25 Sentyabr 2017 12:09
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bir müddət əvvəl ləğv edilən cəza növü yenidən bərpa edilir.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclisə Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə edilməsi təklif olunur.

Yeni maddədə cəza növünün mahiyyəti açıqlanır. Maddəyə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur:
- yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
- elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;
- məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
- cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

Maddəyə görə məhkəmə məhkum üçün aşağıdakı vəzifələri müəyyən edə bilər:
- kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;
- alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək.

Azadlığın məhdudlaşdırılması 6 aydan 5 ilədək hesablanacaq.

Bildirilir ki, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə ilə hesablanır.

Qeyd edək ki. azadlığın məhdudlaşdırılması cəza növü 2011-ci ildə ləğv edilib və o vaxta qədər tamam başqa formatda olub.

Dəyişikliklər layihəsi yaxın günlərdə ictimai dinləmələrdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər