Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir.
Teleqraf.com xəbər verir ki, bu münasibətlə Bakı Metropoliteni QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq.
Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə bu gün bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək.
Konsert proqramının afişasını təqdim edirik:
- “İçərişəhər” stansiyası – saat 12:00-13:30;
- “28 May” stansiyası – saat 13:00-14:30;
- “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30;
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:00-16:30.