm. İyulun 4-də Ermənistan hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutması nəticəsində biri azyaşlı uşaq, biri yaşlı qadın olmaqla iki nəfər qətlə yetirildi, bir nəfər yaralandı, insanların mülkünə xeyli ziyan dəydi. Bu hadisə dünya miqyasında böyük əks-səda doğurdu və işğalçı dövlətin, ona rəhbərlik edənlərin əsl cani, faşist simasını beynəlxalq aləmə nümayiş etdirdi. Bizim apardığımız araşdırma onu deməyə əsas verir ki, beynəlxalq ictimaiyyətin belə güclü reaksiya verməsində Azərbaycan mediası da ciddi rol oynayıb. Çünki dünyanın Assosiated Press, Reuters, Le Monde, Euronews, BBC, Al-Jaazeera, TRT, Anadolu Agentliyi və digər bu kimi nüfuzlu KİV-lər ilk informasiyanı hadisə barədə operativ və ardıcıl məlumatlar yayan Azərbaycan mediasından aldılar, onu inkişaf etdirdilər və yüz milyonlarla insanın diqqətinə çatdırdılar. Əminəm ki, Siz Azərbaycan mediası vətənpərvər olmalıdır, haqq səsimizi dünyaya çatdırmağı bacarmalıdır deyəndə məhz belə fəaliyyəti nəzərdə tuturdunuz. Təbii ki, biz əlimizdən gələni edirik, amma şəxsən Sizin dəstəyiniz, diqqətiniz olmasaydı, bu işləri görmək mümkün olmazdı. Bütün bunlara görədir ki, Azərbaycan jurnalistləri, media ictimaiyyəti Sizi həmişə özünə yaxın dost hesab edib və bundan sonra da edəcəkdir. Əslində, bir media nümayəndəsi kimi əminliklə deyə bilərəm ki, Sizin səyləriniz nəticəsində bu gün güclənən, inkişaf edən və yeni uğurlar qazanan təkcə jurnalistika deyil, bütövlükdə dövlətimiz və cəmiyyətimizdir. Son illər Azərbaycan öz inkişaf göstəriciləri, beynəlxalq aləmdə nüfuzu ilə dillər əzbərinə çevrilib, ölkəmizə gələn turistlərin sayı artıb. Düşünürəm ki, Azərbaycana gələn xarici qonaqları təkcə gözəl təbiətimiz, qonaqpərvərliyimiz cəlb etmir. Onlar həm də 1990-cı illərin əvvəllərində dağılmaq, dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmiş bir ölkənin 25 ildə yaratdığı möcüzəni öz gözləri ilə görmək istəyirlər. Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” kompleksi, Bakının, regionlarımızın yeni, müasir simasıdır onları cəlb edən. Siz həm də bu möcüzənin müəllifisiniz, cənab Prezident!

Cənab Prezident, Siz “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” devizinizi əməli fəaliyyətinizlə təsdiq etmisiniz. Bütün cəmiyyətimiz, o cümlədən də biz jurnalistlər bu siyasətin təntənəsindən bəhrələnirik. Hesab edirik ki, bu işlərdə Sizin ən yaxın köməkçiniz ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevadır. Bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada mərhəmət, humanizm, qayğıkeşlik kimi dəyərlərin ünvanına çevrilən Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın fəaliyyəti dövlətimizin həyata keçirdiyi sosial siyasətə xüsusi dinamizm gətirib və cəmiyyətimizdə sosial rifahın daha da yüksəlməsinə böyük töhfələr verir.

Siz hər zaman, hər yerdə, hətta ən mürəkkəb vəziyyətlərdə də Azərbaycanın maraqlarını, dövlətimizin mənafelərini müdafiə edirsiniz. Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi, nüfuzunun yüksəlməsi, ümummilli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış yeni vəziyyət də Sizin prinsipial, milli maraqlara hesablanmış siyasətinizin nəticəsidir. 2016-cı ilin tarixi aprel qələbəsi hər bir vətəndaşımızda, bütün dünya azərbaycanlılarında ruh yüksəkliyi yaratdı. İndi biz özümüzü güclü, öz sözünü deyən, mövqeyini müdafiə etməyi bacaran bir ölkənin vətəndaşları hesab edirik. Bu isə gələcəyimizlə bağlı daha nikbin olmaq üçün ciddi əsaslar yaradır. Biz inanırıq ki, bu gün Ali Baş Komandanı İlham Əliyev olan Ordumuzun gücündən, düşmənə vurduğu zərbələrdən yazan mətbuatımız, yaxın gələcəkdə daha böyük qələbələrdən yazacaq, işğal olunmuş torpaqlarımızdan reportajlar hazırlayacaq, düşmənin düşdüyü rəzil durumu vətəndaşlarımıza və bütün dünyaya çatdıracaq. Bütün Azərbaycan jurnalistləri bu xəbəri vermək arzusu ilə yaşayırlar. Biz harada oluruqsa-olaq, hansı addımı atırıqsa-ataq, məhz həmin günü düşünürük! Heç bir şübhəmiz yoxdur ki, Sizin rəhbərliyiniz, Ordumuzun gücü ilə çox yaxın vaxtlarda bu arzumuz da reallaşacaq.

Bu müqəddəs işdə Tanrı yardımçınız olsun, cənab Prezident!"

***

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədova çıxış edərək deyib:

"Möhtərəm, cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Bu gün, burada, jurnalistlərin peşə bayramı ərəfəsində, günləri kamera qarşısında, qəzet, kitab-dəftər arasında keçən jurnalistlərin yaşayacağı bu möhtəşəm binanın açılışında, Sizin qarşınızda çıxış etmək, nə gizlədim, həyəcanverici, o dərəcədə də qürurvericidir.

Cənab Prezident, Sizin bir dövlət başçısı kimi ölkəmizin hər bir vətəndaşına göstərdiyiniz böyük diqqət və qayğı hamımıza yaxşı məlumdur. Lakin mən öz şəxsi həyatımın timsalında konkret bir nümunə göstərmək istərdim. Səkkiz yaşım olarkən ailəmlə birlikdə doğulduğum, uşaqlığımı keçirdiyim Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən məcburi köçkün düşmüşəm. Yaşım az olsa da, o ağrılı, faciəli günlərin şahidi olmuşdum. 24 ildən sonra erməni vandallarının viranə qoyduğu həmin kənd Sizin böyük əzminiz, siyasi iradəniz sayəsində yeni həyatına qovuşdu. Bu gün az qala modern bir şəhəri xatırladan Cocuq Mərcanlı Qarabağa “Böyük Qayıdış”ın simvoluna çevrilib. Vaxtilə Cocuq Mərcanlıdan qaçqın düşən o körpə bir qız indi dövlətin bütün qayğısı ilə əhatə olunub və ev alır.

Bu gün mən kəndimizə qayıdışdan sonra həyatımın ən böyük növbəti sevincini yaşayıram. 255 jurnalist həmkarımla birlikdə bu yaraşıqlı binada – Jurnalistlər Evində mən də mənzil alıram. Jurnalistlər Evi! Jurnalistlər şəhərciyi! Elə bir ev və şəhərcik ki, pəncərədən baxanda dünyanın ən hündür bayraq dirəyindən asılmış müqəddəs bayrağımızın dalğalandığını görəcəyik. Elə bir ev ki, pəncərələri dünyanın ən böyük gölünə – Xəzərə açılır. Bu böyüklüklər yalnız fiziki, coğrafi anlamda qalmayıb, mahiyyətcə böyüklük, dərinlik daşıyır. O bayraq dirəyini Siz ucaltmısınız, o əzəmətli bayrağı ora kövrələrək Siz qaldırmısınız. Xəzəri əməkdaşlıq hövzəsinə Siz çevirmişiniz, cənab Prezident.

Bütün bunlar, Ümummilli Liderimizin müəyyənləşdirdiyi, Sizin isə yüksək səviyyədə davam və inkişaf etdirdiyiniz parlaq milli dövlətçilik siyasətinin təntənəsidir. Bu gün Siz yalnız jurnalistlər üçün ev tikdirmirsiniz, Siz ümumən qurucu, yaradıcı lidersiniz.

Prezident kimi ölkəmizi, Ali Baş Komandan kimi Silahlı Qüvvələrimizi, dünya azərbaycanlılarının lideri kimi dünyanın hər yerindəki soydaşlarımızı, bir sözlə, AZƏRBAYCAN adına, vətəndaşlıq ruhuna aid olan bütün mənəvi ünvanları alovlu vətənpərvərliklə sevməyin örnəyini yaradırsınız. Sizin əlinizdən yaşayacağımız mənzilin açarını almaq nə qədər bəxtiyarlıqdır.

Heç kəsə sirr deyil ki, Jurnalistlər Evində, jurnalistlər şəhərciyində yaşayacaq, içi mən qarışıq, çoxumuz paytaxtımızın önəmli gələcəyi olan bu məkanda təmirli ev almaq üçün ancaq xəyallar qura bilərdik... Siz xəyalları gerçək edən dövlət başçısı oldunuz. Şübhəsiz ki, burada yaşamağın mənəvi dəyəri maddi dəyərindən qat-qat yüksəkdir.

Bu evdə yeni qonşuluqlar, yeni qohumluqlar yaranacaq, qızlar köçürüləcək, gəlinlər gətiriləcək, övladlar dünyaya gələcək... və bu ünvanda yaşanacaq bütün gözəlliklərin savabı məhz Sizin adınıza yazılacaq, cənab Prezident.

Təməlini qoyduğunuz və getdikcə genişlənən jurnalist şəhərciyində Azərbaycanın bəlkə gələcək qurucuları da dünyaya gələcək, böyüyəcək, bağçaya və məktəbə gedəcək, sağlam tərbiyə alacaq, öz xalqına və dövlətinə xidmət göstərəcəklər. Onlar da bu günü məmnuniyyətlə xatırlayacaqlar və “mən Prezident İlham Əliyevin jurnalist valideynlərimə bağışladığı evdə doğulmuşam” söyləyəcəklər. Bu işlərlə Siz adınızı müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazdırdınız, cənab Prezident!

Bu şəhərcik sakinlərinin təbii əsaslarla formalaşdıracağı yaradıcı mühitin məhsulu olacaq yeni-yeni əsərlər, kitablar jurnalistikamızı, söz sənətimizi, bir sözlə, mədəniyyətimizi zənginləşdirəcək.

Siz, cənab Prezident, bu gün yalnız mətbuatımıza, jurnalistlərimizə dəstək vermirsiniz, həm də “keçmişə ehtiram, bu günə dəyər, gələcəyə inam” düsturu ilə milli jurnalistikamızın yeni zirvələri fəth etməsi üçün öz yüksək ziyalılığınız, kübar nümunənizlə mənəvi standartlar yaradırsınız və geniş üfüq cızırsınız.

2001-ci ildə ulu öndər Heydər Əliyevin jurnalistlərlə bir görüşünü xatırlayıram. O səmimi görüşü efirdən izləmişdim. Ulu Öndər həmin görüşdə Azərbaycan Prezidenti kimi mətbuat azadlığının təminatçısı olduğunu xüsusi vurğuladı. Bu gün Siz həmin missiyanı şərəflə davam etdirirsiniz. 2005-ci ildə “Əməkdar jurnalist” adını bərpa etdiniz, həmin dövrdən sonra yüzlərlə jurnalistə fəxri adlar və dövlət mükafatları verdiniz. Bu gün “Jurnalistlərin dostu” seçilməyiniz qətiyyən təsadüfi deyil. 2010-cu ildə həmin mükafatın təqdimat mərasimində jurnalistlərin dostu olmağın böyük şərəf olduğunu və məsuliyyət yaratdığını bildirdiniz. Biz də çox xoşbəxtik ki, Sizin kimi xeyirxah bir dostumuz, dünyada böyük nüfuz və söz sahibi olan Prezidentimiz var.

Sizinlə hər bir görüş, bizdə ruh yüksəkliyi, işləmək əzmi yaradır. Ölkəmizin son illər əldə etdiyi mühüm nailiyyətlər də bizim jurnalist kimi öz missiyamızı həvəslə, şövqlə yerinə yetirməyimizdə böyük rol oynayır. Çünki indi Azərbaycan dünyada böyük nüfuza malik olan ölkələrdəndir. Məmləkətimiz artıq beynəlxalq tədbirlərin, forumların, yarışların keçirildiyi məkandır. Biz mühüm beynəlxalq tədbirləri işıqlandırarkən ölkəmizə gələn əcnəbilərin əksəriyyəti ilə ünsiyyətdə oluruq, müsahibələr götürürük. Sevindiricidir ki, əcnəbi qonaqlar Azərbaycanın sürətli inkişafına, iqtisadi uğurlarına, xüsusən paytaxtımızın təmizliyinə, gözəlliyinə, təhlükəsizliyinə, xalqımızın qonaqpərvərliyinə, qədim və müasir memarlığın özünəməxsus harmoniyasına heyranlıqlarını gizlədə bilmirlər. Bütün bu böyük uğurlara müasir Azərbaycanın qurucusu Heydər Əliyevin layiqli davamçısı kimi Sizin misilsiz fəaliyyətiniz, məqsədyönlü siyasətiniz sayəsində nail olunub.

Onu da qeyd etmək yerinə düşər ki, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da Sizinlə birlikdə xalqımızın rifahı naminə yorulmadan çalışır, qədim və zəngin mədəniyyətimizin dünyada təbliği işinə böyük töhfələr verir. Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin həyat şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi mühüm tədbirlər, icrasına başlanılan sosial layihələr cəmiyyətimizin hər bir üzvü tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanır. Biz jurnalistlər isə Azərbaycan naminə, xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirilən layihələri, tədbirləri işıqlandırmaqdan və təbliğ etməkdən hədsiz zövq alırıq.

Bir daha, Sizə, zati-aliləri, ev verdiyiniz Azərbaycan Televiziyasının 20, bütövlükdə ev alan 90-na yaxın teleradio işçisi və veteranı adından könül dolusu minnətdarlığımızı yetirir, şərəfli işinizdə böyük uğurlar diləyirik. Allah Sizi və xalqımızı qorusun".

***

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək deyib:

"Möhtərəm cənab Prezident.

Əziz dostlar, dəyərli həmkarlar.

Bugünkü hadisənin əhəmiyyəti barədə dolğun fikir yürütmək üçün çox düşündüm. İlk baxışdan asan olmayacağını bilirdim. Ancaq indi, burada 255 jurnalistin, o cümlədən 20 jurnalist ailəsinin gözlərindəki hədsiz minnətdarlığı, ruh yüksəkliyini müşahidə edərkən anlayıram ki, cənab Prezident, Sizin jurnalistlərimizə bəxş etdiyiniz bugünkü sevinci heç bir sözlə ifadə etmək mümkün deyil.

Bəli, peşəsindən asılı olmayaraq hər bir insanın, o cümlədən hər bir jurnalistin mənzil sahibi olması, öz doğma ocağının istisinə sığınması, rahat məkanda yaşayıb-yaratması çox vacibdir. Düşünürəm ki, Bakının bu gözəl guşəsində, belə möhtəşəm binada dövlətimizin başçısının misilsiz hədiyyəsinə layiq görülmüş qələm sahibi fəaliyyətinə verilmiş bu yüksək qiyməti həyatı boyu unutmayacaq.

Cənab Prezident, Azərbaycan jurnalistlərinə belə böyük, heyrətamiz sevinc hissini yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildirir və mediamıza verdiyiniz yüksək dəyərdən son dərəcədə məmnun olduğumuzu tam səmimi şəkildə ifadə edirik. Biz bilirik ki, beynəlxalq aləmin diqqətini cəlb edən bir çox məsələlərdə olduğu kimi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində atdığınız addımlar da dünyada ilk təcrübədir.

Möhtərəm cənab Prezident, Siz jurnalistlərlə dostluğa sadiqliyinizi dəfələrlə sübut etmisiniz. Bu, bizim üçün son dərəcə vacibdir. Ancaq bizim Sizinlə dostluğumuzu şərtləndirən amil təkcə milli jurnalistikamızın inkişafına göstərdiyiniz diqqət və qayğı ilə bağlı deyil. Məlumdur ki, həqiqi jurnalist cəmiyyətin nəbzini tutur, ölkədə və dünyada baş verən hadisələri insanlara çatdırır, onu öz təfəkkürünə və dünyagörüşünə uyğun şəkildə süzgəcdən keçirir, təhlillər aparır. Bəs 25 illik müstəqillik tarixinə malik dövlətimizin keçdiyi inkişaf yolunu qiymətləndirən jurnalist hansı gerçəklikləri görür?

Mən həm Sovet dövrünü, həm müstəqilliyimizin ilk illərini, həm ümummilli lider Heydər Əliyevin, həm də Sizin Azərbaycana rəhbərlik etdiyiniz mərhələləri yaşamış bir qələm sahibi kimi haradan başlayıb hara gəldiyimizi aydın görürəm və həqiqətən bu günümüzün reallığı ilə qürur duyuram.

Azərbaycan dövləti bütün məsələlərə sistemli yanaşır, hər bir konkret sahə ilə bağlı müvafiq dövlət proqramları qəbul olunur və icra edilir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu 1995-ci il Konstitusiyasında demokratik azadlıqların təsbit olunması və daha sonra 1998-ci ildə senzuranın ləğvi bu yanaşmanın əsasını təşkil edir. Siz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasətini yeni dəyərlərlə zənginləşdirdiniz. Bu gün “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” kimi fundamental sənədimiz var, mediaya dövlət dəstəyini həyata keçirən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu uğurla fəaliyyət göstərir. Bu dəstəyin, diqqət və qayğının nəticəsidir ki, jurnalistikamız nüfuzlu və aparıcı peşəyə çevrilib, bu sahəyə güclü axın var. Ən əsası, Sizin müəyyən etdiyiniz istiqamətlərə uyğun olaraq, Azərbaycan mediası qarşısında duran ən mühüm vəzifənin həyata keçirilməsi - Azərbaycanın haqq səsinin dünyaya çatdırılması sahəsində ciddi uğurlar əldə etməyə başlayıb.

Ancaq etiraf etməliyəm ki, jurnalistikamızın uğurları Sizin rəhbərliyinizlə ölkəmizin əldə etdiyi nailiyyətlərdən təəssüf ki, xeyli geri qalır. Bu gün Azərbaycanın adı bütün dünyada tanınır və hörmətlə çəkilir. Paytaxtımız Bakı dünyanın ən gözəl şəhərlərindən birinə, mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrilib. Magistral, şəhərlərarası, kəndlərarası yollar ən müasir standartlara uyğun yenidən qurulub. Baxın, regionlarımıza nə qədər turist axını var. Çünki Azərbaycanın bölgələri öz müasirliyi, gözəlliyi, zəngin infrastrukturu ilə diqqəti cəlb edir. Ümumdünya iqtisadi böhran illərində belə Azərbaycanda əhalinin sosial tələbatı ən yüksək səviyyədə təmin olundu. İqtisadiyyat dirçəlib, kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlər yüz minlərlə insanın işlə təmin olunmasına, məhsul bolluğu yaranmasına və ölkənin ixrac potensialının yüksəlməsinə şərait yaradıb. XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizi Azərbaycanın enerji strategiyasına yeni nəfəs verib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub qlobal nəqliyyat dəhlizlərinin yaradılmasında ən fəal ölkələrdən biridir və faktiki olaraq bu layihələrin təkanverici qüvvəsidir.

Bu gün Azərbaycan güclü, istənilən vəzifəni icra etməyə qadir olan orduya malikdir. 2016-cı ilin aprel hadisələri – bu tarixi və şanlı qələbəmiz, ən əsası isə, Sizin, cənab Prezident, qətiyyətli, cəsarətli addımlarınız, prinsipial mövqeyiniz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əminliyi artırıb.

Dünyada multikulturalizm mərkəzi və tolerantlıq məkanı kimi tanınan ölkəmizdə bütün xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır, heç bir milli-dini ayrı-seçkilik yoxdur. Bu gün dünyanı cənginə almış qlobal iqtisadi böhrana qarşı Azərbaycanın güclü immuniteti formalaşıb, planetin ayrı-ayrı bölgələrində qarşıdurma, müharibə, müxtəlif kataklizmlər fonunda ölkəmizdə təhlükəsizlik, sabitlik ən yüksək səviyyədə təmin olunub. Azərbaycan jurnalistləri bütün bunları Sizin düzgün, ölçülüb-biçilmiş idarəçiliyinizin nəticəsi kimi qiymətləndirirlər. BMT Təhlükəsizlik Şurasındakı təmsilçilikdən tutmuş əldə edilən hər bir uğurun qayəsini gərgin əməyiniz, misilsiz Vətən sevginiz təşkil edir.

Əlbəttə, qısa bir çıxışda Sizin rəhbərliyinizlə əldə etdiyimiz uğurları sayıb qurtarmaq mümkün deyil. Amma bütün bunlar həm Azərbaycan vətəndaşlarının, həm də dünya ictimaiyyətinin gözündə yeni Azərbaycan obrazını canlandırıb. İnkişaf, müasirlik, sosial ədalət, vətəndaşa diqqət və qayğı, güclü ordu, güclü və nüfuzlu dövlət – budur bu günün Azərbaycanı.

Hesab edirəm ki, ürəyi cəmiyyətin nəbzi ilə vuran hər bir jurnalist bu reallığı görür, onu yüksək qiymətləndirir. Bütün bunlara görədir ki, cənab Prezident, jurnalistlərimiz Sizi özlərinə dost hesab edir və mən əminliklə deyə bilərəm ki, bu, artıq əbədi dostluqdur.

Möhtərəm cənab Prezident, iki gün sonra Milli Mətbuatımızın yaranmasının 142-ci ildönümünü qeyd edəcəyik. Bu gördüyümüz möhtəşəm binanı həm də peşə bayramı hədiyyəsi kimi qəbul edirik. Jurnalistlərimiz Sizin sayənizdə zəhmətlərinin müstəsna bəhrəsini görürlər. Vətəndaş üçün dövlətinin, Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz. Jurnalistlərimizə bu hissi yaşatdığınıza görə çox sağ olun cənab Prezident. Sizə möhkəm cansağlığı, ölkəmizin çiçəklənməsinə yönəlmiş yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Bir daha təkrar etmək istəyirəm ki, Siz jurnalistlərimizin əbədi dostusunuz. 2017-ci ildə “Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi üçün keçirilmiş sorğunun nəticələri də bunu bir daha təsdiq edir".

Sonra Prezident Mətbuat Şurasının sədri Əflatun Amaşov “Jurnalistlərin dostu” mükafatını Prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.

Dövlət başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, bu binada 255 jurnalistə mənzil hədiyyə edilib. Onların arasında Gündəlik Teleqraf MMC-nin üç əməkdaşı da var.

***


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər