4 Avqust 2017 12:55
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ulu öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bu sahələrdə də, bütün digər sahələrdə də Azərbaycan tənəzzüllə qarşılaşdı, iqtisadi, sənaye potensialımız yavaş-yavaş aşağı düşməyə başladı və nəticədə müstəqilliyimizin ərəfəsində ölkə iqtisadiyyatı və sənayesi demək olar ki, çox ağır vəziyyətdə idi. Müstəqilliyimizin ilk illərində isə antimilli qüvvələr - AXC-Müsavat cütlüyü ölkəmizi demək olar ki, məhvə aparırdı. Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, eyni zamanda, onların səriştəsizliyi və savadsızlığı ucbatından ənənəvi kənd təsərrüfatı sahələri artıq tənəzzülə uğradı, sənaye istehsalı da həmçinin”.

Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev Qaxda keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, o vaxt inflyasiya min faizlərlə ölçülürdü və ölkənin perspektivləri çox qaranlıq idi: “Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra 1993-cü ildən başlayaraq ölkəmizdə sabitlik təmin edildi, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, qayda-qanun yaradıldı, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyuldu və Azərbaycan sabitlik dövrünə qədəm qoydu.

O vaxt əlbəttə ki, bizim böyük maliyyə imkanlarımız yox idi, Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı. Ona görə, ilk növbədə, ölkəmizi dünyada tanıtmaq, investisiyaları cəlb etmək məqsədi qarşımızda durmuşdu və biz bu məqsədə nail olduq. “Əsrin kontraktı”nın imzalanması bunun bariz nümunəsidir. O vaxt Azərbaycana böyük investisiya axınını təmin edən bu tarixi layihə ölkəmizin həyatında xüsusi rol oynamışdır. Eyni zamanda, sənaye istehsalı ilə bağlı çox ciddi addımlar atılmışdır. Xüsusilə o vaxt kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş qərarlar imkan verdi ki, kənd təsərrüfatı inkişaf etməyə başlasın. Kəndlilər, fermerlər yaxşı bilirlər ki, Heydər Əliyevin göstərişi ilə fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmişdir, torpaq islahatı aparılmışdır və inkişafa gedən yolda ilk addımlar atılmışdır. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, ona görə dövlət kənd təsərrüfatına öz maddi dəstəyini lazımi səviyyədə göstərə bilmirdi. Ancaq özəl sahibkarlıq, bazar iqtisadiyyatına keçid nəticəsində kənd təsərrüfatında inkişaf dövrü başlamışdır”.

***

2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib və bu proqramın ölkə tarixində çox böyük rolu vardır. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.
Dövlət başçısı qeyd edib ki, məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi: "2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq.
O vaxt qarşımızda duran əsas vəzifələr infrastruktur məsələlərini həll etmək idi. Yollarımız bərbad idi, elektrik enerjisi ilə özümüzü təmin edə bilmirdik, qaz təchizatı demək olar ki, bölgələrdə ümumiyyətlə yox idi, Bakının yarısı qazsız idi, meliorasiya ilə bağlı olan layihələr, sadəcə olaraq, kağız üzərində qalmışdı. Biz onları həyata keçirdik və infrastruktur məsələlərinin həlli nəticəsində bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır. Azərbaycanda tikilmiş 20-dən çox yeni elektrik stansiyası bu imkanları bizə yaratdı. Qazlaşdırma Azərbaycanda hazırda 93 faiz səviyyəsindədir və biz indi dünya üçün, Avropa üçün, qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişik. 2004-cü ildən bu günədək, yəni, 2017-ci ilə qədər 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salınmışdır, böyük meliorasiya layihələri icra edilmiş, Taxtakörpü, Şəmkirçay su anbarları, digər dəryaçalar yaradılmış, kanallar çəkilmişdir və bu proses bu gün də davam etdirilir. Qarşıda duran əsas məsələlərdən biri də fermerləri dayanıqlı su ilə təmin etməkdir".
Prezident bildirib ki, sosial infrastruktur yaradılıb, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib: "Eyni zamanda, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılmışdır. Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün iş tapa bilər. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək. Biz xalqımızı, dövlətimizi bu böyük bəlalardan qurtara bildik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər