22 Sentyabr 2017 12:50
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhərrəmliyin başlamasının inanc tərəflərinə toxunmuram. İslam dinində bu ay, onun günləri ilə bağlı fərqli dəyərləndirmələr var və insanların hüquq və azadlıqlarına zidd gəlməyən formada müəyyən dini, yaxud da qeyri-dini ritualların yerinə yetirilməsi hər kəsin özünə aid məsələdir.

Aşura günü də qanvermə aksiyasını dəstəkləyirəm, ictimai təşəbbüs kimi faydalı hesab edirəm. Təbii ki, digər xurafat, cəhalət elementlərini də bəyənmədiyimi ifadə edirəm. Bununla belə, bu ayın Azərbaycan cəmiyyətində bir müsbət cəhətini də etiraf etmək vacibdir.

Bu ay həm də bizim vəhşi, yaramaz, mədəniyyətdən uzaq toy mərasimlərimizə fasilə verildiyi və sağlam düşüncəli insanların çoxunun səbrsizliklə gözlədiyi bir aydır.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Fazil Mustafaya aiddir.

Deputat fikrini davam etdirərək bildirib ki, el adəti, yaxud din anlayışı üzrə Azərbaycan cəmiyyətinin müəyyən bir hissəsi bu ayda toy etməyi günah sayır, ancaq istər inancdan olsun, istər mövhumatdan olsun, bu anlayışın xalqımıza çox xeyri olduğunu düşünürəm: “Hardasa iki ay səs terrorundan, manıs hoqqabazlığından qurtulacaqsınız, bəylə-gəlinə maddi dəstək vermək əvəzinə toy dəllallarının cibini doldurmaqdan xilas olacasınız, günlərlə bu toydan o toya ötürülən salatlardan, kolbasalardan, mənşəyi bəlli olmayan ətlərdən hazırlanan kabablardan mədəniz korlanmayacaq, zirzəmidən doldurulan saxta araqlardan, sulardan içib rahatsızlaşmayacaqsınız, ailəvi istirahət üçün getdiyin toyda keflənmək yarışına girmiş, qadın bilmədən, uşaq bilmədən siqaret tüstülədən kişilərin mədəniyyətsizliyinin müşahidəsindən uzaq duracaqsınız, öz zövqü üçün deyil, başqalarına görünmək üçün dinqiş-dinqiş oynayan insan sürüsünə baxmaqdan gözünüz yorulmayacaq və s”.

Fazil Mustafa daha sonra bunları qeyd edib: “Mən anlayıram ki, insanlar övladları üçün, yaxınları üçün sevinməlidirlər, ancaq buna sevinmək üçün toy etmək deməzlər, özünə bilə-bilə toy tutmaq deyərlər.

Bu adət mütləq sadələşdirilməlidir, asanlaşdırılmalıdır, insanların soyulmasına, borca düşməsinə, əziyyət çəkməsinə rəvac verilməməlidir. Ailə həyatı quran gənclərə dəstək xarakteri daşımalıdır. Bizim ağıllanmamız tarix boyu nəsihətdən keçməmiş, mütləq və mütləq müsibətdən keçmiş.

Məhərrəmliyin də yaratdığı bu fasilədən nəsihət kimi yararlanmamızın nə zərəri ola bilər ki? Yası, toyu şöhrətpərəstlik, israfçılıq olan bir cəmiyyətin elmi də, təhsili də, düşüncə tərzi də, peşə məsuliyyəti də fərqli olmaz ki? Sevinməyimizin də, kədərlənməyimizin də ölçüsünü, səmimiliyini itirmişik. Dünyanın o başına, bu başına baxmayın, Azərbaycan ilk olaraq buradan düzəlməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər